Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:25

Həbsə düşmək insan həyatını necə dağıdır


Murad Məmmədov
Murad Məmmədov

- "Gələn səfər gələndə imkan olsa, mənə ev yeməyi gətir."

Murad Məmmədov

Gəmi kapitanı indi küçədə yaşayır

Bəzi məmurlarımızın uzaq görən, yaxın vuran siyasəti səbəbi ilə Sahil metrosunda lift və pilləkan olmadığı, yalnız eskalator olduğu üçün və mən eskalatordan istifadə edə bilmədiyim üçün "28 may"dan gəzə-gəzə Bəşir Səfəroğlu küçəsinə gedirdim.

Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasına çatanda havanın isti olması səbəbi ilə yoruldum, dedim oturum bir siqaret çəkim.

Təzə oturmuşdum ki, soluma baxanda gördüm məndən 1-2 metr aralıda bir yaşlı dayı oturub, ağacın dibində iştaha ilə nəsə yeyir.

Həyatdır, hər şey ola bilər, "insanlar müxtəlifdir" deyib, çox baxmadım təbii ki. Təxminən 4-5 dəqiqə sonra yeməyini bitirib paketləri səliqəli şəkildə bükdükdən sonra mənə söylədi:

"Bəlkə konturun olar, zəng etməliyəm, bayaqdandı neçə nəfərə söyləmişəm, yoxdu deyiblər". Tərslikdən həmin anda balansım 1 qəpik təşkil edirdi. Lakin dedim ki, vacibdirsə, mağazadan kontur alıb verim sizə.

Bu səbəblə ünsiyət yarandıqdan sonra səylədi ki:

Bayaqdandı 10-a yaxın kafe-restoran gəzmişəm ki, mənə bir qab yemək verin, nahar edim, acam. Lakin hamısından rədd cavabı almışam.

Axırda bir cavan oğlan eşitdi bunu, getdi mənə su və mal əti konservası aldı. Soruşdu ki, çörəyin var?

Utandım yox söyləməyə, bir də əziyyət vermək istəmədim, yalandan "hə2 dedim. Çörəyi də getdim zibillikdən götürdüm, sağ olsunlar zibilin içinə atmamışdılar, zibilqabının kənarından asmışdılar. Düzdü, quru idi, amma yedim birtəhər.

Mən özüm universiteti Leninqrad şəhərində oxuyub bitirmişəm. "Qafur Məmmədov" gəmisində kapitan işləmişəm.

Dolların gizlincə milli pul ilə dəyişdirildiyi zamanda mənim dollarlarım var idi. Dənizçilər üçün nəzərdə tutulmuş binada evim, avtomobilim və sairə. Bir sözlə, maddi durumum çox yaxşı idi.

Gəmi ilə xarici ölkələrdən birində idim, (adını dedi, unutdum) Saşa adında biri mənə "Çornaya jopa" (qara *öt) dedi, üç dəfə təkrarən soruşdum ki, mənə deyirsən? Hər üçündə "Hə, sənə deyirəm" dedi,

Getdim bıçağı götürdüm, gəldim Saşanın başını kəsdim. Qaçmadım, gözlədim ki, gəlib məni həbs etsinlər.

Uşaqlıqda mənim atam olub, amma anam olmayıb, ögəy anam olub. Hər zaman məni çimdikləyirdi, indinin indisində kimsə mənə qəfil əlini uzadanda diksinirəm, yuxuda belə diksinirəm tez tez. Əsəbi olmuşam.

Naharımızı isə burada, Konservatoriyanın həyətində edirik.

Cinayət törətdikdən sonra mənə həmən ölkədə 15 il həbs cəzası verdilər.

Cəza çəkdiyim müddətdə tibbi müayinəyə aparıldığım zaman digər məhbus bir qadınla üz-üzə gəldik, hər ikimizin həbs cəzasi eyni bitdi, 5-6 gün fərq var idi.

Bir-birimizi sevdik, o da mənimlə birgə Bakıya gəldi, tatardı.

Qadının Bakıda, Montində atasına məxsus evı var idi, bu qadına qalacaqdı. Ama həbsdə olduğu zaman xalası gəlib başını aldadaraq evi öz adına keçirmək üçün vərəqə imza atdırıb.

İndi ikimiz də küçədə yaşıyırıq, "Qaqarin" körpüsünün yanında qaraj var, onun həyətində yer veriblər, ama açıqdır, bir dənə divan, stol-stul qoymuşuq, açıq havada yatırıq gecələr.

Naharımızı isə burada, Konservatoriyanın həyətində edirik. Hər gün saat 2-də burada oluruq, axşam da saat 7-də.

Ümumiyyətlə, günün əksər saatlarını burada oluruq, ancaq yatmağa gedirik ora.

Bəzənsə elə burada, Qış parkında gecələyirəm. Səliqəsiz və çirkab içində olmamaq üçün, restoranların tualetinə girib üzümü qırxıram, ayaqlarımı yuyuram. Hər dəqiqə əllərimi yuyuram.

İstəmirəm yenidən həbsə düşüm. Oğurluq etmək istəmirəm. İstəyirəm dövlət və ya imkanlı şəxslər mənə iş versinlər, qalmağa yer versinlər.

PS. Haqqında danışdığım şəxs Cabbarov Fərhad Sabir Oğludur. Danışdıqlarını səmimi hesab etdim, cibindəki şəxsiyyət vəsiqəsinə qədər baxdım.

Doğrusunu söyləsəm, mənim şəxsiyyət vəsiqəmdən daha şax və səliqəli idi.

Həmin an üzərimdə olan maddi vəsaitin imkan veriyi qədər kömək etdim, ən azı axşam şam yeməyi yeyə bilməsi üçün...

Səliqəsinə, təmizliyinə fikir verən biridir, yediyi yeməyin paketini, qabını belə, apardı zibil qutusuna atdı, bir çoxu kimi ortalığa atmadı.

İnsanlardan küçədə nəsə istəməkdən utanır, ən azı bunu mənə danışarkən saxlaya bilmədiyi göz yaşları göstərir.

Mənə dedi, getmə, saat 7-ə qədər gözlə, yoldaşım gəlsin, gedək bulvara gəzməyə. O, xoşlayır bulvarda gəzməyi...

Başqa birinə söz vermişdim deyə, qala bilmədim. Ayrılarkən "gələn səfər gələndə imkan olsa, mənə ev yeməyi gətir" deməsi isə uzun müddət xatirimdən çıxmayacaq.

XS
SM
MD
LG