Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:42

Prezidentin "haqq" yığanlara gücü çatacaqmı?


-

Prezident “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə dəyişiklik edib.

Əsasnaməyə əlavə edilib ki, İqtisadiyyat və Sənaye Nazirliyi yoxlamalara dair məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə bilər.

Ekspertlər isə bildirirlər ki, sahibkarlıq sahəsində yoxlamalara dair informasiya bazası kommersiya sirrinin yayılmasının qarşısını önləyən müəyyən məhdudiyyətlər qoyulmaqla hər kəsə açıq olmalıdır.

Adıgedən əsasnaməyə əsasən, reyestrin istifadəçiləri yoxlayıcı orqanlar və sahibkarlıq fəaliyyəti subyektləridir.

Diqqət çəkən məqamlardan biri də budur ki, yoxlayıcı orqanlar yalnız özləri tərəfindən keçirilən, sahibkarlıq fəaliyyəti subyektləri isə yalnız özləri ilə əlaqədar aparılmış yoxlamalarla bağlı məlumat bazasına daxil ola və həmin məlumatlardan istifadə edə bilər.

Yəni başqa şəxslər bu tipli yoxlamalar haqda heç bir məlumat ala bilməzlər. Əsasnamədə Ədliyyə Nazirliyinə həvalə olunub ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar barədə hər 3 aydan bir dövlət başçısına və Nazirlər Kabinetinə məlumat versin.

Buraya keçirilmiş yoxlamaların predmeti və əsasları, yoxlayıcı orqanlar və yoxlanılan sahibkarlıq subyektləri, yoxlamaların nəticələri, qəbul olunmuş qərarlar, yol verilən pozuntular, görülmüş tədbirlər, təhlillər, statistik və digər göstəricilər daxildir.

Lakin nazirliyin bu cür ümumiləşdirilmiş məlumatları nə zamansa hazırladığı naməlum olaraq qalır. Belə ki onun məlumat bazasında nə illik fəaliyyət hesabatı, nə də başqa sahibkarlıq sahəsində yoxlamaların effektivliyinin qiymətləndirilməsinə dair hər hansı təhlili məlumat var.

Azər Mehtiyev
Azər Mehtiyev

“İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birlyinin sədri Azər Mehtiyev sahibkarlıq sahəsində yoxlamaların reyestrinə çıxış imkanlarının məhdud olmasını düzgün hesab etmir.

O, AzadlıqRadiosuna deyib ki, bu məlumatlara digər sahibkarların, eləcə də ictimaiyyətin əlçatanlığı yoxlayıcı təşkilatlara etimadın yüksəlməsinə, həmçinin biznes-dövlət partnyorluğunun möhkəmlənditilməsinə və mövcud problemlərin təhlil edillərək qabaqlayıcı tədbirlərin görülməsinə imkan yaradaq:

“Prezident İlham Əliyev hökumətin rüblük toplantılarında mütəmadi olaraq sahibkarlıq sahəsində yoxlamalar məsələsinə toxunur.

Dövlət başçısı onu da xüsusi qeyd edir ki, yoxlamalar sahəsində dövlət tənzimləməsi ilə bağlı çoxsaylı qərarların qəbul edilməsinə baxmayaraq, sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələr, dövlət hakimiyyət orqanlarının onlardan “haqq” tələb etməsinə son qoyulmayıb.

Bu kontekstdə sözügedən vahid məlumat bazasının məxfilik pərdəsinin qismən qaldırılması problemlərin mütəxəssislər tərəfindən obyektiv təhlil olunmasına şərait yaradardı”.

Qeyd edək ki, şəffaflıq sahəsində axsayan məsələlərdən biri də məmurların gəlir bəyannamələrinin açıqlanmasıdır. Düzdür, korrupsiyaya qarşı mübarizə tədbiri kimi düşünülmüş bu addımın atılmasını hökumət 2005-ci ildən bəri süni şəkildə yubadır. Amma məmurların gəlir bəyannaməsi tərtib etdiklərini fərz etsək belə, onun açıqlığı istənilən halda təmin olmayacaq.

Çünki qaydalara görə, bu bəyannamələr xaricdə olduğu kimi, ictimaiyyətə deyil, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim olunacaq. Vətəndaşlar məmurların nə qazanıb, necə xərclədikləri barədə indiyədək məlumatlı olmadıqları kimi, bundan sonra da xəbərsiz qalacaqlar.

Yoxlamaların vahid məlumat reyestrinin aparılması qaydası 2011-ci il fevralın 15-də təsdiq olunub.

Reyestr Azərbaycan prezidentinin 2010-cu il 13 aprel tarixli “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” fərmanının icrası məqsədilə yaradılıb və Ədliyyə Nazirliyi tərəfindən idarə olunur. Eyni reyestr Naxçıvanda da aparılır.

XS
SM
MD
LG