Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:24

Əlilə səhf təyinat, kobud rəftar...


Arxiv fotosu
Arxiv fotosu

-

Şirvan şəhəri, Fərhad Cavadov küçəsi 48-də yaşayan Naməddin Mirzəyev 3-cü qrup əlil olan oğlunun üzləşdiyi problemi həll edə bilmir. Daha doğrusu, oğlu Fərrux Mirzəyevin eşitmə qabiliyyəti olmadığından ona verilmiş cihaz təyinatı üzrə olmadığından problem yaranıb.

Naməddin Mirzəyev "Qaynar xətt"ə deyib ki, azyaşlı övladı Fərrux eştiməməklə yanaşı, həm də danışa bilmir. Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ortopedik Mərkəzində qeydiyyata da alınıb. "2011-ci ildə uşağa 90 ölçülü eşitmə aparatı veriblər. Bildiriblər ki, 3 ildən sonra bu cihaz dəyişdiriləcək. Ötən il müddət tamam olub və cihazı 90 ölçülü bir başqa cihazla dəyişiblər. Sonradan məlum olub ki, yeni verilən cihaz təyinatı üzrə olmayıb.

"DEDİ, HARA İSTƏYİRSƏN, MÜRACİƏT ELƏ"

"Cihazı Ortopedik Mərkəzə apardıqda bildirdilər ki, yanlışlıq olub və uşağa 120 ölçülü cizah verilməlidir. Dedilər, bu işə mərkəzin ikinci mərtəbəsində əyləşən Asif adlı şəxs baxır. Mən də ona yaxınlaşıb cihazın dəyişdirilməsini istədim. Cavab isə belə oldu: "Düzdür, sizə 120 ölçülü cihaz verilməlidir. Lakin bunu məndən öncə burada işləyən şəxs verib, ona görə də dəyişə bilmərəm". Bu sözlərindən sonra şikayət edə biləcəyimi söyləsəm də, Asif adlı şəxs dedi ki, istədiyim yerə müraciət edə bilərəm".

Şirvan sakini elə istədiyi yerlərə də müraciət edib. Səhiyyə Nazirliyinin «qaynar xətti»nə, yerli səhiyyə şöbəsinə, icra hakimiyyətinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə...

"İş orasındadır ki, elə o Asif adlı əməkdaşın dediyi kimi də oldu. Müraciət etdiyim qurumların heç biri problemimizlə maraqlanmadı. Nə də məni uşaqla birlikdə az qala otaqdan çıxarıb çölə tullayan o əməkdaşa "gözün üstə qaşın var" deyən olmadı".

CİHAZ DA VERİLƏCƏK, ŞİKAYƏT DƏ ARAŞDIRILACAQ

Ailə əlil Fərruxa görə 43 manat müavinət alır. Bunun da üstünə atanın gündəlik 6 manatını gəldikdə ailənin durumunu təsəvvür etmək çətin deyil. Deyir, bahalı cihazı almaq imkanı yoxdur.

"Əgər belə bir hal baş veribsə, mütləq maraqlanarıq. Ola bilməz ki, bizim işçi vətəndaşla belə davransın. Xüsusilə də əlillərə qarşı həssas davranmaq bizim vəzifə borcumuzdur", - bunu isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ortopedik Mərkəzinin əməkdaşı Sürəyya Babayeva deyib. O, Naməddin Mirzəyevin övladı ilə bağlı problemi araşdıracaqlarını və öhdəliklərinə daxil olan addımı atacaqlarını bildirib.

XS
SM
MD
LG