Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:48

Qənimət Zahidin qardaşı oğluna heroin ittihamı


Rüfət Zahidov
Rüfət Zahidov

-

Xaricdən yayımlanan və Azərbaycan hökumətini tənqid edən «Azərbaycan saatı» proqramının müəllifi Qənimət Zahidin qardaşı oğlu Rüfət Zahidova qarşı narkotik ittihamı irəli sürülüb.

Bu barədə AzadlıqRadiosuna saxlananın atası Fərasət Zahidov məlumat verib.

Rüfət Zahidovu polis iyulun 20-də Yasamal rayonunda işlədiyi şirkətdən aparıb. Atasının dediyinə görə, oğlu əvvəlcə Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsində saxlanıb, daha sonra Səbail rayon Polis İdarəsinə aparılıb:

«Guya cibindən və avtomobilindən 5 qram heroin götürüblər. Bu ittiham tam uydurmadır. Şərləyib tutublar, hazırda Kürdəxanıya göndəriblər. Nə hökm oxuyacaqlarını Allah bilir».

Rüfət Zahidova Cinayət Məcəlləsinin 234.4.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) maddəsi ilə ittiham irəli sürüldüyünü Turan-a hüquq mühafizə orqanları da təsdiqləyib.

İttiham təsdiqini taparsa, Rüfət Zahidovu 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

İyulun 21-də Şamaxıda Qənimət Zahidin əmisi oğlu Rövşən Zahidov da saxlanılıb. Xuliqanlıqda ittiham olunaraq 25 sutka həbs cəzası alıb.

Qənimət Zahid bildirib ki, bu həbslər ona «Azərbaycan saatı» proqramının yayımını dayandırması üçün təzyiq məqsədi daşıyır.

Ondan əvvəl isə baş redaktorun digər qardaşı oğlu Tural Zahidov polisə müqavimət ittihamı ilə həbs edilib. Ona 30 sutka verilib.

Fransada yaşayan Qənimət Zahid bildirib ki, bu həbslər ona «Azərbaycan saatı» proqramının yayımını dayandırması üçün təzyiq məqsədi daşıyır.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mövqeyini öyrənmək cəhdlərimiz baş tutmayıb.

XS
SM
MD
LG