Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:45

Bakıda tualet üçün ticarət mərkəzinə gedirlər


-

"Tualetimiz yayda sərin olur, gözəl qoxuları var. Musiqi proqramı səslənir, maraqlı kliplər göstərilir.

Hətta tualetdə bir neçə dəqiqəyə girib çıxan adam orda istirahət eləmiş olur"

“Birinci mərtəbədə işləmək bezdirdi məni. Bilirsiz nə qədər adam gəlir? Təmizləyib çatdırmaq olmur. Müdiriyyət də bizdən səliqə-səhman tələb edir. Yolda kimi tutdu, bura gəlir. Pulsuz olanda belə olur də”...

Deyinə-deyinə tualet təmizləyən xadimə Bakıdakı iri ticarət mərkəzlərindən birində işləyir. Deyir, bura ancaq tualet ehtiyacını ödəməyə gələnlərin sayı alış-verişə, əylənməyə gələnlərdən qat-qat çoxdur. Az sonra bayaqdan dalınca deyindiklərinə ürəyi də yanır:

“Neyləsin yazıqlar, buralarda başqa tualet yoxdur də, kol-kosa eləməyəcəklər ki...”

TUALET ÜÇÜN KİNOTEATRA...

Bakıda tualet problemi sovet dövründən qalıb desək yanılmarıq. Ancaq deyəsən o vaxtlar durum lap qəlizmiş, indiki kimi ticarət mərkəzləri olmadığından təbii ehtiyacın ödənməsi üçün ağıla müxtəlif fəndlər gəlirmiş:

“Bir gün tanışımız Əliş kişini yolda tualetə getmək tutur. Kişi ora-bura baxır, tualet tapmır. Axırda məcbur olub yaxınlıqdakı kinoteatra girir.

Ancaq kimdi Əliş kişini elə-belə tualetə qoyan. Kişi ilk başlayacaq seansa bilet alır. Kinoya baxmaqçün yox aaa, tualetə getmək üçün.

Bileti verir, zala yox, tulaetə girir. Çıxanda da deyir ki, “hə, düz deyirmişlər, tualet mədəniyyət imiş”...” Bakı sakini Ağababa Qarayevin danışdığı lətifə deyil.

Dövrünün tualet probleminə bir misaldır. Ancaq deyir indi də, o vaxtkı kimi olmasa da, Bakıda bu problem var:

“Əvvəllər burda da tualet vardı. Neçə illərdir ləğv eləyiblər. Mən tualetə getmək üçün kafeyə, restoranlara gedənlərdən deyiləm. Pullu tualet olmalıdır. Bulvarda tualet var. İndi mən burdan ora piyada getməliyəm. Ya da gərək taksi tutasan”...

Baki sakini Tamerlan Mehdiyev şəhərdə əvvəllər olub sonra yoxa çıxan tualetlərin birindən danışır. Fəvvarələr Meydanındakı tualetdən. 2010-cu ildə buranın əsaslı təmirindən sonra tualet də ləğv olundu. İndi də onu soraqlayanlar var.

TUALETDƏ MUSİQİ SƏSLƏNİR, KLİPLƏR GÖSTƏRİLİR

Ancaq son illər pullu tualetlər də salınır. Bu baxımdan Bakı bulvarı öncüllük edir. Ən çox tualet bulvar ərazisində tikilib. Bakı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyir ki, həmin tualetlər yüksək standartlara cavab verir:

“Bakı bulvarında hər 500 metrdən bir yerin altında həm qadınlar, həm kişilər üçün xüsusi işarələrlə göstərilən, ən yüksək səviyyədə tərtib olunmuş tualetlər var. Yayda sərin olur, gözəl qoxuları var. Musiqi proqramı səslənir, monitorlar var, müəyyən maraqlı kliplər göstərilir.

Hətta tualetdə bir neçə dəqiqəyə girib çıxan adam orda istirahət eləmiş olur, özünü çox rahat hiss edir. Qışda da isti olur. Hər zaman şampunlar, sabunlar, tualet kağızları, qadn tualetlərində körpə uşaqları soyundurub-geyindirmək üçün xüsusi stollar, şərait, hər şey var.”

Elə müştərilər də razı görünür:

“Yaxşıdır, təmizdir, iy gəlmir, səliqəlidir”.

Bakı bulvarındakı ictimai tualetə girişin qiyməti 30 qəpikdir.

AVROPA OYUNLARININ GƏTİRDİYİ TUALETLƏR

Avropa Oyunları vaxtı qurşadırılıb sonra götürülən tualet
Avropa Oyunları vaxtı qurşadırılıb sonra götürülən tualet

Bakı şəhər İcra Hakimiyyətinin məlumatına görə, Avropa Oyunları ərəfəsində Bakıda 30 səyyar tualet quraşdırılıb.

Onlardan çoxu oyunlardan sonra yığışdırılıb. Şirvanşahlar Sarayına gedən yolda qapısı qıfıllı səyyar tualet də götürülüb. Ancaq hələ də yerində qalan səyyar tualetlərdən biri Sahil bağındadır. İki nəfərlikdir, qiyməti 30 qəpikdir. Burda işləyən qadın deyir ki, istifadə edənlər elə də çox deyil:

“Bu, daşınan tualetdir. 15-20 gün olar açılıb. İstənilən yerə aparımaq olur. Gələn o qədər də çox olmur, suyu, təmiziliyi yaxşıdır”.

İradə xanım
İradə xanım

Avropa Oyunları ərəfəsində metronun "Koroğlu" stansiyasının yaxınlığında da tualet açılıb. Burda çalışıan İradə Behbudova deyir ki, müştərilər çoxdur, qiyməti də onlar müəyyənləşdirib:

“Əvvəllər tualet adına şifer vardı. Kişilər şiferin arxasına gedirdi. İydən-qoxudan adam ölürdü.

Bunu tikənin Allah köməyi olsun. Gələnlər hamısı deyir ki, “sağ olsun bunu tikən”. Görün nə qədər adam var burda. Hamıya lazımdır. Ehtiyac həddən artıq çox idi. Qiyməti də ki, 30 qəpik yazıb vurmuşuq, ancaq demək olar ki, hamı 20 qəpik verir”.

“CAMAAT HARA GETMƏLİDİR, BOSTANLARA, BAĞLARA?”

Yolu" Koroğlu" metrostansiyasından düşənlərin tualet sarıdan bəxti daha çox gətirib. Belə ki, mərkəzdən uzaqlaşıdqca nə pullu, nə də pulsuz tualetlər gözə dəyir.

Azadlıq prospektində qarşılaşdığımız Sənubər Əliyeva deyir ki, mərkəzdən kənarda yaşayanları tualetsizlik problemi həmişə narahat edir:

“Buralarda ayaqyolu yoxdur. Hər şey tikirlər, ayaqyolundan başqa. Gərək durub neçə kilometr yol gedəsən. Bu camaat hara getməlidir, bostanlara, bağlara?”

XS
SM
MD
LG