Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 05:53

Günel Mövlud. Parisdə toplanmış bir dəstə insan...


Günel Mövlud
Günel Mövlud

-

"Brend xəstəsi olmağa həmişə pis baxmışam və pis də baxıram. Dəbə isə daha pis baxıram."

"O, əhatə olunmaq istədiyi gül-çiçəyi özü ilə gəzdirirdi."

Günel Mövlud

FRİDA, ANAM və MƏN

Geyim barədə fərqli fikirlər oxumuşam. Oxuduğum ədəbiyyat nümunərlərində, baxdığım filmlərdə geyim barədə hissələr mənə maraqlı gəlib.

Geyim məsləsində həmişə axtarışda olmuşam. Nə olur olsun, kim nə deyirsə desin, tendensiya nə olursa olsun, brendlər məni maraqlandırmayıb.

Brend xəstəsi olmağa həmişə pis baxmışam və pis də baxıram. Dəbə isə daha pis baxıram.

Sevdiyim filmlərdən birinin qəhrəmanı öz uşaqlığı ilə rastlaşır. Uşaqlığı ondan soruşur:

- Sən nə işlə məşğulsan?

- Mən imicmeykerəm.

- Bu, nə deməkdir?

- İnsanlara necə görünməyi, necə geyinməyi öyrədirəm.

- Deməli, sən insanlara özləri barədə yalan danışmağı öyrədirsən?

Kifayət qədər ciddi ittihamdır. Mən də razıyam. Dəb deyə bir şey yoxdur. Geyim barədə avtoritet fikirlərə tabeçilik var.

Sən imkan, icazə verirsən ki, Parisdə toplanmış bir dəstə insan sənin bu il nə geyinəcəyinə qərar versin. Bunun adı natamamlıqdır. Zövq köləliyidir.

Sevdiyim romanların ilk onluğuna düşən “Yüz ilin tənhalığı” (Q.Q.Markes) romanında sonuncu Amaranta böyük şəhərdən Makondoya qayıdır.

Makondo bir qəsəbə kimi tənəzzül dəvrünü yaşamaqdadır. Sivil dünya ilə əlaqələr kəsilməkdə, insanlar Makondonu tərk etməkdədirlər.

Amaranta özünə gözəl paltarlar tikir. Heç bir dəb jurnalından məsləhətləri oxumadan.

Amma necəsə ən yeni dəblə bağlı jurnalları əldə edəndə, məlum olur ki, ucqar qəsəbədə yaşayan Amaranta Ursulanın zövqü bütün dəb salonlarını qabaqlayıb.

Təkrar edirəm. Dəb yoxdur. Başqasının fikrindən asılılıq var.

Məşhur meksikalı rəssam Frida Kalonun öz uslubu var. Bu üslubu ona heç bir dəb jurnalı diktə etməmişdi. O özünün daxili ovqatını, içindəki rəngləri, əhatə olunmaq istədiyi gül-çiçəyi özü ilə gəzdirirdi.

Saçlarını canlı çiçəklərlə yığır, uzun, enli, rənglərlə dolu paltarlar geyinir, rəngli və müxtəlif ölçülü muncuqlar taxırdı. Onun hər paltarında, hər görünüşündə hiss olunurdu ki, bu qadının daxili dünyası nə qədər rənglidir.

Ona görə də, təsadüfi deyil ki, həyat yoldaşı, məşhur rəssam Diyeqo Riveyra ona demişdi:

- Mən qaydalarla, sən isə ürəyinlə çəkirsən.

Zövq deyilən bir şey yoxdur. Daxili dünyanın, ovqatın ifadəsi var. Adam dəbdir deyə deyil, könüllü olaraq, qara geyimi seçirsə, deməli, daxili dünyasında şən deyil, rahat deyil.

Anamın 50-dən çox yaşı var. Onun geyindiyi zərli, qaşlı, muncuqlu paltarları mən heç vaxt özümə icazə verməmişəm. Ona isə dəfələrlə irad tutmuşam.

Kifayət qədər bahalı, yaxşı, keyfiyyətli amma saya paltarlar alanda da, o bəyənməyib. Ucuz da olsa, o, zərli, qaşlı geyinmək istəyir. Və deyir:

- Mən istəyirəm ki, parıldayım. Məni görsünlər. O dəqiqə görsünlər.

Bu sadə, amma onun daxili dünyasını, ovqatını dəqiq göstərən cümlələrin fərqinə yalnız ən sevincli günlərimdə vardım. Bu, o günlər idi ki, mən istəyirdim üstümdə çoxlu rənglər, güllər olsun.

Hətta saçlarıma, qulaqlarıma rəngli lələklər taxmaq istəyirdim. Onda anladım ki, geyim, ümimiyyətlə, nə dəb, nə də zövq məsələsidir. Geyim - daxili dünyanın səsidir.

Dünyanın ən bahalı, ən zövqlü hesab edilən paltarını geyinmiş ola bilər adam. Amma əgər bu paltarın rəngi, ölçüsü, tərzi insanın ovqatı, içi ilə üst-üstə düşmürsə, o paltar adama yaraşa bilməz.

Geyim - bizim özümüz barədə danışdıqlarımızdır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG