Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:38

Halal turizm – qapalı hovuz, yelkənlə bağlanmış dəniz...


-

«Ay xanım, inciməyin, həmişə sizin kimi qapalı geyinən qadınlara baxanda fikirləşirəm ki, görəsən siz yayda dənizə gedirsiz? Gedəndə necə, dənizə hansı geyimlə girirsiz? Siz Allah, xətrinizə dəyməsin, sadəcə maraqdan soruşuram».

Bunu isti yay günlərində Bakıdakı parkların birində orta yaşlı, qolsuz paltar geymiş, yelpiklə özünü tez-tez yelləyən qadın yanında oturan qapalı geyimli, başını bağlamış gənc qadından soruşur. Gənc qadın gülümsünür: - «Niyə inciyirəm, dənizə də gedirəm, çimirəm də, uzanıb günəş də qəbul edirəm».

Qapalı qadınlar üçün qapalı hovuz da var, qapalı dəniz də

O, danışdıqca ortayaşlı qadının gözlərində «necə» sulları yaranırdı. Gənc qadın deyir ki, artıq 3 ildir həyat yoldaşı, 3 uşağı ilə birlikdə Türkiyədəki istirahət yerlərində dincəlir. «Qapalı hovuz da var, hətta bizə görə qapalı dəniz də. Orda belə otellər çoxdur. Allah qoysa, Ramazan bayramından sonra bu il də Antalyada dincəlməyi planlaşdırırıq».

Qapalı xanımın sözlərinə görə, tanıdığı neçə dindar ailə var ki, belə istirahət yerlərini seçirlər.

Azərbaycanın çimərlik olan istirahət mərkzələrində belə istirahət yerləri yoxdur.

Turizmin halalı?

Hazırda halal turizm Malaziyada, Bəhreyndə, Misirdə və Türkiyədə inkişaf etməkdədir.

Türkiyədə isə bu biznesə artıq 3-4 ildir başlanılıb. Adına "halal turizm" deyirlər. Dünyanın neçə-neçə ölkələrindən qatı müsəlmanlar belə istirahət yerlərini seçirlər. Halal turizm sertfikatı almaq üçün onlarla otel növbə gözləyir.

Mərkəzi Malaziyada yerləşən Dünya Halal İttifaqının prezidenti Ahmet Gelir bildirib ki, halal turizmi daha da inkişaf etdirməklə Türkiyə 2023-cü ildə 50 milyon turist hədəfinə çata bilər. Onu da deyib ki, halal turzimə sərmayə qoymaqla və turizmin bu növünü tanıtmaqla Türkiyə 10 milyard dollar gəlir ədə edə bilər.

80-ə yaxın halal otel

Türkiyə halal turizmlə məşğul olan onlarla otel var. Bu otellər müştərilərinə təkcə alkoqolsuz içki təklif etmirlər. Ancaq qadınların daxil ola biləcəyi qapalı hovuzlar, qapalı çimərliklər, məscidlər var. Əyləncə proqramları da islami qaydalara uyğunlaşdırılır. Əgər 2002-ci ildə Türkiyədə ancaq 5 belə otel olubsa, indi onların sayı 80-ə yaxındır.

Bu otellərin müştərilərinin çoxu xaricdən gələnlərdir. Bura başıaçıq, ancaq kişilərin olmadığı yerdə istirahət etmək istəyən qadınlar da dincəlir.

Halal otelin kriteriyaları

Bu cür otellərdə qadınlar və kişilər üçün ayrı hovuz və çimərliklər olur. Spa mərkəzləri də qadınlara və kişilərə gör ayrılır. Alkoqollu içkilər verilmir. Bütün qida və əşyalar halal standartlarına uyğun istehsal olunur. Ramazan ayında müştərilər üşün orucdan sonra dənizdən istifdə etmələri üçün çimərliklər işıqlandırılır.

Türkiyədə halal sertfikatı almış ilk otel isə Antalyanın Alanya bölgəsindəki Adena otelidir.

Otel rəhbərliyi bildirir ki, Adenya otelində əgər hər hansı bir yerdə qadınlar bölməsi yazılıbsa, «ora erkək ağcaqanad da girə bilməz». Qadınlar üçün beş hovuz var. Hovuzlarda mahnı oxuyub rəqs edən qadınları görmək olur. Burdakı qadınlar adi çimərliklərdə qadınların geydiyi açıq çimərlik paltarları geyinirlər. Çünki yad göz olmadığından qapalı çimərlik paltarına ehtiyac duymurlar. Bu oteldə qapalı dəniz də var. Qumu Misirdən gətirilib. Sahil dənizə açılır, dəniz 5-10 metrəlikdir. Bəs dənizi necə qapadırlar? Dənizin qarşısı iri yelkənlərlə kəsilib. Qadınlar rahat dənizdə də çimirlər.

Çimərlik – ancaq qadınlar üçün

Otellərdən başqa indi Antalyada bələdiyyə ancaq qadınlar üçün çimərlik də salıb. Bəzi qadın təşkilatları bunu ayrı-seçkilik sayıb etiraz aksiyaları keçirsə də 2014-cü ilin avqustunda həmin çimərlik açıldı.

Azərbaycandakı müsəlmanlara nə təklif edilir?

Azərbaycanda ölkə daxilində "halal turizm" deyilən anlayış yoxdur. Buna görə turizm şirkətləri Malaziya, Bəhreyn, Misir və Türkiyə otellərini təklif edir.

Bakıdakı «R&R Travel Company» şirkəti bu ildən Bakıda halal turizm təklif edən yeganə turizm şirkətidir. Şirkətin meneceri Tural Əliyev AzadlıqRadiosuna deyir ki, onlar yerli müştərilərilərə xarici ölkələrdə halal məhsullar, şəriət qaydalarına əsasən kəsilmiş heyvanlardan hazırlanan yeməkləri, xidmətləri olan otellər təklif edir: “Həmin otellərdə alkoqollu içkilər, dində haram sayılan qidalara rast gəlinmir. Budan başqa bu obyektlərin hamısında məscid, namaz otaqları var. Ekskursiyalarda islam tarixi ilə bağlı ziyarətlər təşkil olunur. Hətta şou proqramlar, əyləncələr də islamın əsas dəyərlərinə uyğun həyata keçirilir”.

4 nəfərlik ailə beş gecə 866 manata da istirahət edə bilər

Qiymətlərə gəldikdə, Tural Əliyev deyir ki, qiymətlər həmin otellərin ulduzlarından, neçə gecə qalmaqdan asılıdır. “Əvvəla bu halal otellərin də içərisində 5 ulduzlu, 4 ulduzlu, 3 ulduzlu otellər var. Qiymətlər fəsillərə, aylara görə də dəyişir. Məsələn, əgər iki valideyn və 2-6 yaşlı iki uşaq iyulun 20-dən 25-ə qədər 5 gecə 5 uldulzu Adenya otel üçün 2388 manat ödəməlidir. Antalyada 5 ulduzlu 1428 manata, Alanyada 1159 manat olan otellər də var. Dörd nəfərlik ailə üçün 3 ulduzlu otellərin qiyməti isə 866 manatdan başlayır”.

“Mən qapalı qadınam. Ancaq mən də dənzidə çimməyi, uşaqlarımla sahildə qumla oynamağı sevirəm. Buna görə də halal otellərə üstünlük verirəm”. Bunu sosial şəbəkədə hicablı qadınlardan biri yazmışdı. Başqa bir istifadəçi isə ona cavabında yazırdı: “Niyə də olmasın ki? Pulun varsa, dənzi də sənin çün qapanar”.

XS
SM
MD
LG