Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:43

İmkansızlıqdan uşaqları məktəbə göndərmir


Hövsanda bir ailədə dörd məktəblidən ikisi bu il təhsilsiz qala bilər. Səbəb məktəbli geyiminin və məktəb ləvazimatının baha olmasıdır

“Ötən il məktəbli geyimini yardımla əldə etdik. Bu il də vəziyyət çətinləşib. Oğlan uşağı üçün bir dəst məktəbli geyimi 56 manata başa gəlir. Ailəmdə bu il 3 qız, 1 oğlan məktəbə gedəcək. Oğlum 8-ci sinfə, böyük qızım 6-cı sinfə keçib. İki qız ibtidai sinifdədir. Bunların alt-üst geyimləri, ayaqqabısı, çantası, başqa məktəb ləvazimatları… Belə qərara gəlmişəm ki, imkansızlıqdan uşaqlardan yalnız ikisini məktəbə yollayım”.

Bakı şəhəri, Hövsan qəsəbəsindəki bağ massivində yaşayan Abbasovlar ailəsindəki məktəblilərin bu il məktəbə getməsi sual altına düşüb. Ailənin kişisi ailə yükünün ağırlığını çiynindən yerə hələ 3 il əvvəl qoyub. 6-cı uşaq dünyaya gələndən sonra ailənin yükünü çəkə bilmədiyini etiraf edərək evi tərk edib. İndi bu yükü 36 yaşlı Çimnaz təkbaşına zərif çiyinlərində daşıyır.

SOSİAL YARDIM MƏKTƏBLİ GEYİMİNƏ ÇATMIR

“Yoldaşım taksi sürücüsü idi. Bir gün küçədən zəng vurdu, dedi, “bağışla, gücüm çatmır, saxlaya bilmirəm sizi”. O gündən gəlmədi. Rəsmi boşanmamışaq da, 2 ildən çoxdur nə uşaqlar, nə mən üzünü görmürük, varlığını hiss etmirik”.

Çimnaz xanım deyir, övladlarını yaxşı-pis qohum-qonşunun köməkliyi, bir də aldığı cüzi sosial yardımla yedirdə, başqalarının nimdaş pal-paltarı ilə geyindirə bilir. Ancaq hər il yeni məktəb mövsümü yaxınlaşanda, özü demişkən, “kürkünə birə düşür”:

Bakı Tikiş Evinin mağazalarının satıcıları da bu il qiymət artımını təsdiqləyirlər. Bunu parçanın və başqa materialların Türkiyədən dollarla alınması, dolların məzənnəsinin qalxmasıyla əsaslandırırlar.

Bakı Tikiş Evinin rəhbərliyi isə ANS televiziyasına bildirib ki, alınan materialların qiymətində artım var, ancaq valideynlər bu bahalaşmanı hiss etməyəcəklər.

MƏKTƏBLİ DƏSTİNİN QİYMƏTİ CİBƏ UYĞUN DEYİL

Ötən il məktəbli geyimləri Bakı Tikiş Evinin mağazalarında bədən ölçülərindən asılı olaraq dörd qiymətdə idi - 30, 35, 40, 45 manat təşkil edirdi. Bu il isə həmin qiymətlər 34 və 43 manat olacaq.

Tikiş evinin rəhbərliyi bildirib ki, 28-44 ölçülərdə məktəbli geyimləri 34, yuxarı siniflər üçün 36-56 ölçüdə olan geyimlər 43 manatadır.

Mağazalardakı müşahidələrimiz göstərir ki, köynək, jilet əlavə olunduqda məktəbli geyiminin dəsti azı 50-55 manata başa gəlir.

İCRA HAKİMİYYƏTİNƏ MÜRACİƏT OLUNMALIDIR

Təhsil eksperti Məhərrəm Muradov deyir, imkansız ailələr yaşadıqları ərazi üzrə icra hakimiyyətinə ərizə ilə müraciət edə, övladlarının məktəbli geyimi və başqa ləvazimatlarının xərclərini qarşılaya bilmədikləri üçün yardım istəyə bilərlər.

“Hər il icra hakimiyyətlərinə belə xərclər üçün büdcə ayrılır. Əslində məktəblərdə valideynlərin bu barədə məlumatlandırılmaması məktəblilərin kasıbçılıq üzündən məktəbdən kənarda qalması ilə nəticələnir. Məktəb rəhbərliyi uşağı sıxışdırır ki, “məktəbə məktəbli geyimində gəl”. Valideynin maddi gücü çatmayanda çıxış yolunu uşağı məktəbdən saxlamaqda görür. O valideynlərə məsləhətim budur ki, indidən icra hakimiyyətinə rəsmi müraciət etsinlər”.

XS
SM
MD
LG