Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:53

Azərbaycan unundan xəmir niyə axır?


-

"Azərbaycanda hökumətin tələblərinə uyğun ərzaq buğdası demək olar ki, istehsal edilmir"

Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi elan edib ki, sentyabrın 1-cən yerli istehsalçılardan Dövlət Taxıl Fondu üçün buğda almağa başlayır.

Bu ildən etibarən fondun ehtiyatlarının illik həcmi 500 min tondan 750 min tonadək qaldırılıb.

İyul ayında buğdanın bir tonunun qiyməti 250 manat elan olunub. Növbəti ayda qiymətlər bazardakı duruma uyğun arta və ya azala bilər.

QEYRİ-MÜƏYYƏN VƏZİYYƏT

Hər il olduğu kimi, bu il də taxılçıları düşündürən məsələ taxılın qiyməti ilə yanaşı, həm də fondun ehtiyatlarının formalaşdırılması üçün onların məhsulunun alınıb-alınmayacağıdır.

Əvvəlki illərdə fermerlərin elevatorlara gətirdikləri buğda keyfiyyətin aşağı olması səbəbində geri qaytarılırdı.

2009-cu ildə Nazirlər Kabineti “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün yüksək keyfiyyət göstəricilərini müəyyənləşdirib.

Bu qaydalara görə, alaq otunun buğdada qarışığı 2 faizdən, başqa dənli bitkilərlə qarışığı - 5 faizdən çox ola bilməz. Buğdanın nəmliyi 13 faizdən çox, yapışqanlığı isə 23 faizdən az olmamalıdır. Qaydalarda başqa ciddi tələblər də yer alıb ki, bunlar da yerli buğdanın Dövlət Taxıl Fonduna gəlib çatmasına əməlli-başlı sipər çəkir. Mütəxəssislər bunu əsasən fermerlərin taxılın becərilməsi texnologiyasına lazımınca əməl etməməsi ilə əlaqələndirirlər.

HÖKUMƏTİN SƏRT TƏLƏBLƏRİ

Gəncədəki “Neon” firmasının sahibi və direktoru Arif Həsənov Azadlıq Radiosuna deyib ki, Azərbaycanda hökumətin tələblərinə uyğun ərzaq buğdası demək olar ki, istehsal edilmir:

“Bizim firmanın adı taxıl fondunun agentləri arasında olsa da, artıq neçə ildir ki, onların tələblərinə uyğun buğda ala bilmirik. Məsələn, “Qarabağ Taxıl” taxılçılıq şirkətinin istehsalı olan məhsul İDK deyilən normadan yuxarıdır, yəni bu taxılın unundan hazırlanan xəmir axır və qaydalara görə, buğdanın 5-ci sinfinə aid edilməlidir”.

Kürdəmirdəki “Aveta” MMC-də isə deyiblər ki, yerli taxıl tədarükü pis getmir. Burada taxıl fondu üçün gün ərzində 500-1000 ton yerli taxıl alırlar. Əsas təchizatçılardan biri isə “Kraun Ko.” MMC-dir. Bu şirkət Haramı düzündə 30 min hektar sahədə taxıl yetişdirib.

Dövlət Material Ehtiyatları Agentliyinin Səngəçalda və Gəncədə iki taxıl elevatoru var. Səngəçaldakı elevatorun direktoru Eldar Qalabəyov Azadlıq Radiosuna deyib ki, idxal olunan taxılla bərabər, yerli taxıl da alınır. “Gündə 10-15 maşın (hər biri 12-40 ton olmaqla) yerli buğda alırıq. Təchizatçılar buğdanın standartın tələblərinə uyğunluğuna dair sertifikat da təqdim edirlər”, deyə E. Qalabəyov bildirib.

Gəncədəki elevatorda isə deyiblər ki, bu il hələ yerli buğdanın alınmasına başlanmayıb.

“N.Quliyev adına Bakı-Taxıl” ASC taxıl fondu üçün yalnız anbar xidmətləri göstərir.

NAZİRLİK RAZILAŞMIR

Yerli buğda alan dəyirmanlar arasında “Abşeron taxıl” MMC də var. Şirkətin satış meneceri İntiqam Abdullayev Azadlıq radiosuna deyib ki, bu il “Gilan” MMC-nin təsərrüfatlarından 1200 ton, “Səba” ASC-dən isə 1000 ton taxıl məhz Dövlət Taxıl Fondunun ehtiyacları üçün alınıb.

Fermerlər fond tərəfindən taxılın satınalma qiymətləri ilə razılaşarlarsa, bu il fondda yerli taxıl heç də az olmayacaq”

Dövlət Taxıl Fondunda ötən il və bu il yerli taxıl alışının həcmi barədə Azadlıq Radiosunun sualına cavab verməyiblər.

Qeyd edək ki, Azərbaycanda ərzaq buğdası kimi əsasən Rusiya və Qazaxıstandan alınan buğdadan istifadə olunur. Hər il bu ölkələrdən 1,4-1,5 milyon ton buğda alınır.

Kənd Təsərrüfat Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov Azərbaycan fermerlərinin yetişdirdikləri buğdanın çörəkbişirmə sənayesində istifadə olunmasına yaramadığı barədə fikirlərlə razılaşmır.

O hesab edir ki, ölkədə istehsal olunan buğdanın 50 faizindən çoxu yüksək keyfiyyətlidir:

“Bu il buğdanın məhsuldarlığı əvvəlki ilə nisbətən 28,3 faiz artaraq hər hektardan 29 sentnerə çatıb. “Qarabağ Taxıl” MMC-nin taxıl sahələrində məhsuldarlıq 60 sentnerə çatır. Məhsuldarlıqla yanaşı keyfiyyət də artıb. Fermerlər fond tərəfindən taxılın satınalma qiymətləri ilə razılaşarlarsa, bu il fondda yerli taxıl heç də az olmayacaq”. Nazirliyin rəsmisi belə hesab edir.

XS
SM
MD
LG