Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:41

Bu qədər insanı intihar həddinə kim çatdırıb?


.

Evində asılmış tapılan iş adamı, polis şöbəsinin qarşısında özünü yandıran Qarabağ veteranı, eyni məktəbin şagirdlərinin müəmmalı intiharları, evinin sökülməsinə etiraz edib özünü odlamış “Sovetski” sakini...

Bunlar 2015-ci ildə qeydə alınan intihar hadisələridir.

Ötən 7 ayda baş verən intihar hadisələrini oğlunun həbsinə etiraz olaraq məhkəmə dəhlizində özünü doğrayan ananın fəryadı, kredit borcunu ödəyə bilməyib, son çıxış yolunu ölümdə görənlərlə davam etdirmək olar.

Azərbaycanda baş verən intiharların mediadakı məlumatlar əsasında təhlili onu göstərir ki, bu hadisələr əsasən ictimai, sosial səbəblərdən baş verir.

AzadlıqRadiosu yalnız online mediada dərc olunan və Daxili İşlər Nazirliyinin məlumatı əsasında 2015-ci ilin yanvar-iyul aylarında (iyulun 22-nə qədər) baş verən intihar hadisələri ilə bağlı məlumatları toplayıb. Məlum olub ki, ötən 7 ayda Azərbaycan mediası azı 50 intihar, 10 intihara cəhd hallarından yazıb. Ötən müddətdə daha 7 intihar hadisəsi isə orduda baş verib

7 AYDA 3 MƏKTƏBLİNİN İNTİHAR XƏBƏRİ...

2015-ci ilin ilk günləri – yanvarın 8-də 21 yaşlı “Sovetski” sakini Kamran Ağayevin yanmış cəsədi tapılıb. Yaxınları onun özünü plana düşən evlərinə görə ödənilən kompensasiyanın azlığına etiraz olaraq yandırdığını bildiriblər.

Hüquq mühafizə orqanları bu xəbəri təkzib edib, araşdırma aparıldıqdan sonra yekun rəy olacağını bildirmişdilər. Bununla bağlı hər hansı bir araşdırmanın aparılıb-aparılmadığı məlum deyil.

Araşdırmalardan sonra intihar səbəbinin açıqlanacağı deyilən ictimai əhəmiyyətli 4 hadisə fevral ayında baş verib. Beləki, fevralın 1-də Kürdəxanıda 113 saylı orta məktəbin 10-cu sinif şagirdi Əli Məmmədov asılmış vəziyyətdə tapılıb. Valideynləri onun özünü niyə öldürməsi ilə bağlı hər hansı ehtimalları olmayıb. Amma bildiriblər ki, bundan əvvəl Kürdəxanıdakı həmin məktəbin daha iki şagirdi də intihar edib.

Aprelin 5-də daha bir – 6-cı sinif şagirdi Ruslan Həsənov da asılmış vəziyyətdə tapılıb. Şagirdlərin “müəmmalı intiharı” ilə bağlı Kürdəxanı qəsəbə sakinləri arasında müxtəlif şayiələr dolaşırdı. Bununla bağlı hüquq mühafizə orqanlarının araşdırmaları haqda hər hansı məlumat yoxdur. Ümumiyyətlə, araşdırmanın aparılıb-aparılmadığı da bəlli deyil.

Fevral ayında daha bir məktəblinin intihar xəbəri Gədəbəy rayonundan gəlib. Gədəbəyin Arabaçı kənd sakini 11 yaşlı, 5-ci sinif şagirdi özünü asıb. Valideynləri onun özünü müəlliminin bütün sinif yoldaşlarının gözü qarşısında döyməsinə görə öldürdüyünü iddia edirlər. Məktəbin direktoru isə bunu təkzib edir. Yerli prokurorluq şagirdləri, müəllimləri dindirib, istintaqdan sonra intihar səbəbinin məlum olacağını deyirdilər.

İNTİHAR ADI İLƏ CİNAYƏT GİZLƏDİLİR?

Yuxarıda sadalanan hadisələrin hər biri ilə bağlı rəsmi istintaqın yekunları hələ bəlli deyil. Ona görə kimlərinsə özlərini öldürmələri, yoxsa, qətlə yetirilmələri barədə cürbəcür ehtimallar da səslənir.

Fevralda altı intihar hadisəsindən biri Tərtər Polis Şöbəsinin Müvəqqəti Saxlanma Təcridxanasında qeydə alınıb. Rəsmi məlumatda deyilir ki, 32 yaşlı, təqsirləndirilən Səbuhi Dünyamalıyevin saxlanandan 2 gün sonra özünü təcridxanada asıb.

Yaxınları isə bununla razılaşmır. Onun üzərində işgəncə izləri olduğunu əsas gətirərək, onun döyülərək öldürüldüyünü bildirirlər. Bununla bağlı Tərtər polisinin qarşısında etiraz aksiyası keçiriblər, ölüm faktının ədalətli araşdırılmasını tələb ediblər. Onlar intihar adı ilə cinayətin gizlədiliyini iddia edirlər.

Bu ilin martında Gəncə İstintaq Təcridxanasında hüquq müdafiəçisi Taleh Xasməmmədov özünə kəsici alətlə xəsarət yetirib. Ailə üzləri AzadlıqRadiosuna deyiblər ki, Taleh qanunsuz həbsinə etiraz olaraq, aclıq aksiyası edib, bunun nəticə vermədiyini görüb, intihara cəhd edib.

Oğlunun 9 il qanunsuz həbs edildiyini bildirən Elminaz Abdullayeva Ali Məhkəmənin dəhlizində özünə xəsarət yetirib. Polis və prokurorluğa etiraz edənlərdən biri də Qarabağ müharibəsi veteranı Mirtahir Mürsəlov olub. O, özünü Cəlilabad Polis şöbəsinin Göytəpə Bölməsinin qarşısında yandırıb.

Qanunsuz həbsə etiraz edənlərdən biri də məhbus anası Elminaz Abdullayeva olub. Oğlunun 9 il qanunsuz həbs edildiyini bildirən Elminaz Abdullayeva Ali Məhkəmənin dəhlizində özünə xəsarət yetirib.

Polis və prokurorluğa etiraz edənlərdən biri də Qarabağ müharibəsi veteranı Mirtahir Mürsəlov olub. O, özünü Cəlilabad Polis şöbəsinin Göytəpə Bölməsinin qarşısında yandırıb. Xəstəxanaya yerləşdirilsə də Mürsəlovun həyatını xilas etmək mümkün olmayıb. Onun hüquq mühafizə orqanlarına niyə etiraz etməsini, kimlərin və nəyə görə onu intihar həddinə çatdırması ilə bağlı da xəbər yoxdur.

Qanunsuz həbslə bağlı daha bir hadisə Bakıda qeydə alınıb. Bir nəfər “Lotus” Ticarət Mərkəzinin damına çıxıb, özünü atmaq istəyib. O, buna səbəb kimi qardaşının günahsız həbs edilməsini göstərib. Hüquq mühafizə orqanları onu damdan düşürüb, polis maşınına mindiriblər. “Yeni Müsavat” qəzetinin hadisə yerində olan əməkdaşı yazır ki, o, maşına minərkən qardaşının haqsız yerə həbsinə etiraz edib:

“Rafiq Məmmədov, Rafiq Məmmədov... mənim qardaşımın adı Rafiq Məmmədovdur. İndi o 12 saylı cəzaçəkmə müəssisəsindədir. Onu haqsız yerə tutub, zülm edirlər. Mən prezidentə müraciət edirəm”.

KREDİT BORCUNA GÖRƏ İNTİHAR EDƏNLƏR...

Media xəbərlərinə görə, 2015-ci ildə 6 nəfər kredit borcu və kasıblıq səbəbindən intihar edib. Martda 39 yaşlı Sabirabad sakini Cəbrayıl Həsənov özünü asıb.

“Azadlıq” qəzeti yazır ki, onun cibində ailə üzlərinə ünvanlandığı məktub tapılıb. Mərhum məktubda yazıb ki, maddi imkansızlıqdan, banklara olan borcunu qaytara bilmədiyindən intihardan başqa əlacı yoxdur. Cəbrayıl Həsənov son məktubundan yaxınlarından xərc çəkib, ona yas mərasimi qurmamağı xahiş edib.

Bu hadisədən cəmi dörd gün sonra daha bir nəfərin kredit borcuna görə intihar etməsi ilə bağlı xəbər yayılıb. Üç uşaq atası, 30 yaşlı Alim Qasımov özünü beton zavodunda asıb. İntihar etməzdən öncə kimlərə nə qədər borcu olmasını bir kağıza qeyd edib.

2015-ci ildə kredit borcuna görə intihar etdiyi iddia olunan 3-cü hadisə aprelin 6-da olub. 52 yaşlı İmişli sakini Rəşid Zalovun kredit və borclarına görə özünü öldürüdüyü deyilir.

Media iyunun 24-də, 53 yaşlı Məhəmməd Hüseynovun Azərbaycan Beynəlxalq Bankına olan kredit borcunu ödəyə bilmədiyindən özünü öldürüyünü yazır.

İyulda isə Beyləqan sakini Cahangir Ağayev “Accessbank”ın İmişli filialının qarşısında üstünə neft tökərək, intihara cəhd edib. Hadisə şahidləri AzadlıqRadiosuna deyiblər ki, o həm də bankın əməkdaşının üstünə neft töküb. Səbəb də odur ki, bankın əməkdaşı onun evinə gəlib və gecikdirdiyi kredit borcunu ödəməsini tələb edib.

Yuxarıda adları sadalanan şəxslərin həqiqətən kredit borcu olub-olmaması ilə bağlı Mərkəzi Bank hər hansı açıqlama verməyib. Amma iyulun 9-da Tərtər çayı üzərindəki körpüdən özünü asan 23 yaşlı Elşad Dadaşovla bağlı bankın açıqlaması olub. Mərkəzi Bank bildirib ki, Elşad Dadaşovun adına kredit borcu olmayıb.

İNTİHAR EDƏN VƏ YA İNTİHAR ETDİYİ DEYİLƏN SAHİBKARLAR...

2015-ci ildə baş verən hadisələr arasında sahibkarların “intihar” halları diqqət çəkir. Martda Goranboy sakini 45 yaşlı Fizuli Qasımov öz iş otağında ölü tapılıb. Rəsmi məlumatda onun silahdan atəş açaraq özünü öldürüldüyü deyilir. Tikinti materiallarının satışı şirkətinin rəhbəri olan işadamının yaxınları bu xəbəri təkzib edir, onun öldürüldüyünü bildirirlər. Ailə üzvləri tərəfdaşlarından birinin ona 500 min manat borcunu qaytarmadığını və buna görə də mübahisəsi olduğunu iddia edirlər.

Azərbaycan mediası yazır ki, Fizuli Qasımov 1992-ci ildən biznes qurub, müstəqilliyin ilk dövrləri işi uğurlu olub. Amma sonradan onun rəhbəri olduğu “Goranboy Gips” ASC-nin payları zorla əlindən alınıb və Azbentonit şirkətinə verilib. Azbentonit Şirkəti Nəqliyyat Naziri Ziya Məmmədovunun oğlunun rəhbərlik etdiyi ZQAN (indiki Grant) Holdingə daxildir.

EVİNDƏ ASILMIŞ TAPILAN İŞ ADAMI...

2015-ci ildə ən çox səs salan hadisələrdən biri – Azərbaycanda bir mənzili bir neçə şəxsə sataraq, 4,5 milyon manat mənimsəməkdə ittiham olunan iş adamı Məzahir Cəfərovla bağlı olub. Məzahir Cəfərov iyunun 20-də öz evində asılı tapılıb. Bu hadisədən təxminən 2 ay öncə M.Cəfərova qarşı baş prokurorluq ittiham irəli sürüb. Həmin iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsindən hazırlanan reportajda deyilir ki, Məzahir Cəfərov “STS” və “Sahil D Company”nin direktoru olub. Onun imzası ilə eyni mənzil bir neçə nəfərə satılıb. Məzahir Cəfərov isə yalnız bu şirkətlərin direktoru olub, şirkətlərin sahibləri isə tamam başqalarıdır.

Bunlar 2015-ci ildə baş verən intihar və ya intihara cəhd hallarından bir neçə nümunə idi. İlkin məlumat yayılarkən prokurorluq bu işlərin hər biri ilə bağlı Cinayət Məcəlləsinin “intihar həddinə çatdırma” maddəsi üzrə iş başlanıldığını, araşdırmalar aparıldığını deyib. Amma istintaqın gedişatı, kiminsə məsuliyyətə cəlb edilib, edilməməsi ilə bağlı məlumat yoxdur.

“İNTİHAR HƏDDİNƏ ÇATDIRMA”DA İTTİHAM OLUNAN “İLK” MƏHBUS

Jurnalistin vəkilləri Ədliyyə Nazirliyinə informasiya sorğusu ilə müraciət edib, intihar həddinə çatdırma maddəsi ilə kiminsə məsuliyyətə cəlb edilib, edilmədiyini öyrənməyə çalışıblar. Amma Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq bu sualları cavabsız qoyub.

Hələlik, “intihar həddinə çatdırma” maddəsi üzrə bir nəfərin məsuliyyətə cəlb edilməsi ictimaiyyətə məlumdur. Bu, AzadlıqRadiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılovadır.

Dekabrın 5-də həbs olunan jurnalistin iyulun 24-də ilk hazırlıq iclasıdır. O, Tural Mustafayev adlı bir nəfəri intihar həddinə çatdırmada ittiham olunur. Tural Mustafayev sonradan şikayət ərizəsini geri götürsə, Xədicəyə qarşı ifadə verməyə məcbur edildiyini bildirsə də, istintaq bunu cinayət işinə xitam verilməsinə əsas bilməyib.

Jurnalistin vəkilləri Ədliyyə Nazirliyinə informasiya sorğusu ilə müraciət edib, intihar həddinə çatdırma maddəsi ilə kiminsə məsuliyyətə cəlb edilib, edilmədiyini öyrənməyə çalışıblar. Amma Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq bu sualları cavabsız qoyub.

AzadlıqRadiosu 2014-cü ildə baş verən intihar hadisələri haqda da kiçik araşdırma etmişdi.

2014-cü ilin sonlarında dərc olunan həmin araşdırma ilə bağlı Baş Prokurorluğa göndərilən informasiya sorğusuna hələ də cavab yoxdur.

XS
SM
MD
LG