Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 16:51

Maymaq (pyes)


Rəhman Əlizadə
Rəhman Əlizadə

- Rəhman Əlizadə

M A Y M A Q

Uşaqlar və böyüklər üçün iki hissəli mənzum nağıl-məzhəkə

İŞTİRAK EDƏNLƏR:

N A Ğ I L Ç I

M A Y M A Q -qəribə pişik.

S O K R A T -mütəfəkkir pişik.

M A D O N N A -işvəkar pişik.

Z İ T A

-əhlikeyf pişiklər.

S Y O M A

B E R İ Y A -qara köpək.

H A M

-tulalar.

R A M

Ş A K A -siçanların patronu.

C U L İ Y A -onun qızı.

M İ K A -Şakanın cangüdəni.

BİRİNCİ HİSSƏ

Musiqi. Nağılçı gəlir.

N A Ğ I L Ç I (oxuyur)

Bu dünyanın bürküsü,

Gur yağışı nağıldır.

Yazı, yayı, payızı,

Qarlı qışı nağıldır.

Bu dünyanın kasıbı,

Kalanı da nağıldır.

Nağılabənzər düzü,

Yalanı da nağıldır.

Məhəbbət də nağıldır,

Kin-küdurət nağıldır.

Haqsızlıq da nağıldır,

Haqq-ədalət nağıldır.

Dünyaya əkiz gəlmiş

Xeyirlə şər nağıldır.

Görünən, görünməyən

Bütün işlər nağıldır.

Dünyanın hər gecəsi,

Hər gündüzü nağıldır.

Bu nağıllar dünyası

Dünya özü nağıldır.

(mahnı bitir)

Bəli, əziz balalar,

Hörmətli valideynlər,

Dünyada hərnəki var

Vallah, billah, nağıldır.

Geyimimdən, nəğməmdən

Yəqin tanıdız məni-

Bəli, nağılçıyam mən

Gəlmişəm ki, söyləyəm

Sizə təp-təzə nağıl.

Heç bilirsiz nağıllar

Nə tövür yaranırlar?

Qulaq asın söyləyim.

(musiqi. Rep)

Dünyanı bürüyəndə

Haqsızlıq, hərcmərclik

Oğru-doğru, pis-yaxşı,

Gecə-gündüz, ağ-qara

Fələyin hoqqasıyla

Çəlpəşik düşən zaman

Müdrik, nəcib adamlar

Çaşbaş olub qalırlar,

Fələyin oyunundan

Heç cür baş açmayırlar,

Bax, onda nağılçılar

Lapdan peyda olurlar.

Düyün düşən işləri

Açıb göstərmək üçün

Nağıl düzüb-qoşurlar.

(rep bitir)

Hə, sevimli uşaqlar,

Hörmətli valideynlər,

Məlumdur ki, həmişə

“Biri vardı, biri yox”-

Deyibən başlayırlar

Nağılçılar nağıla.

Hə, mən də başlayıram

Təp-təzə nağılıma.

Biri vardı, biri yox,

Mini acdı, beşi tox.

Nə qışdı, nə bahardı,

Nə yazdı, nə payızdı,

Buna görə hamısı

Dünyadan narazıydı.

Qəribəydi zamana,

Baxırdınsa hayana

Görürdün ki, eşşəklər

Hər gün arpa yeyirlər,

Məxmər çullar geyirlər.

Ah, zamana, zamana,

At həsrətdi samana.

Pələngləri, şirləri

Salmışdılar qəfəsə,

Fillərə, timsahlara

Qarışqalar, birələr

Olmuşdular vərəsə.

Sərçələr qartalları

Savaşa çağırırdı,

Siçanlar pişiklərin

Üstünə bağırırdı.

Hə, belə bir əyyamda

Qəribə, çox qəribə

Fağır bir pişik vardı.

Kimsəyə baş qoşmazdı,

Tək-tənha dolanardı.

Hasarları, damları

Gəzərdi qaraqabaq,

Nədənsə çağırardı

Hamısı onu “Maymaq”!

Musiqi. Maymaq pəjmürdə gəlir.

M A Y M A Q (oxuyur)

Mən aşiqəm neyləyim,

Dərdimi kimə deyim?

Nadanların içində

Tapdalanır mənliyim.

Əziziyəm, mən fağır,

Gözlərimdən qəm yağır.

Cahillər, dələduzlar

Məni “Maymaq” çağırır.

Culiya əlində çiçək gəlir.

C U L İ Y A

Salam...

M A Y M A Q

Salam...

C U L İ Y A

Necəsən?

M A Y M A Q

Çox sağ ol, pis deyiləm.

C U L İ Y A (gülü verir)

Al, qoxula, səninçün

Gətirmişəm bu gülü.

M A Y M A Q (alıb qoxulayır)

Əcəb xoş ətiri var.

C U L İ Y A

Qoy xətrinə dəyməsin,

Axı niyə pişiklər.

Itlər, hətta siçanlar

Sənə “Maymaq” deyirlər?

M A Y M A Q

Burda qəribə nə var,

Hərgah azca seçilsən

Öz cinsindən, zümrəndən

Əlüstü bir ayama,

Ya da yağlı bir ləqəb

Vuracaqlar alnına.

C U L İ Y A

Vallah, billah, heyranam

Mən sənin tərbiyənə,

Ağlına, kamalına.

Dur bir öpüm üzündən...

M A Y M A Q

Çox sağ ol, minnətdaram.

Yaxşı, söylə bəs sənin

Adın, soyadın nədir?

C U L İ Y A

Mənim adım Culiyadır...

Siçanların patronu

Şaka Siçanbəylinin

Mən gözünün həm ağı,

Həm də ki, qap-qarası

Yeganə varisiyəm.

Paltarım xoşuna gəlir?

M A Y M A Q

Yaxşıdır, amma məncə bir balaca uzundur...

C U L İ Y A

Könlün istəyən qədər

Qısaldaram səninçün.

M A Y M A Q

Anlamıram, ah, neçin

Sən mənimlə bu qədər

Həlimsən, mehribansan?

C U L İ Y A

Acığına gəlməsin,

Doğurdan da Maymaqsan...

(musiqi. Culiya oxuyur)

Mən aşiq bilərəm mən,

Qədrini bilərəm mən.

Göz gördü, könül sevdi,

Yolunda ölərəm mən.

(Maymaqla Culiya rəqs edirlər.)

M A Y M A Q (oxuyur)

Mən aşiq, sürməni sən,

Çəkmisən sürməni sən.

Köhlənin qəlbim olsun,

Yəhərlə, sür məni sən.

(mahnı və rəqs bitir)

C U L İ Y A (Maymağı öpür)

Ah, bu gündən mənimçün

Daha Maymaq deyilsən!

M A Y M A Q

Nəyəm?

C U L İ Y A

Mənim Romamsan!

Roma-yəni Romeo!

Sən də öp məni, Roma!

M A Y M A Q (Culiyanı öpür)

Mənim sevimli Culiyam!

Qəflətən Syoma peyda olur, Culiyanın üstünə şığıyır, Culiya qaçır.

S Y O M A

It qızı, çox çevikdi!

Tez aradan sivişdi.

Canıyanmış saz şeydi,

Niyə onu bayaqdan

Tutub “happ” eləmirdin?

M A Y M A Q

Hap?

S Y O M A

Hap!

M A Y M A Q

Söylə, hap nədir?

S Y O M A

Ala, hap bilməyirsən?

Ya, məni dolamısan?

Hap da, hap da, bax belə!

Tutursan, hap edirsən!

Anladın?

M A Y M A Q

Bacarmaram...

S Y O M A

Niyə, pişik deyilsən?

M A Y M A Q

Pişiyəm... Amma...

S Y O M A

Ala,

Yoxsa siçan tutmağa

Pişikliyin çatmayır?

M A Y M A Q

Eh, Syoma, Syoma, Syoma...

O siçan deyil, əsla.

O Culiyadır! Bu gülü

O mənə bağışlayıb.

(Qoxulayır)

S Y O M A

Ala, qaqaş, siçana

Birdən vurularsan a!

M A Y M A Q

Onun muncuq gözləri,

Şairanə sözləri

Məni divanə edib.

S Y O M A

Ala, ala, sən daha

Vallah, Maymaq deyilsən,

Billah, Maymaq deyilsən!

Heç bilirsən sən kimsən?

Sən, sən, gic... gic... gic...

Gicin böyüyüsən!

QADIN SƏSİ

Syoma, canın yansın, Syoma! Hardasan dələduz?!

S Y O M A

Sahibəmdir, mənimçün

Əldən-ayaqdan gedir.

Çox qiyamət arvaddır,

Yoldaşı da şairdir,

Parlamentdə deputatdır.

Eşitmişəm maaşlar

Bu yaxında artacaq,

Məmləkətdə bir nəfər

Dilənçi qalmayacaq.

Deyirlər ki, artistlər,

Yazıçılar, alimlər,

Rejissorlar, rəssamlar,

Bir sözlə-yaradıcı

Yamaqlı ziyalılar

Acından gecə-gündüz

Hönkürüb ağlayırlar.

QADIN SƏSİ

Adə Syoma, ay dəyyus, ay qırışmal, ay qurumsaq, hardasan?

S Y O M A

Gəldim, yəqin yenə də

Kilki alıb mənimçün.

Kilki çox yaxşı şeydir.

Amma hər gün yeyəndə

Hiss edirsən mədəndə

Etiraz nidaları

Qarışır bir-birinə.

QADIN SƏSİ

Adə, Syoma, ay köpəyoğlu, ay atasından bixəbər, əgər gəlməsən, sosiskaları verəcəyəm Sokrata!

S Y O M A

Necə, sosiska?! Gəldim!!!

Miyo, miyo, ah, miyo!!!

(Götürülür)

M A Y M A Q

Qəribədir, sən demə

Pişiklərin həyatı

Siyasi-ictimai

Durumlardan asılıymış.

(Culiya görünür.)

C U L İ Y A

Roma, Romacan!

M A Y M A Q

Bəli...

C U L İ Y A

Bəlin şirin, gəl gedək,

Təbiəti seyr edək.

M A Y M A Q

Gedək, sevimli Culiya.

Qoy bizim eşqimizlə

Sevinsin, təzələnsin,

Bəzənsin köhnə dünya.

(Musiqi. Onlar əl-ələ verib gedirlər.)

N A Ğ I L Ç I

Bəli, verib əl-ələ

Gəzdilər çöl-çəməni

Onlar belədən-belə.

Maymaq tər çiçəklərdən

Culiyaya hördü çələng,

Culiya qoydu başına,

Oldu daha da qəşəng.

Dillərdə dastan oldu

Bu əcayib məhəbbət.

Pişiklər bəslədilər

Maymağa dərin nifrət.

Hamı tənə eləyib

Qoyurdu onu lağa.

Həcvlər, ponfilitlər

Qoşurdular Maymağa.

(Syoma sosiska yeyərək gəlir.)

S Y O M A

Zita, Zita, bura gəl.

(Zita gəlir.)

Z İ T A

Nə olub, ay gödənbəl?

S Y O M A

Al ye, Zita, səninçün

Gətirmişəm məxsusi.

Z İ T A

Təşəkkürlər və mersi!

(yeyir)

Çox dadlıdır sosiska.

S Y O M A

Nuşi can olsun, kiska.

Z İ T A

Bax, bura gəlir Maymaq,

Gəl onu lağa qoyaq.

S Y O M A

Nə deyirəm, mən razı,

Elə bir yaramazı

Gəl yaxşıca dolayaq!

(Musiqi. Syoma ilə Zita oxuyurlar. Maymaq gəlir.)

S Y O M A və Z İ T A

Niyə açdın başmıza bu oyunu,

Yerə soxaq sənin pişik boyunu.

Niyə belə saralmısan, solmusan,

Kül başına, gör kimə vurulmusan,

Xərifləyib bəlkə siçan olmusan,

Bədnam etdin sən elini, soyunu,

Yerə soxaq sənin pişik boyunu.

(Mahnı bitir)

Z İ T A

Lağlağa buna azdır.

Maymaqların çarəsi,

Yalnız sillə-qapazdır!

S Y O M A

Bəli, sillə-qapazdır!

(Syoma ilə Zita Maymağı əzişdirirlər)

M A Y M A Q

Bəsdiriniz, bəsdirin,

Nə istəyirsiz məndən?!

Z İ T A

Bircə ağız miyolda,

Əmin olaq pişiksən,

Onda əl çəkək səndən!

S Y O M A

Miyo!!! Belə miyolda!

M A Y M A Q

Miyoldayım? Nə üçün?

S Y O M A

Ala, necə nə üçün?

Pişik miyoldayar da!

Z İ T A

Ay maymaq miyoldayıb

Göstər pişikliyini.

Bəlkə miyoldamağa

Pişikliyin çatmayır?

S Y O M A

Ala, pişik deyilsən?

Miyolda da, miyolda!

Bax belə, miyo, miyo!!!

Z İ T A

Bax belə, miyo, miyo!!!

(Zita ilə Syoma əttökən səslə miyoldaşıb Maymağı əzişdirirlər)

KİŞİ SƏSİ

Zəhrmar miyo, azzar miyo! Şoğəriblər! Ikinizi də aparıb azdıracağam talkuçkada.

Z İ T A

Alverçi Xankişidir.

Çox əzazil kişidir.

Syoma, tez çıx aradan.

(Götürülür)

S Y O M A

Bəxtin gətirdi, Maymaq.

(Aradan çıxır)

M A Y M A Q

Ay tanrım, ey yaradan,

Axı niyə, nə üçün

Butün pişiklər kimi

Miyoldayım mən gərək?

Məgər səssiz-səmirsiz

Ulduzları seyr etmək,

Gülləri, çiçəkləri

Kəpənəkləri sevmək,

Özündən zəiflərin

Könlünü sındırmamaq,

Onları incitməmək

Qara bir ləkə imiş

Pişiklik izzətinə?!

Ah, nə qədər dözüm mən

Fələyin zillətinə?!

Ah, təmiz məxluqları

Girinc eyləyən dünya,

Gülünc eyləyən dünya!!!

Görən indi hardadır

Ürəyimin sultanı,

Ceyran baxışlı Culiya?!

İKİNCİ HİSSƏ

N A Ğ I L Ç I

Çuğlamışdı Maymağın

Varlığını suallar.

Yazıq heç cür bir yerdə

Tuta bilmirdi qərar.

Dərin düşüncələrə

Maymaq qərq olan bir vaxt

Pişiklərin aqili

Şair, filosof Sokrat

Keyfi kök, damağı çağ,

Sözün düzü lül-atəş

Yaxınlaşdı Maymağa

Ucadan oxuyaraq...

(Musiqi. Sokrat əlində şərab şüşəsi yırğalanaraq gəlir.)

S O K R A T (oxuyur)

Şərab, tütün və qadın...

Bunlara sərf olundu

Sənin bütün həyatın,

Şərab, tütün və qadın...

Ərşə qalxdı fəryadın,

Yadından çıxdı adın,

Sındı qolun, qanadın

Şərab, tütün və qadın...

(Mahnı bitir)

M A Y M A Q

Sokrat dədə...

S O K R A T

Can oğlum...

M A Y M A Q

Başıma gələnlərdən

Xəbəriniz var yəqin.

S O K R A T

Var oğlum, al içginən,

Bir az azalsın qəmin.

M A Y M A Q

Yox içmirəm.

S O K R AT

Içginən!

Mən deyirəm içginən!

M A Y M A Q

Üz vurma, dədə Sokrat.

Şərab içmərəm heç vaxt!

S O K R A T

Eh, mən də içməyirdim,

Mən də miyoldamırdım.

Bir fövqəlpişik olmaq

Keçirdi ürəyimdən.

Gecə-gündüz kitablar

Düşməyirdi əlimdən,

Buna görə şəbədə,

Tənə gördüm elimdən.

Sən yaxşıdır siçana

Bənd olmusan, mən isə

Cavanlıqda bir nazlı

Küçüyə vurulmuşdum.

M A Y M A Q

Bəs axırı nə oldu?

S O K R A T

Axırı yaxşı oldu,

Böyüdü qapdı məni.

(hönkürür)

Mən ilk dəfə o zaman

Miyoldadım ürəkdən.

Nə qədər ki, gec deyil

Oğlum, sən də miyolda,

Qoşul öz tay-tuşuna.

Al iç, yüz əlli içsən

Miyoldamaq nədir ki,

Lap nərə çəkəcəksən.

M A Y M A Q

Ciyərim yar həsrətiylə, ay dədə, oldu kabab,

Eşqdən sərxoş olana neyləyər, söylə şərab.

S O K R A T

Yaxşı dedin, amma sən

Dünyadan bixəbərsən.

Mən aşiq bilən olsa,

Dərdimi bilən olsa.

Məcnunluq yaxşı şeydir

Qədrini bilən olsa.

(Musiqi.)

Ilahi, gör kimdir gələn,

Bu nə yeriş, bu nə bədən.

Səni əkən yerdə dədən,

Doğanda öləydi məmən.

Madonna gəlir.

M A D O N N A (oxuyur)

Gözləri qamaşdıran,

Ürəkləri coşduran,

Ağılları çaşdıran

Madonnayam, Madonna!

Mənə baxan tovlanar,

Ürəyindən ovlanar,

Vurnuxub miyoldayar

Madonnayam, Madonna.

(Mahnı bitir)

S O K R A T

Ah, Madonna, şivələrin

Dartıbdır eşqin yayını.

Busə verib ləblərindən

Sevindir Sokrat dayını.

M A D O N N A

Get miyolda tap tayını.

S O K R A T

Bu da qocaya hörmət...

Lənət sənə, ey dünya!

Lənət, lənət, min lənət!

(Gedir)

M A D O N N A

Hə, necəyəm, Maymaqcığaz?

Ah,mənimlə əylən bir az.

Bax gör necə qamətim var.

Barmaqların olar ahar

Qucaqlasan məni əgər!

Gəl yanıma, olma bifər.

Yanbızıma sözün nədir?

Yanbız deyil, möcüzədir.

Niyə durmusan key kimi?

Şığı üstümə ley kimi.

Ay gic, niyə matməhtəlsən?

Kül başına, lap əfəlsən.

(Gedir)

C U L İ Y A (gəlir)

Roma, əzizim...

M A Y M A Q

Culiya!

Bu gerçəkdir, ya xülya?

Səni gördüm gözümdə

Cilvələndi bu dünya.

C U L İ Y A

Roma, gedək mənimlə,

Atam çox istəyir ki,

Tanış olsun səninlə.

M A Y M A Q

Nə deyirəm ki, gedək...

C U L İ Y A

Gedək, Romacan gedək...

Mənim patron atamla

Dostlaşasan sən gərək!

(Maymaqla Culiya gedirlər)

Təlaşlı musiqi. Beriya gəlir.

B E R İ Y A

Ram!!!

(Ram gəlir.)

R A M

Ham!!!

B E R İ Y A

Ham!

(Ham gəlir.)

H A M

Ham, ham!

B E R İ Y A

Eşitdiz?!

H A M və R A M

Eşitdik də, gördük də!

Vəziyyəti bildik də!

B E R İ Y A

Susun! Bizə qafiyə tutub şeirlə danışmaq yaramaz! Niyə? Niyə yaramaz?

H A M və R A M

Bilmirik, şef!!!

B E R İ Y A

Çünki biz İtik, İt! Biz şeiriyyətə, poeziyaya aludə olsaq ürəyimiz yumşalar, cəmiyyətdəki bütün cinayətkar ünsürlərə poetik nəzərlərlə baxarıq, belə olanda isə... Aydındır?

H A M və R A M

Ham, ham, ham!

B E R İ Y A

Bu belə! Bilin və agah olun, pişiklərin arasında Maymaq kimisinin zühur etməsi nəinki bizim qatı düşmənlərimiz olan pişiklərçün, bütün məxluqatçın, hətta bizim özümüz üçün də böyük təhlükədir!!!

H A M və R A M

Ham-ham-ham?

B E R İ Y A

Soruşursuz niyə? O siçan tutmur, miyoldamır, gecə-gündüz təbiəti seyrə dalır. Əgər bu əcayib xasiyyət başqalarına siyarət etsə heç bilirsiz nə baş verər?

H A M və R A M

Ham-ham-ham?

B E R İ Y A

Bilmirsiz?! Onda bilin! Eşşəklər anqırmaqdan, ağnamaqdan imtina edərlər, inəklər deyərlər ki, indən belə böyürməyəcəyik, üstəlik süd də verməyəcəyik, qoyunlar mələməzlər, deyərlər qoyun deyilik, məxləs bütün məxluqat dədə-babadan qalma məziyyət və xasiyyətindən imtina edər! Onda isə dünyada xaos, anarxiya yaranar! Bu yandan da onun Şakanın qızı Culiya xanıma bənd olması! Dəhşət! Indidən biz belə psixoloji, sosioloji, bioloji, fizioloji təzahürün qarşısını almasaq... Təsəvvür edin-inək milçəyə, eşşək-dozanqurduya, qarışqa-filə, it-pişiyə aşiq olur... Faciə!!! Düzlən! Farağat! Ardımca!

(Musiqi.)

B E R İ Y A (oxuyur)

Rahat olmaz ürəyimiz,

Çalışarıq gecə-gündüz,

Iyləməsək hər bir işi,

Qorumasaq asayişi

Tutmarıq bir yerdə aram,

Dinclik olar bizə haram.

R A M və H A M

Ham-ham-ham, ham-ham-ham!

(Gedirlər)

N A Ğ I L Ç I (gəlir)

Nağılmıza davam edək,

Indi isə baxaq, görək

Gəlib çıxdılar haraya

Maymaq ilə nazlı Culiya.

(Gedir)

Musiqi. Şaka ilə onun cangüdəni Mika gəlirlər.

Ş A K A (oxuyur)

Siçanların patronu

Şakayam mən, Şakayam.

Öz elimə arxayam,

Şakayam mən, Şakayam.

(mahnı bitir)

Görəsən harda qaldı

Mənim ağıllı qızım.

Kaş tez gəlib çıxaydı

Gerçək olaydı arzum.

M İ K A

Patron, heyranam sizin

Düşüncə tərzinizə.

Maymaq bizimlə olsa

Xətər toxunmaz bizə.

Ş A K A

Mika, yadında saxla,

Müdrik siyasətçilər

Qələbə çalmaq üçün

Düşmənin içərisindən

Dost, həyan axtarıblar.

Maymaqla Culiya gəlirlər.

C U L İ Y A

Ata, tanış ol, mənim

Dostum Romadır.

M A Y M A Q

Salam!

Ş A K A

Salam, xoş gördük oğlan.

Inan Roma, əlüstü

Oldum mən sənə heyran.

Mika, tez ol təşkil et

Konyak, viski, likor, rom,

Bir də ki, hər cür çərəz.

Mənim əziz qonağım

Keyf eləsin alsın həzz.

M İ K A

Okey, patron, bu saat.

Bir qırpımda içki məclisi düzəlir.

Ş A K A

Dostluğmuzun şərəfinə!

Hə, Romacan, əlli at.

M A Y M A Q

Çox sağ olun içmirəm.

Ş A K A

Iç, əla viskidir bu.

M A Y M A Q

Axı içən deyiləm...

C U L İ Y A

Roma öz Culiyasının

Sağlığına əlli yox,

Düz yüz əlli içəcək.

Iç əzizim, içginən.

M A Y M A Q

Sənin eşqinə, Culiya! (içir)

Ş A K A

Necə viskidir?

M A Y M A Q

Əla!

Qızışdı birdən içim,

Əlli də süzün, içim.

Ş A K A

Əla, xalis kişisən. (süzür)

C U L İ Y A

Qiyamət pişpişisən.

M A Y M A Q

Hamının sağlığına! (içir)

Ş A K A

Qızım, Culiya, dur oyna.

C U L İ Y A

Okey, papulya, okey!

(Culiya rəqs edib oxuyur)

Qarayağız bir gözələm,

Qorxuram ki, gözə gələm.

Bənd olsa da mənə aləm,

Mənim sevgilim Romadır,

Şeyda bülbülüm Romadır.

Roma, Roma, Romacan,

Gəl öp məni doyuncan.

Maymaqla Culiya rəqs edirlər.

M A Y M A Q

Culiya, Culiya, Culiyacan,

Etdin məni yarımcan.

Mahnı və rəqs bitir.

Ş A K A

Hə, sevimli dostumuz,

Sənin şərəfinədir,

Indi bizim tostumuz.

Bu sağlığı içirəm,

Bizə arxa duracaq,

Qudurğan pişiklərin

Qabağında aslantək

Nərildəyib duracaq

Romanın sağlığına.

Güvənəcək bu gündən

Bütün siçanlar ona!

M A Y M A Q

Necə, necə, necə, mən...

C U L İ Y A

Bəli, bəli, Roma sən

Qaragün siçanlara

Havadar olmalısan!

Dağ kimi durmalısan

Önümüzdə sən bizim!

Buna görə əzizim,

Miyoldayıb pişik ol,

Hamımıza keşik ol!

M A Y M A Q

Necə, Culiya?!

C U L İ Y A

Miyolda!

M A Y M A Q

Miyoldamaq? Heç zaman!

Ah, anladım, indi mən,

Neyçünmüş bu nəvaziş,

Neyçünmüş bu naz-qəmzə,

Bu qonaqlıq, bu məzə...

C U L İ Y A (ona sillə vurur)

Kəs səsini zırrama!

M A Y M A Q

Necə, Culiya, sən məni?..

C U L İ Y A

Tez olun, hazır edin

Çubuğu fələqqəni.

Musiqi. Fələqqə və çubuqlar hazır olur.

C U L İ Y A

Salın ayaqlarını

Tez olun fələqqəyə.

Bir-iki çubuq dəyəndə

Gələr ağlı başına.

Maymağın ayaqlarını fələqqəyə salırlar.

C U L İ Y A

Vurun!

Maymağın ayaqlarına çubuqla vururlar.

M A Y M A Q

Culiya!..

C U L İ Y A

Miyolda, Maymaq!

Sənin kimi bir qorxaq

Axı nəyimə gərək!

Tez ol miyolda görək!

M A Y M A Q

Miyoldamaq? Heç zaman!

C U L İ Y A

Vurun! Vurun!

Maymağın ayaqlarına vururlar.

M A Y M A Q

Ay aman!

Ey tanrım, ey yaradan!

Neçindir bu zülümlər,

Neçindir bu əzablar,

Neçindir bu sitəmlər?!

Ş A K A

Miyoldayıb sən əgər,

Pişiklik göstərməsən

Sən nə özünkülərə

Nə də bizə gərəksən!

Miyolda, gic oğlu gic!

M A Y M A Q

Heç bir vaxt!

C U L İ Y A

Onda vurun!

Musiqi. Maymağı döyürlər. Qəflətən it hürüşməsi, pişiklərin miyoltusu eşidilir.

Ş A K A

Əkilin! Tökülüşüb bura gəlir İt-Pişik!

Siçanlar sivişib aradan çıxırlar, itlər-pişiklər gəlirlər.

B E R İ Y A

Tanrına şükür elə ki, özümüzü çatdırdıq, geciksəydik o dünyalıq olacaqdın. Açın ayaqlarını fələqqədən!

Maymağın ayaqlarını fələqqədən açırlar.

S O K R A T

Hə, anladınmı, Maymaq,

Dəhşətdir bu dünyada

Hamısından seçilib

Belə qəribə olmaq.

Hə, əzizim, miyolda,

Sən də qoşul bizlərə.

M A Y M A Q

Necə, miyoldayaraq

Qoşulummu sizlərə?

Əgər mən miyoldayıb

Olsam sizin tayınız,

Onda özünüz deyin,

Kimə deyərsiz Maymaq!?

Daha mümkün deyildir

Məni heç bir qüvvəylə

Öz-özümdən qoparmaq!

Mən Maymaq doğulmuşam,

Maymaq da qalacağam.

Öz maymaq aləmimdə

Gəzib dolanacağam.

Musiqi. Maymaq gedir. Nağılçı gəlir.

N A Ğ I L Ç I

Hə, Maymağın nağılı

Burada çatır sona.

Gəliniz xoşbəxt günlər

Arzulayaq biz ona.

(oxuyur)

Hərə özüylə olacaq,

Hərə özüylə qalacaq,

Hərə özüylə öləcək

Qiyamətəcən, qiyamətəcən.

Ayrılmayın gözünüzdən,

Ayrılmayın sözünüzdən,

Ayrılmayın özünüzdən

Qiyamətəcən, qiyamətəcən.

XS
SM
MD
LG