Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:31

37-ci ilin Sovet Azərbaycanı və indiki Azərbaycan


Cəmil Həsənli
Cəmil Həsənli

-

Milli Şuranın sədri Cəmil Həsənli «Azadlıq» qəzetinə müsahibəsində deyib ki, hakimiyyət Emin Millinin 23 qohumunun ondan imtinasına nail olmaqla tarix üçün özünüifşa sənədi qoydu.

«1937-ci ildə respublikanın rayonlarından birində açıq «mühakimə» olunmuş bir «xalq düşməni»nə verilmiş güllələnmə qərarını ümumxalq dəstəyi ilə icra etməli idilər. 37-ci il şərtləri daxilində belə, qohumları ondan imtina etmədilər. Lakin güllələnmə «mərasimi» zamanı çox maraqlı çıxışlar oldu. Çıxışçıların biri təklif etdi ki, bu «xalq düşməni»ni elə güllələmək lazımdır ki, onun qanı torpağın məhsul verən layına tökülməsin. Əks təqdirdə, onun qanı tökülən torpaqda bitən öt-ələfi hansı heyvan yesə, o da Sovet hökumətinə düşmən kəsiləcək, o heyvanın südündən hansı uşaq içsə, o da şanlı Kommunist partiyasına düşmən gözü ilə baxacaq. Bir neçə gün əvvəl yayılmış, Emin Millidən imtina bəyanatının bu çıxışlardan çox az fərqi var. Biri 1937-ci ilin Sovet Azərbaycanında baş vermişdi, digəri isə XXI əsrin 15-ci ilini yaşayan müstəqil Azərbaycanda baş verir».

MÜƏLLİMLƏRİN MAAŞ ARTIMI GÜNDƏMDƏDİR

«Müəllimlərin əməkhaqqının qaldırılması prosesi və bunun respublikada orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılması gündəmdədir».

Bunu ANS-ə müsahibəsində təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir deyib: «Hətta təhsilin inkişafı üzrə strategiyada konkret rəqəmlər göstərilib və biz orada qeyd etmişik ki, müəllimlərin əməkhaqqını orta aylıq əməkhaqqından iki dəfə yüksəyə qaldırmaq niyyətindəyik. Bu, əlbəttə ki, peşə seçiminə böyük təsir edəcək».

RUSİYADAN GÖNDƏRİLƏN VƏSAİTLƏRİN AZALMASI SOSİAL GƏRGİNLİYƏ GƏTİRƏ BİLƏR

«Yeni Müsavat» qəzeti yazır ki, bu ilin 3 ayında Rusiyadan Azərbaycana 126 milyon ABŞ dolları vəsait köçürülüb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 124 milyon dollar və ya 49.6 faiz azdır.

İqtisadçı Natiq Cəfərli qəzetə deyib ki, vəziyyət bu cür davam etsə, regionlarda sosial gərginlik yarana bilər: «İnsanlar hətta kredit götürəndə belə hesablamalarını ona görə aparırdılar ki, Rusiyadan yaxınlarının göndərdikləri vəsait hesabına kreditlərini ödəyəcəklər».

İqtisadçı, deputat Vahid Əhmədov qəzetə bildirib ki, bu, gözlənilən idi: «Göndərilən vəsaitlərin azalması regionlarda yaşayan insanların həyat şəraitinə müəyyən qədər təsir edəcək, sosial vəziyyət bir qədər pisləşə bilər».

TƏHSİL NAZİRLİYINDƏN AĞILALMAZ QƏRAR

«Bizim Yol» qəzeti yazır ki, ilin əvvəlində kurikulum kurslarına gedən müəllimləri indi yenidən buna məcbur edirlər.

Bu haqda qəzetə adını çəkmək istəməyən bağça müəlliməsi məlumat verib.

«Bu ilin fevralında bizi kurikulum kursuna yazdılar. Hər müəllimdən də 50 manatdan pul yığdılar. İndi müəllimlərin məzuniyyətə çıxmaq istədiyi bir vaxtda qəfildən xəbər gəldi ki, yenə 10 günlük kurikulum kursuna getməliyik.Bəhanə gətirirlər ki, əvvəlki kurslar özəl olub və indiki dövlət xətti ilədir. İndi belə çıxır ki, ya əvvəlki kurslar sırf pul yığmaq məqsədi daşıyıb, ya da bunlar heç özləri də bilmir neynəyir. Başımıza kurikulum oyunu açıblar».

XS
SM
MD
LG