Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:04

Beynəlxalq Banka sədrlik uğrunda mübarizə


ABB-nin mərkəzi binası. Arxiv fotosu.
ABB-nin mərkəzi binası. Arxiv fotosu.

-

«Azadlıq» qəzeti 7 iyul tarixli sayında Azərbaycan Beynəlxalq Banka hələ də sədr seçilməməsunə toxunub. Qəzet yazır ki, «Azərbaycan Beynəlxalq Bankı» ASC-nin Müşahidə Şurasının növbəti iclasında gözlənirdi ki, Beynəlxalq Bankın Idarə Heyətinin yeni sədri seçilsin: «Lakin gözləntilər özünü doğrultmadı. Idarə Heyəti üzvlərinin səlahiyyət müddəti 22 iyul 2015-ci il tarixinədək uzadılsa da, sədr seçilməyib: «Hazırda Beynəlxalq Bank «kredit qalmaqalı» ilə gündəmdədir. Onlarla oliqarx bankdan götürdükləri külli miqdarda kreditə görə DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb. Onlardan bəziləri kredit borclarını ödədiyinə görə sərbəst buraxılsa da, bəziləri barəsində həbs-qətimkan tədbiri seçilib. Indiyə qədər baş verənlər barədə ictimaiyyətə rəsmi məlumat verilməyib.

Beynəlxalq Banka yeni sədr seçilməsinin yubanmasına gəlincə, bəzi məlumatlara görə, bu, sözügedən posta bir neçə namizədin olması ilə bağlıdır. Bildirilir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov və maliyyə naziri Samir Şərifov bu bankı nəzarətlərində saxlamaq üçün öz adamlarının Idarə Heyətinin rəhbərliyinə gətirilməsinə çalışırlar. Məhz bu mübarizə sədr seçilməsinin yubanmasına səbəb olub. Hələlik isə sədr vəzifəsini Idarə Heyəti sədrinin müavini Elman Mustafayev icra edir», - qəzet yazır.

«Atamın əfv siyasına düşəcəyinə inamım yoxdur»

Müsavat başqanının müavini, hazırda həbsdə olan Tofiq Yaqublunun qızı Nigar Yaqublu «Yeni Müsavat» vaxtsız itirdikləri bacısı Nərgizdən sonra yaşantılarını anladıb.

Nigar Yaйublu.
Nigar Yaйublu.

Nigar Yaqublu deyir ki, bacısının yoxluğu həbsdə olan atasını çox üzür: «Elə bu gün (bazar günü - red.) ata ilə görüşdüm. Nərgizin yoxluğu onu çox üzür. Bəlli etməməyə çalışsa da, ancaq bəzən bu mümkün olmur. Havaların çox isti olması oradakı məhbuslar üçün əlavə bir işgəncədir. Məlum həbsxananın rejim qaydaları bunu deməyə əsas verir. Üstəlik də həbsxana daş karxanalarının ortasında yerləşdiyindən küləkli havada orada nəfəs almaq daha da çətin olur. Tozdan göz gözü görmür. Ata da astma xəstəsi olduğundan belə vəziyyət onun sağlamlığına daha da mənfi təsir göstərir.

- Əfvlə bağlı gözləntiləri varmı?

- Ümumiyyətlə, əfvlə bağlı heç bir gözləntim olmayıb heç vaxt. Hətta bu məsələ gündəmə gələndə belə bu söhbətlərə inanmamışam. Və hər dəfə də bu öz təsdiqini tapıb. Düşünürəm ki, yəqin yeni ildə azad edərlər siyasi məhbusların bir qismini. Ancaq onların arasında atanın olacağına o qədər inamım yoxdur. Tofiq Yaqublunu azad etmək üçün xeyli fürsətlər olub. Düşünürdüm ki, Nərgizdən sonra yəqin onu həbsxanaya qaytarmazlar. Ən azından insanın acısına sayğı duyarlar. Ancaq reallıq onu göstərdi ki, bunlardan heç bir insanlıq gözləməyə dəyməz».

Məhkum hakim: «Məni həbs ediblər»

«MeydanTV» Bakı Ağır Cinayətlər Məhkəməsinin sabiq hakimi, hazırda həbsdə olan Həsən Əliyevin ölkə başçısı İlham Əliyevə açıq məktubunu yayıb. Keçmiş hakim deyir ki, onu yüksək vəzifəli bir məmurun göstərişi ilə həbsə atıblar: «Guya mən həmin yalançı biznesmeni, «görkəmli iş adamını» icra başçısı təyin etdirmək adı ilə aldadaraq, külli miqdarda pulunu əlindən almaqla, ona qarşı dələduzluq etmişəm».

Keçmiş hakim, Həsən Əliyev
Keçmiş hakim, Həsən Əliyev

Həsən Əliyev yazır ki, ibtidai və məhkəmə istintaqları zamanı ona qarşı irəli sürülən ittiham yetərincə sübutunu tapmayıb.

«Cənab Prezident! Həmin məmurun qorxusundan nə prokurorluq, nə də məhkəmə orqanları obyektiv araşdırma aparmır, faktsız və sübutsuz, 1937- ci illəri xatırladan ədalətsiz və qanunsuz qərarlar çıxarır, Cinayət Prosessual və Mülki Prosessual qanunvericiliyinin, Konstitusiyanın tələblərinə zidd olan, insan hüquq və azadlıqlarının pozulması sahəsində məhkəmə təcrübəsində analoqu olmayan qərarlar qəbul edirlər», -deyə sabiq hakim Avropa Oyunları ərəfəsində ölkənin imici xatirinə susmağa məcbur qaldığını, indi isə haqq-ədalət istədiyini bildirir.

Qabiliyyət, yoxsa pul imtahanı

«Bizim yol» qəzeti yazır ki, V ixtisas qrupunu seçən abituriyentlər qabiliyyət imtahanında pul tələbi ilə üzləşməkdən qorxurlar: «Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet səhifəsində 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin ixtisasları üzrə qabiliyyət imtahanlarının cədvəli açıqlanıb. İmtahanlar 19 iyul - 4 avqust tarixləri aralığında Bakıda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, Azərbaycan Milli Konservatoriyasında, Bakı Musiqi Akademiyasında, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Bakı Xoreoqrafiya Akademiyasında, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında həmçinin Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şirvan şəhərlərində keçiriləcək. Bəs qabiliyyət imtahandan keçmək üçün yalnız qabiliyyət yetərlidirmi? Yoxsa abituriyentləri qorxudan şayiələr həqiqətdirmi? «Hörmət» və ya tanışlıqla imtahandan keçmə hallarının qarşısını necə almaq olar?»

Təhsil eksperti Nadir İsrafilov da «bizimyol.info»ya açıqlamasında bildirdi ki, qabiliyyət imtahanlarında rüşvətin olması barədə danışılır. Ancaq bununla bağlı hər hansı rəsmi açıqlama və ya göstərici yoxdur: «Problem də elə bundadır. Mən həmişə demişəm ki, qabiliyyət imtahanlarının əleyhinəyəm. Əvvəllər bu imtahanlar ayrı-ayrı ixtisaslar üzrə idi. Bu ildən isə 5-ci qrupu yaradaraq bütün qabiliyyət tələb edən ixtisasların imtahanlarını bura keçirdilər. Bununla da yeni qaydalar yaratdılar ki, 5-ci qrupda iştirak edən 3-də iştirak edə bilər və s. Bu qaydaları o qədər qarışdırdılar ki, bütün abituriyentlər çaş-baş qaldı. Ümumiyyətlə, «qabiliyyət» sözü nə deməkdir? Mən bunu dərk edə bilmirəm. Qabiliyyətsiz insanın universitetdə nə işi var? Hesab edirəm ki, aktyorluq, rejisorluq, jurnalistika, musiqi alətlərində ifa və bu kimi digər ixtisaslar üçün əlavə qabiliyyət imtahanına ehtiyac yoxdur. Lütfəli Abdullayev, Nəsibə Zeynalova və onlar kimi məşhur sənətkarlar qabiliyyət imtahanı veriblər? Bizim neçə-neçə görkəmli jurnalistlərimiz olub. Onlar hamısı qabiliyyət imtahanı veriblər?»

Azərbaycanda Kosmik Hava Mərkəzi

Yap.org.az yazır ki, Şamaxı Astrofizika Rəsədxanasında Günəş teleskopları modernləşdirilir, Kosmik Hava Mərkəzi formalaşdırılır: «Bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi və təşkilatçılığı ilə Bakı şəhərində «Günəş və Günəş tipli ulduzların dəyişkənliyi: astroseysmologiyadan kosmik havaya qədər» beynəlxalq konfransda məlumat verilib».

Sayt yazır ki, son onilliklər ərzində ilk dəfədir ki, Azərbaycanda Günəş fizikası üzrə belə bir mühüm tədbir keçirilir: İyulun 8-dək davam edəcək konfransda Günəş fizikası və Günəş-Yer əlaqələri sahəsində ən son yenilikləri əks etdirən icmal məruzələr dinləniləcək, müzakirələr aparılacaq. Konfransda bildirilib ki, son illər azərbaycanlı alimlər həm Günəş, həm də kosmik hava təsirləri (Günəş və geomaqnit fəallığının və kosmik şüalar selinin texnoloji sistemlərə, bioloji strukturlara, o cümlədən, insan sağlamlığına təsiri və s.) üzrə intensiv tədqiqatlar aparır, dünyanın bir sıra ölkələrindən olan həmkarları ilə səmərəli əməkdaşlıq edirlər. Alimlərimizin elmi məqalələri yüksək impakt faktorlu, indekslənən xarici jurnallarda dərc olunur, onlarla istinadlar verilir».

XS
SM
MD
LG