Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:25

“Bank of Azerbaijan” 1 ildir əmanətləri qaytara bilmir


-

“Bank of Azerbaijan” bir ilə yaxındır ki, əhalinin əmanətlərini qaytara bilmir.

Bankdan bir səs çıxmadığını görən çarəsiz əmanətçilər artıq Mərkəzi Bankın binasına üz tutmağa başlayıblar, amma bu qurumdan da şad xəbər eşitməyiblər.

Adının çəkilməsini istəməyən əmanətçilərdən biri AzadlıqRadiosuna deyir:

“Mənə bu pul çox lazımdır. Hərdənbir pul olanda çağırıb 200-300 manat qaytarırlar, vəssalam”.

Bankda pulu qalanların sayı yüzdən çoxdur.

Əkrəm Həsənov
Əkrəm Həsənov

Bank üzrə ekspert Əkrəm Həsənov deyir ki, Sovet hökuməti çökəndən sonra - keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında batan pullarından sonra bu ilk böyük əmanətçi-bank qarşıdurmasıdır: “”Royal bank”la bağlı belə bir problem yaranmışdı, amma Mərkəzi Bank qısa müddətdə müdaxilə etdi və problem həll olundu”.

“Hafka”

Disput.az internet saytında açılan forumda - əmanətçilərin forumunda vətəndaşların nigaran şərhləri yer alıb: “Deyirlər ki, bankın sahibi pulları götürüb qaçıb”.

Bəs bankın sahibi kimdir?

İnkişaf etmiş ölkələrdə bu halda məhkəmə bankı “müflis” elan edir və əmanətləri sığortalayan qurum əmanətçilərin tələbini ödəyir.

Bu suala məlumatlı bakılılar düşünmədən cavab verirlər: “Hafka”.

“Hafka” nəqliyyat naziri Ziya Məmmədovun biznez ortağı Hafiz Məmmədovun ləqəbidir. Bu biznes əlaqələri haqda bir az sonra.

“Bank of Azerbaijan”ın internet saytında olan məlumatlarda bankın səhmdarları aşağıdakı kimidir:

Məmmədov Kənan Hafiz oğlu

21,817.500 AZN (43.63%)

Məmmədov Sənan Hafiz oğlu

21,817.500 AZN (43.63%)

Məmmədov Mübariz Məcid oğlu

6,030.000 AZN(12.07%)

NEM Holdinq

335.000 AZN(0.67%)

Kənan və Sənanın Hafiz Məmmədovun oğlanları, Mübarizin isə Hafiz Məmmədovun qardaşı olduğu bildirilir.

Bankın hazırkı iqtisadi durumunun əslində necə olduğunu öyrənmək olmur, çünki maliyyə hesabatları sonuncu dəfə 2013-cü ildə təzələnib.

Hərçənd, Mərkəzi Bankın tələblərinə görə bu məlumatlar azı hər rüb sayta qoyulmalıdır.

Mərkəzi Bank konflikti dondurub

Əmanətçilərin bəzilərinin məhkəməyə müraciət etdiyi haqda məlumatlar var. Amma məhkəmənin onlara faydası dəymir. Bank eksperti Əkrəm Həsənov bu haqda deyir:

“İnkişaf etmiş ölkələrdə bu halda məhkəmə bankı “müflis” elan edir və əmanətləri sığortalayan qurum əmanətçilərin tələbini ödəyir. Azərbaycanda isə qanunda boşluqlar var, məhkəmə Mərkəzi Bankın rəyi olmadan “müflis”lik haqda qərar verə bilmir. Mərkəzi Bank isə nədənsə susur. Əslində, Mərkəzi Bank bu bankın lisenziyasını çoxdan ləğv etməli idi”.

Əkrəm Həsənov deyir ki, indiki halda Mərkəzi Bank nə bankı “müflis” elan etmir, nə də banka kredit verib, onun əmanətləri qaytarmağına kömək etmir.

Mərkəzi Bank AzadlıqRadiosunun informasiya sorğusuna cavab verməyib, “Bank of Azerbaijan”ın ofisində telefonları qaldırmırlar.

Bank of Azerbaijan”ın məmurlara bağlılığı

Anar Məmmədov
Anar Məmmədov

2013-cü ildə AzadlıqRadiosunun araşdırması üzə çıxarmışdı ki, həmin ilin yanvarına qədər "Bank of Azerbaijan"ın səhmlərinin 81 faizi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsus olub, daha sonra Anar Məmmədov payını satıb və bank Hafiz Məmmədovun əlinə keçib.

Amma Hafiz Məmmədov (Soyadlar eyni olsa da, Ziya Məmmədovla eyni nəsildən olması sübut olunmayıb) da özgəsi deyil, nəqliyyat nazirinin biznes ortağıdır.

Beynəlxalq Bakı Avtovağzalının tikintisini də iki ailə birgə gerçəkləşdirib – Hafiz Məmmədovun Bağlan Group-una daxil olan Arcon MMC və Ziya Məmmədovun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi ZQAN holdinq.

“Bank of Azerbaijan” nəqliyyat biznesində həyata keçirilən az qala bütün maliyyə əməliyyatlarını monopoliyaya alıb.

30 ilin sürücüsü Elman Məmmədov AzadlıqRadiosuna deyib ki, taksi sahiblərinin hamısı lisenziya və vergilərini Bank of Azerbaijan-da ödəməyə məcbur edilir.

“Bank of Azerbaijan” “sindromu” keçicidirmi?

Ekspert Əkrəm Həsənov deyir ki, bəli: “Tədbir görülməsə, əmanətçilər başqa banklardan da pullarını geri çəkəcəklər”.

Geri çəkilmə isə artıq başlayıb.

Mərkəzi Bankın rəsmi məlumatına görə may ayında banklardakı əmanətlərin ümumi məbləğində 116 milyon manat azalma baş verib. Əvvəlki ayda bank əmanətləri 64 milyon, martda isə 151 milyon manat aşağı düşmüşdü. Müşahidəçilər bunu banklara olan inamın azalması kimi qiymətləndirir.

Əkrəm Həsənova görə, “Bank of Azərbaijan”ın problemi odur ki, problemli kreditlərin (qaytarıla bilməyən) həcmi çox olub - borc götürənlər pullarını qaytara bilməyiblər.

Belə kreditlərin həcmi isə artır. Mərkəzi Bankın fevralın 1-nə olan məlumatına görə, banklara qaytarılmayan kreditlərin həcmi 1 milyard 30 milyon manata çatıb. Bu, ümumi kredit portfelinin 5.5 faizi həcmindədir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 200 milyon manata yaxın artım var.

Hərçənd, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Təşkilatı (OCCRP) araşdırıb ki, Azərbaycandakı 8 bankın arxası bərkdir - (bu yalnız sənədlərlə sübut olan banklardır) prezident İlham Əliyevin ailəsinə bağlıdır.

Bunlar Paşa Bank, Kapital Bank, Express Bank, Azərbaycan Sənaye Bankı, Xalq Bank, Silkway Bank, VTB Bank, ATA Bank-dır.

XS
SM
MD
LG