Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:40

Əliyevin qəzəbinin 3 səbəbi


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

.

Siyasi təhlilçilərin bir çoxu hesab edir ki, İlham Əliyev vətəndaş cəmiyyətinə və tənqidçilərinə qarşı indi hər zaman olduğundan daha qəzəblidir. Nədir bu qəzəbi artıran, hakimiyyəti sərtləşdirən?

Əvvəlcə son 10-15 gün ərzində baş verənləri xatırlayaq.

Tənqidçi media “Meydan TV”nin direktoru Emin Milli hakimiyyətin ondan qisas almaq üçün qayınını həbs etdiyini bildirir. Emin Millinin xanımının qardaşı Nazim Ağabəyovu bugünlərdə polis narkotik maddələr saxlamaq ittihamı ilə həbs edib, haqqında 4 aylıq həbs qərarı çıxarlıb.

Başqa bir tənqidçi media - “Azərbaycan saatı”nın rəhbəri Qənimət Zahid də ailə üzvlərinin saxlanmasını, 85 yaşlı anasının evində axtarış aparılıb, onunla əlaqə saxladığı komputerinin götürülməsini məhz özünü fəaliyyəti ilə əlaqələndirir. Azərbaycanın hakimiyyət təmsilçiləri hələlik bu ittihamlara hər hansı şərh verməyib.

ReAl hərəkatının həbsdəki sədri, prezidentliyə keçmiş namizəd İlqar Məmmədova qarşı hücumu və bu hərəkatın Şəki məclisinin sədrinin saxlanmasını təşkilat özünün son günlər aktivləşməsi, son aylar 12 rayonda görüş keçirməsi ilə bağlayır.

Həbsdəki jurnalist Xədicə İsmayılın məhkəməsi kiçik zalda keçirildi, iclasda bacısı üçün belə yer tapılmadı. Halbuki, adətən iclaslarda ayaq üstə qalan məhkəmə nəzarətçiləri bu dəfə oturmuşdular. Tənqidçilər bunu məhkəmə iclasında daha az adamın iştirak edə bilməsi üçün bilərəkdən edildiyini dedilər.

Hüquq müdafiəçiləri Leyla Yunus və Arif Yunusun məhkəmə iclasında da jurnalistlərin çoxu, vətəndaş cəmiyyəti fəalları iştirak edə bilmədilər.

Vətəndaş cəmiyyəti fəalları hər keçən gün özlərini daha da sıxılmış hiss etdiklərini deyirlər. Hərçənd, prezident Əliyev Azərbaycanın demokratik dəyərlərə sadiq olduğunu bəyan edir.

Bu mövzuda söhbət etdiyimiz təhlilçilər prezident İlham Əliyevin qərarlarına əsasən 3 amilin təsir etdiyini deyirlər:

I. Pul

Bunlardan birincisi neftin qiymətinin dünya bazarında ucuzlaşmasıdır. Təhlilçilərə görə Büdcəsinin 50%-dən çoxu neft gəlirlərindən formalaşan Azərbaycan sistemi çətinliklə üz-üzədir. Onlar möhkəmliyi hökumətin fəxr yeri olan manatın fevralda 33,5% ucuzlaşmasını ilk büdrəmə hesab edirlər.

Bizimlə söhbətdə təhlilçilər xüsusilə vurğulayırlar ki, prezidentin qəzəbi təkcə vətəndaş cəmiyyətinə yox, həm də öz məmurlarına qarşı yönəlib. Hökumətin ilin ilk 6 ayında fəaliyyətinin yekunlarına həsr olunan müşavirədə prezidentin məmurlara qarşı barmaq silkələməsini sosial şəbəkələrdə "dövlət başçısı müxalifət lideri kimi danışmağa başlayıb" - deyə şərh edənlər oldu.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Politoloq Zərdüşt Əlizadə hakimiyyətin qəzəbinin əsas səbəbi kimi elə məhz pulun azalması amilini görür: “Səbəb çox sadədir- Hamının pulu qurtaranda qəzəbli olur. Pul nə vaxt artacaq, qəzəb də azalacaq”.

İqtisadi proqnozlar isə dünya bazarında neftin qiymətinin hələ uzun müddət 2014-cü ilin əvvəlindəki həddə - bir barrel üçün 90 dollar həddinə qalxmayacağını deyirlər.

Tənqidi media layihələrinə qarşı basqının artmasını da müşahidəçilər bu səbəblə əlaqələndirirlər.

Ərəstun Oruclu
Ərəstun Oruclu

Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, iqtisadi böhran olan vaxtı istənilən tənqidi media hakimiyyət üçün təhlükədir, amma TV-lərin rəhbərlərinə təzyiq çıxış yolu ola bilməz: “İndi internet dövrüdür. İstənilən vaxt hakimiyyəti tənqid edən yeni bir vebsayt yaratmaq mümkündür. Bu prosesin qabağını almaq olmaz. Gərək internetə çıxışı qadağan edəsən, bu isə ölkəni cəngəlliyə çevirmək olardı”.

II. Qərb "qorxusu"

Bir müddət əvvəl Bakıda, prokurorluqda dindirilənlərdə belə bir rəy var idi ki, hakimiyyət Ukraynada baş verən siyasi dəyişikliyin Qərbin əli ilə Azərbaycanda da təkrarlanacağınan ehtiyatlanır.

Müşahidəçilər bunu ikinci səbəb kimi göstərir və son 10 gündə baş verənləri eyni qorxunun davamı kimi göstərirlər.

Dövlətin nəzarətində olan informasiya vasitələrində Qərbi və xüsusilə də ABŞ-ı Azərbaycanda hansısa hakimiyyət çevrilişi planları qurmaqda ittiham edən məqalələrdən sonra ABŞ-ın Bakıdakı səfirliyi bu fikri təkzib edən bəyanat verdi.

Prezident Administrasiyanın rəhbəri Ramiz Mehtiyevin keçən ilin dekabrında dərc olunan məqaləsi 5-ci kolondan, rəngli inqilablardan bəhs edirdi.

Sosial şəbəkələrdə ictimai fəallar bu fikrə əsk arqument kimi daha çox bu ideyanı səsləndirirlər ki, seçki yolu ilə hakimiyyətə gəlmək istəyən qüvvələr sııradan çıxdıqca siyasi səhnəni radikal qrupların- potensial inqilabçıların artması ehtimalı artır.

Natiq Cəfərli
Natiq Cəfərli

Müxalifətdə olan Real Hərəkatının icra katibi Natiq Cəfərli deyir ki, ölkədə dini radikalizm artır: “Biz bunu regionlara səfərimizdə görürük. Bu aralar Şəkiyə Suriyada döyüşməyə gedən beş nəfərin meyiti qayıdıb”.

Ərəstun Oruclu deyir: “Söhbət təkcə dini radikalizmdən getmir. Belə təzyiqlər sekulyar, o cümlədən, solçu, millətçi və s. radikal qrupları aktivləşdirə bilər. Hakimiyyət yenə də hədəflərini yalnış seçir- elə bilir ki, ona təhlükə törədən 3-5 vətəndaş cəmiyyəti fəalıdır, İŞİD kimi təhlükəni nəzərə almır”.

Hərçənd, milli təhlüsizlik qüvvələrinin radikal qruplaşmaları nəzarətdə saxlamasını hökumətin ən bacarıqlı tərəfi kimi izah edənlər də az deyil.

III. Rusiya

Üçüncü amil kimi təhlilçilər geopolitoloji səbəbləri göstərirlər. Onların fikrincə, Azərbaycanın şimal qonşu Rusiyanın Qərblə münasibətləri gərginləşib, Qərb dəyərləri ilə hesablaşmaq istəməyən hökumət üçün Qərblə arası dəyən Rusiya tərəfə meyllənmək daha rahat görünür.

Ərəstun Oruclu deyir ki, hakimiyyətin daxilindəki rusiyayönümlü qüvvələrə Qərb dəyərləri ilə idarə olunan dövlət yox, Rusiyaya bənzəyən dövlət daha çox sərf edir və onlar bu fürsətdən istifadə edirlər.

XS
SM
MD
LG