Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 04:57

Əli Kərimlinin əmisi oğlunu İŞİD-ə görə danladılar


İnqilab Kərimov
İnqilab Kərimov

-

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) «facebook» profilində İŞİD-lə bağlı status paylaşan partiya üzvü İnqilab Kərimova xəbərdarlıq edib.

Partiyanın informasiya şöbəsinin yaydığı açıqlamada belə deyilir.

Açıqlamada AXCP rəhbərliyinin İ.Kərimova ciddi irad tutduğu da vurğulanır: «İnqilab bəyə bildirildi ki, bundan sonra zarafat və ironiyalarında da diqqətli olsun».

İnqilab Kərimov AXCP sədri Əli Kərimlinin əmisi oğludur.

«AZƏRBAYCANA XOŞ GƏLİRSƏN, İŞİD...»

O, avqustun 15-də «facebook»da yazmışdı: «İŞİD heç də hər adamın başını kəsmir... İŞİD 5 manata sifarişlə məhkəmə zalını dolduranların başını kəsir...İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir....İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib, çıxanların başını kəsir...Və düşünürəm ki, düz də edir... Belədirsə, onda Azərbaycana XOŞ gəlirsən, İŞİD...».

AXCP sədrinin əmisi oğlunun bu yazdıqlarına rəsmi «Azərbaycan» qəzeti də toxunub. Avqustun 18-də qəzet yazıb ki, «İnqilab Kərimovun «facebook» statusunda İŞİD-ə açıq-aşkar dəstək verən və bu terrorçu qruplaşmanı Azərbaycana gəlməyə (!) səsləyən statusu… radikal düşərgənin əsl mahiyyətini bir daha açıb göstərib. Əli Kərimlinin zaman-zaman sağ əli olan, hazırda Fransada yaşayan İ.Kərimovun bu statusu sosial şəbəkələrdə Azərbaycan dövlətinə qarşı təxribat, cinayətkar şəbəkəyə dəstək kimi qiymətləndirilir və lənətlənir».

YAP İŞİD-DƏN AZMI BAŞ KƏSİB?..

İnqilab Kərimov özü haqqında səslənən ittihamlara belə cavab verib: «Əslində İŞİD-in nə qədər təhlükəli bir terror təşkilatı olduğunu hamımız yaxşı bilirik və buna haqq qazandırmağın olduqca pis əməl olduğunu hamıdan yaxşı bilirəm...Amma gəlin düşünək, guya indiki YAP hakimiyyəti İŞİD-dən azmı baş kəsib?.. Quşun qanadını kəsməklə başını kəsməkdə heç bir fərq olmadığı kimi bu gün də YAP rejimi ölkəmizdə onsuzda azlıqda olan vətənpərvər insanları ya həbs edib türmələrə salır, ya da mənim kimi vətəndən didərgin salır,vətən, dost, qohum üzünə həsrət qoyur...».

İnqilab Kərimov yazdıqlarının dərhal Əli Kərimlinin qohumu və Milli Şuranın fikri kimi təqdim edilməsinə də etirazını bildirir. «Nə üçün mənim müstəqil fikrim olmamalıdır? Yazdığım status səhifəmdə qalır və orda olan ironiyanı hami görür...» - deyə statusunu bitirir.

XS
SM
MD
LG