Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 11:43

«Ölkədə ikiqat devalvasiya gözlənilir»


Bakıda valyutadəyişmə məntəqəsi.
Bakıda valyutadəyişmə məntəqəsi.

-

Avqustun 24-də «Azadlıq»ın baş məqaləsi belə adlanır.

«Ərzaq məhsulları bahalaşandan sonra ölkədə dollar qıtlığı yaranıb. Buna səbəb hökumətin növbəti dəfə devalvasiyaya gedəcəyindən ehtiyat edən əhalinin sürətlə dollar toplamağa başlamasıdır. Doğrudur, Mərkəzi Bank yayılan məlumatları əsassız adlandırır. Bankın iddiasına görə, həm nağd, həm də qeyri-nağd valyuta üzrə bankların tələbatı tam təmin olunub və yeni ehtiyacların ödənilməsi üçün də kifayət qədər valyuta ehtiyatı mövcuddur», - qəzet yazır.

Daha sonra «Azadlıq» reallığın Mərkəzi Bankın iddialarını alt-üst etdiyini vurğulayır, banklarda dollar satışına məhdudiyyət qoyulduğunu bildirir. Qəzet yazır ki, Mərkəzi Bankın açıqlamalarına baxmayaraq, devalvasiya zərurətə çevrilib. «Məsələn, iqtisad elmləri doktoru Qubad İbadoğlu «Facebook» səhifəsində yazıb ki, manatın nəinki ikinci, hətta üçüncü devalvasiyası da baş verə bilər. Ekspert hesab edir ki, hazırkı daxili iqtisadi vəziyyət və mövcud xarici konyunktura inzibati qaydada tənzimlənən və valyuta ehtiyatlarının azalmasını şərtləndirən manatın məzənnəsini yaxın dövrlərdə daim təzyiqlər altında saxlayacaq. «Nə qədər ki, Mərkəzi Bank milli valyutanı bazara müdaxilə yolu ilə tənzimləyəcək, bir o qədər də manatın taleyi ilə bağlı narahatçılıq qalacaq. Odur ki, Azərbaycan manatının xilas yolu ilk növbədə valyuta bazarının və bütövlükdə iqtisadiyyatın liberallaşmasından keçir. Əks təqdirdə, islahatlar aparılmayacaqsa, manatın nəinki ikinci, hətta üçüncü devalvasiyası da baş verə bilər», - Qubad İbadoğlu qeyd edib».

Çantalar.
Çantalar.

DƏRSƏ GEDƏN BİR UŞAĞIN XƏRCLƏRİ

«Yeni Müsavat» qəzeti «Dərsə gedən bir uşağın xərcləri» ilə maraqlanıb.

Qəzet yazır ki, təkcə bir uşağı birinci sinfə yola salmağa 200 manat lazımdır. Valideyn Mətanət Məsimova deyib ki, məktəbin başlamasına bir həftə qalmış bugünkü qiymətlər bir neçə dəfə qalxacaq: «Əgər indi 1-2 manat bahalaşma varsa, məktəbə yaxın bu 4-5 manat olacaq. Biz, demək olar ki, məktəb bazarlığını etmişik. Hələ ki, 200 manat pulum çıxıb. Məktəb ləvazimatlarını 2 ay əvvəldən çıxarıb satsaydılar, biz də ucuz ikən alardıq. Amma bu, satıcılara da sərf etməz deyə, məktəbin başlamasına az qalmış satırlar».

Satıcılar isə qiymətlərin onlardan asılı olmayaraq qalxdığını deyirlər. Qəzetin yazdığına görə, məktəb ləvazimatlarının qiyməti satış nöqtəsinin yerləşdiyi əraziyə görə də dəyişir: «Misal üçün, məktəbli çantaları «Neftçilər» metrosu yaxınlığında 15-30 manat arasında satılırsa, «Metropark»da 50-180 manata idi. Burada 220 manata da çanta almaq mümkün idi. Ancaq bu çantaların alıcıları, demək olar ki, yox idi. Satıcı satdıqları çantaların keyfiyyətli və Türkiyə istehsalı olduğu üçün bahalı olduğunu bildirib».

Megafun
Megafun

BÖYÜKLƏR BALACALARI NECƏ SOYUR...

virtualaz.org isə uşaqların bahalı əyləncəsindən yazır: «Bakıda «əsəbi istirahət»: böyüklər balacaları necə soyur...».

Sayt Bakıdakı uşaq əyləncə mərkəzlərində qiymətlərin od tutub yandığını bildirir: «Son illər paytaxtda onlarla uşaq əyləncə mərkəzləri, istirahət məkanları açılıb. Yəni seçim imkanı artıb. Amma say artımı keyfiyyətə, qiymətlərə təsir etmir. İndi bu əyləncə mərkəzlərində 2-3 saatlıq normal istirahət üçün ya 200-300 manat xərclənməli, ya da uşağı gözüyaşlı, kor-peşman geri qaytarmalısan».

virtualaz.org yazır ki,«28 Moll» ticarət mərkəzində əyləncə təkcə adına görə 20-50 manata, «Metro Park»da isə 50-60 manata başa gəlirsə, «Megafun» əyləncə mərkəzində 100-150 manat xərcləməlisən.

«Tom və Cerri» əyləncə mərkəzində də vəziyyət fərqli deyil.

Daha çox 3-10 yaşlı uşaqlar üçün münasib olan aparatlarda bir dəqiqəyə güllə vurmaq, maşın sürmək, tennis oynamaq, yellənmək mümkündür. 1 dəqiqədə 2 manatı beş güllə ilə vurmaq üçün cibin dolu olması lazımdır, təbii ki...».

KOR-KORANƏ YOX, TƏKAMÜL YOLU İLƏ

«Azərbaycan bu gün bütün regional məsələlərdə əsas söz sahibi kimi çıxış edir».

Rəsmi «Azərbaycan» qəzetinin məqaləsi belə adlanır.

Qəzet yazır ki, Azərbaycan təkcə sosial-iqtisadi deyil, siyasi müstəvidə də bir çox problemləri geridə qoyub: «Bir vaxtlar dünya xəritəsində tanınmayan, bədnam erməni lobbisinin təsiri ilə müxtəlif təzyiqlərə, təhdidlərə, ədalətsizliklərə məruz qalan, informasiya blokadası şəraitində haqlı mövqeyini dünyaya çatdıra bilməyən Azərbaycan bu gün tamam fərqli statusda çıxış edir».

Qəzet ötən 12 ildə yürüdülən siyasətdən danışır və ölkənin öz inkişafının Qərb modelini müəyyənləşdirərək davamlı iqtisadi inkişafa və demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük verdiyini bildirir.

XS
SM
MD
LG