Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 23:29

Seçkilərə az qaldı - sükut nə zaman pozulacaq?


Bakıda namizədlərin seçki plakatları - 5 noyabr 2010
Bakıda namizədlərin seçki plakatları - 5 noyabr 2010

-

Bu il müstəqil Azərbaycanın 5-ci parlamenti 5 illik ömrünü başa vurur, Milli Məclisə noyabrda yeni seçkilər keçirilməlidir.

Azərbaycan Konstitusiyasının 84-cü maddəsinə görə, Milli Məclisə seçkilər beş ildən bir, noyabr ayının birinci bazar günü keçirilməlidir. 2015-ci ildə noyabrın ilk bazar günü ayın 1-ə düşür.

ÖNCƏ SƏRƏNCAM

Amma öncə prezident sərəncam verməlidir. Konstitusiyaya görə, Milli Məclisə seçkilərin təyin edilməsi ölkə prezidentinin səlahiyyətindədir. Ölkə başçısı səsvermədən ən azı 60 gün öncə seçkilərin vaxtını təyin edir.

Bu sərəncamın verilməsi də, təxmini hesablamalara görə, avqustun sonuna düşür.

Sərəncam rəsmi mətbuatda dərc olunduqdan dərhal sonra iki aylıq seçki kampaniyası dövrü başlayır. Yəni namizədliyin irəli sürülməsi, imzatoplama, qeydiyyat, təbliğat və sairə bu iki aya sığışdırılır...

Mərkəzi Seçki Komissiyasının media və ictimai əlaqələr şöbəsinin müdiri Şahin Əsədli AzadlıqRadiosuna deyir: «Prezident sərəncamından sonra MSK-nın iclası keçirilir, təqvim planı təsdiqlənir və başqa prosedurlar yerinə yetirilir. Bununla bağlı KİV də məlumatlandırılır».

VƏ BAŞLADI...

Bundan sonra isə deputatlığa namizədlərin irəli sürülməsi başlayır. Deputatlığa namizədlik vətəndaşın özü tərəfindən, seçici qrupları və ya siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən də irəli sürülə bilər.Bununla bağlı dairə seçki komissiyasına bildiriş təqdim edilir. Bildirişə təqdim olunduğu vaxtdan 5 gün ərzində baxılır.

Bildirişə müsbət cavab verilərsə, namizədliyi irəli sürülən şəxslərə imza vərəqləri təqdim olunur. Bununla da imzatoplama kampaniyası başlayır.

Namizədliyini irəli sürən şəxs azı 450 nəfərin imzasını toplamalıdır. Söhbət təbii ki, etibarlı imzalardan gedir. Prezident seçkisindən fərqli olaraq, parlament seçkiləri zamanı bir şəxsin bir neçə namizədə imza vermək hüququ var.

Seçki eksperti Hafiz Həsənov deyir ki, namizədliyi irəli sürülən şəxsin etibarlı seçici imzası çatmadıqda qeydiyyat depoziti (seçki girovu) qoymaq şansı yoxdur: «Seçki depoziti qoymaq imkanı artıq qanundan çıxarılıb. Yalnız 450 etibarlı imza toplanarsa və tələb olunan seçki sənədləri qaydasında olarsa, namizəd kimi qeydə alınır».

Namizədliyi irəli sürülən şəxslər öz seçki fondlarını formalaşdırmaq üçün xüsusi seçki hesabları da yaradırlar.

Seçki gününə ən çoxu 50, ən azı 30 gün qalmış toplanmış imza vərəqləri seçki sənədləri ilə birgə dairə seçki komissiyasına təqdim edilir. 7 gün ərzində DSK-lar bu müraciəti araşdırır, namizədin qeydə alınması və ya qeydiyyatdan imtinayla bağlı müvafiq sənəd təqdim edilir.

İmzatoplama - 2010
İmzatoplama - 2010

21-22 GÜNLÜK TƏBLİĞAT KAMPANİYASI

Növbəti mərhələdə qeydə alınmış namizəd seçkiöncəsi təbliğat kampaniyasına start verir. Bu kampaniya 21-22 gün çəkir. Kampaniya səsvermə gününə 23 gün qalmış başlayır və səsverməyə bir gün qalmış dayandırılır.

Hafiz Həsənov deyir ki, seçki təbliğatı təxminən 3 həftə çəkir və bu, çox azdır: «Nəzərə alsaq ki, seçkiqabağı təbliğatın müxtəlif yolları var – KİV-lərdə təşviqatın aparılması, seçicilərlə kütləvi görüşlərin keçirilməsi, seçkiqabağı plakatların yayılması və s. Bunu 21 günə yerləşdirmək o qədər də asan deyil və səmərəli deyil. Seçkilərin ümumi müddəti də azdır. Məncə, iki aydan 90 günə qaldırılsa, daha səmərəli olardı».

SÜKUT... ARDINCA SƏSVERMƏ GÜNÜ

Səsvermədən öncəki gün təbliğat-təşviqat dayandırılır və «sükut günü» elan olunur.

Ertəsi gün isə saat 8-də seçki məntəqələrində səsvermə başlayır.

Səsvermə gizli keçirilir, seçici ayrıca otaqda bülletendə bəyəndiyi namizədin qarşısında qeyd qoyur.

Bülleten məntəqə üzvlərinin, müşahidəçilərin görə biləcəyi məsafədə yerləşdirilməli olan şəffaf qutuya atılır.

Səsvermə başa çatdıqdan sonra müşahidəçilərin iştirakıyla qutular açılır və səslər sayılır.

SON SÖZ KONSTİTUSİYA MƏHKƏMƏSİNİNDİR

MSK səsvermədən sonrakı 20 gün ərzində nəticələri Konstitusiya Məhkəməsinə göndərir.

Konstitusiya Məhkəməsi isə 10 gün ərzində rəsmi nəticələri yoxlayır. Əgər zərurət yaranarsa, bu müddət artırıla da bilər.

Parlament seçkiləri - 7 noyabr 2010.
Parlament seçkiləri - 7 noyabr 2010.

Yoxlamalardan sonra nəticələr təsdiqlənir, yox, əgər ciddi pozuntu varsa, nəticələr bəzi dairələrdə və ya bütünlükdə ləğv edilir.

Bu proseduru seçki eksperti Hafiz Həsənovla bir yerdə sadaladıq.

Onun dediyinə görə, 2010-cu ildən bəri seçki qanunvericiliyində heç nə dəyişməyib: «Bir sıra beynəlxalq təşkilatlar, xüsusən də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda seçki praktikası və qanunvericiliyi ilə bağlı çoxsaylı təkliflər versələr də, bu yöndə dəyişiklik yoxdur».

MAJORİTAR QÜVVƏDƏ, UNUDULAN PROPORSİONAL

Azərbaycanda parlamentə seçkilər majoritar qaydada keçirilir. Hafiz Həsənov yada salır: «Konstitusiyaya son dəyişiklikdən sonra proporsional seçki sistemi ləğv edilib. Qarışıq seçki sistemindən birmandatlı seçki sisteminə keçilib. Amma əvvəllər Azərbaycanda 125 deputat yerindən 25-nə seçkilər proporsional qaydada keçirilirdi. Proporsional sistem ölkədə partiyaların inkişafına, siyasi rəqabətin artmasına, insanların siyasi proseslərdə daha yaxından iştirakına imkan yaradırdı».

Beynəlxalq qurumlar və ekspertlər hər zaman bir məqamı xüsusi vurğulayırlar: «Ən pis qanunla da azad, ədalətli seçki keçirmək olar. Mühüm olan siyasi iradədir».

KİM GEDİR, KİM QALIR?

Payızda keçiriləcək seçkilərə hazırlığa hakim Yeni Azərbaycan Partiyası çoxdan start verib. Partiya rəhbərliyi hazırda namizədlərin siyahısının müəyyənləşdirildiyini söyləyir.

Müxalifətsə hələlik qəti qərarını bildirmir. Düşərgədə tərəddüdlər var: seçkilərə qatılsınlar, ya boykot etsinlər?

Daha bir qeyd: son 20 ildə bəlkə də birinci dəfədir ki, müxalifət seçkiöncəsi hər hansı qurumda, blokda birləşmir.

Milli Məclis
Milli Məclis

İNDİKİ PARLAMENT

Beş il əvvəlki parlament seçkilərindən sonra Milli Məclisdə hakim partiyadan olanların sayı bir az da artdı - YAP-çıların sayı 70-i ötdü, müstəqillərinsə sayı 40-a çatdı. «Konstruktiv müxalifət» və ya «hakimiyyətə loyal» adlandırılan partiyalardan 10 nəfər parlamentə keçdi.
İndiki parlamenti fərqləndirən daha bir məqam: nazir və ya komitə sədrlərinin, Prezident Administrasiyasında çalışanların qohum-əqrəbası Milli Məclisdə daha çox təmsil olunub. «Şərq-Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bu vəziyyəti hələ beş il qabaq AzadlıqRadiosuna belə şərh etmişdi:

«Heydər Əliyev hökumətindən fərqli olaraq İlham Əliyev hökuməti başa düşür ki, dəstəyi yoxdur. Ona görə də bu hakimiyyətin icraçılarını, ailələrini bu işə bulaşdırır, onları bağlayır, kiçik bir dairə formalaşdırır. Məqsəd də bu dairənin əliylə hakimiyyəti qoruyub saxlamaqdır».

YAP-çı deputat, «Azərbaycan» qəzetinin redaktoru Bəxtiyar Sadıqov isə politoloqa belə cavab vermişdi: «Əvvəla, Azərbaycan kiçik ölkədir. Burda insanların qohumluq əlaqəsinin olması təəccüblü deyil. Nədir ki, 9 milyonuq, onun 3 milyonu da Bakıda yaşayır. Amma bunun məsələyə nə dəxili var? Seçici səsiylə həll olunan məsələ deyil?».

Son parlament seçkilərindən sonra da son illərin mübahisəsi davam etdi - müxalifət hakimiyyəti saxtakarlıqda ittiham etdi, hakimiyyətsə müxalifəti zəiflikdə, sosial bazasının olmamasında. Hökuməti tənqid edənlərin sırasına beynəlxalq qurumlar da qoşuldu.

HƏRBİ ƏMƏLİYYATLAR OLARSA...

Azərbaycanda qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir. Milli Məclis 125 deputatdan ibarətdir.

Müharibə şəraitində hərbi əməliyyatların aparılması parlamentə seçkilərin keçirilməsini mümkün etmədikdə, onun səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərarı MSK-nın müraciətinə əsasən Konstitusiya Məhkəməsi qəbul edir.

Müstəqil Azərbaycanda indiyədək 4 parlament seçkisi keçirilib: 1995-ci il noyabrın 12-də, 2000-ci il noyabrın 5-də, 2005-ci il noyabrın 6-da, 2010-cu il noyabrın 7-də.

XS
SM
MD
LG