Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:40

AZAL manata yox, avroya üstünlük verir


AZAL
AZAL

-

«Yeni Müsavat» qəzeti yazır ki, «Azərbaycan Hava Yolları» Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) qiymətləri endirməsi barədə açıqlaması narazılıqla müşayiət olunur.

Ekspertlər bildirirlər ki, endirim barədə qərar ciddi olmamaqla bərabər, ictimaiyyəti çaşdırır.

Digər ölkələrlə və aviaşirkətlərlə qiymət fərqi isə yenə də müqayisədə AZAL-ın üstünlüyü olmadan yekunlaşır:

«Qiymət azaltması ictimai rəyi yumşaltmağa və sakitləşdirməyə hesablanmış addımdır. Qiymətlərin avro ilə müəyyən edilməsi isə təkcə qanun pozuntusu deyil, həm də manata olan güvənsizlik işarəsidir. Yəni AZAL cəmiyyətə bir mesaj verir ki, Azərbaycan manatına güvənmək olmaz. Azərbaycan manatının məzənnəsi oynaya bilər, milli valyuta dəyərdən düşə bilər».

ƏLİYEVİ NİYƏ EŞİDƏN YOXDUR?

«Azadlıq» qəzeti də AZAL mövzusunu davam etdirir. «Əliyevi niyə eşidən yoxdur» sərlövhəli məqalədə deyilir ki, hər dəfə ölkə başçısının iclaslarından sonra müəyyən müzakirələr aparılır. Ümid yaranır və bir müddətdən sonra ümidlər puça çıxır:

«Bu mənada ölkə başçısının sonuncu müşavirəsi daha genişmiqyaslı oldu və xeyli həssas məqamlara toxunuldu. Adamlar bu qərar gəldilər ki, AZAL-ın biletlərindən tutmuş, turizmin inkişafına qədər xeyli sahələrdə yumşalmalar olacaq. Artıq bu müşavirə öz «bəhrə»sini verməkdədir.

AZAL analoqu olmayan islahatlar apararaq cəmi dörd ölkəyə bilet qiymətlərini azaltdı. Əvəzində isə 5 kilodan artıq yük aparanlara «sürpriz» elədi. Deməli, bilet qiymətlərinin əvəzini yükdaşıma ilə sığortaladı. Əslində müşavirədən əvvəlki vəziyyət daha sərfəli idi».

Manat
Manat

BANKLAR ƏHALİDƏN YÜZ MİLYONLARI GERİ ALA BİLMİR

«Bizim Yol» bankları çətin duruma salan rəqəmləri araşdırıb. Qəzet yazır ki, problemli kreditlərin həcmi bir neçə ayda dəfələrlə artıb, problemdən çıxış yolu isə yoxdur.

«Hətta bəzi banklarda belə borclarda artım iki dəfəyə yaxındır».

BAĞLANAN MARŞRUTLAR NƏ VAXT AÇILACAQ?

ANS yazır ki, Avropa Oyunları ərəfəsində ləğv edilmiş bəzi marşrutlar bərpa edilməyib: «Oxşar problem paytaxtın bir çox məhəllələrində yaşanır. «Bakı Sərnişinnəqliyyat» MMC-dən Avropa Oyunları ərəfəsində yayılan məlumatda bildirilirdi ki, 10 marşrutun fəaliyyəti dayandırılıb: 1, 14, 20, 25, 53, 69, 86, 90, 125, 194

İstiqaməti dəyişən marşrutlar - 2, 15, 120, 70 və 82 saylı avtobuslardır.

Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə ANS-ə bildiriblər ki, bəzi marşrutların bağlı qalması bir müddət davam edəcək. Verilən məlumata görə, hazırda marşrutların optimallaşdırılması üzrə işlər gedir və bəzi marşrutlara kondisionerli yeni avtobuslar buraxıla bilər.

Nəqliyyat üzrə ekspert Azər Allahverənov bu cür açıqlama ilə razılaşmır: «Əvvəl marşrutlar açılmalıdır. Nəqliyyat Nazirliyinin hər hansı bir optimallaşma istəyi varsa, qoy, ondan sonra tətbiq edilsin».

XS
SM
MD
LG