Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:11

Xammal ölkələri niyə dardadır?


Bütün dünya boyunca xammal ixrac edən ölkələr çətin günlərini yaşayır. Azərbaycan, Qazaxıstan və başqa “keçmiş sovetlər” də onların arasında.

AzadlıqRadiosunun müxbiri Charles Recknagel yazır ki, Qazaxıstan 15 il müddətində ixrac etdiyi xammalın hesabına iqtisadi artım yaşayıb, lakin indi bu gəlhagəlin bədəlini ödəyir.

Qazaxıstanda milli valyuta sərbəstləşən kimi ucuzlaşıb
Qazaxıstanda milli valyuta sərbəstləşən kimi ucuzlaşıb

Ölkə elə ki, ötən həftə öz milli valyutasının məzənnəsini sərbəst buraxdı və hökumət qiymətli kağız bazarına müdaxiləsini dayandırdı, tenge dərhal dəyərinin 25 faizini itirdi.

Odur ki, investorlar indi Qazaxıstana adi xammal ölkəsi kimi baxmağa başlayıblar. Xammala əsaslanan “yüksəliş köhləni” daha əvvəlki sürətlə çapa bilmir, çünki bütün dünyada bütün xammalların qiymətləri eniş dövrünü yaşayır və hökumət bütün yüksəliş dövrü ərzində xammaldan başqa investorları cəlb edəcək elə bir sərfəli sektor yaratmayıb.

Neft sərxoşluğunun meyxoşluğu

Məqalədə deyilir ki, Qazaxıstanın nümunəsi onun kimi başqa neft, qaz, metal xammalı ölkələrinin necə riskli bir vəziyyətdə olduqlarını göstərir. Çünki xammal qiymətlərini öncədən proqnozlaşdırmaq mümkün olmayacaq dərəcədə çətindir.

Onlar ötən onillik ərzində xammal qiymətlərinin yüksəlişindən bəhrələniblər, amma indi çarx tərsinə fırlanmağa başlayıb

"Onlar ötən onillik ərzində xammal qiymətlərinin yüksəlişindən bəhrələniblər, gəlirləri, amma onunla yanaşı daxili tələbatları da artıb, - deyir Londonda mənzillənmiş iqtisadçı William Jackson, - amma indi çarx tərsinə fırlanmağa başlayıb – Çinin artım sürəti azalır, investisiya perspektivləri narahatlıq doğurur, bu da öz növbəsində mallara tələbatı azaldır və qiymətlər düşür”.

İndi xammala qlobal tələbatın azaldığı bir vaxtda, bütün mallar kimi xammal da ucuzlaşır, investor tələbatı da enir. Hökumətlər daha az gəlir gəldiyinin şahidi olurlar, xarici valyutaya daha çox pul ödəmək lazım gəlir. Bu ölkələrin əhalisi isə xammalın satışından alınan pulla gətirilən xarici malların bahalaşması ilə üzləşirlər.

Çin “bir az yavaşıyanda”

Əksər xammal ixrac edən ölkələr üçün onun qiymətdən düşməsi gözlənilməz olub, çünki bu qiymətlər son aylaradək kifayət qədər yüksək idi. Amma çox az hökumətlər bildirdilər ki, bu, Çinin sürətli iqtisadi artımına görə belədir. Çin sürətlə sənayeləşirdi, şəhərləşirdi, yeni infrastruktur inkişafdaydı, buna görə də alüminium, mis və polada və əlbəttə enerjiyə tələbat artırdı. Bu gün Çin xammal materiallarının ən böyük qlobal idxalçısıdır. Bunların əksəriyyəti isə başqa inkişaf etməkdə olan ölkələrdən gəlirdi.

Çin iqtisadiyyatı son altı ildə ən böyük yavaşımanı yaşayır
Çin iqtisadiyyatı son altı ildə ən böyük yavaşımanı yaşayır

Lakin indi Çin, necə deyərlər, “bir az yavaşıyıb” və onun iqtisadi sürətinə bağlı bütün qalan qlobal proseslər də səngiməyə başlayıb.

Avqustun 11-də Pekinin milli valyuta olan yuanın 2 faizlik devalvasiyasına getməsi – bu isə son 20 ildə ən böyük devalvasiya faizi olub – Çin iqtisadiyyatının daha az neft və qaza tələbatı olacağını göstərib. Üstəlik, bu, OPEC-in hasilat və neft qiymətlərilə “oynadığı” bir vaxtla üst-üstə düşüb.

Bu gün neftin son 6 ildə ən aşağı qiymətə düşməsi bütün bunlarla bağlıdır.

Çinin yavaşıması ilə parallel olaraq avqustun 24-də London, Paris, Frankfurt birjalarında səhm qiymətləri sürətlə çöküb.

ABŞ-daWall Street son dörd ildə ən ağır gününü yaşayıb.

Avropa və ABŞ bazarlarında baş verənlər investorların qeyri-müəyyən vəziyyətdə olduqlarını göstərir. Onlar Çinin bir sıra iqtisadi problemləri necə həll edəcəyini bilmirlər. Axı bu ölkə son 6 ildə artımın ən aşağı sürətini yaşayır.

Dərs dərs olacaqmı?

İndi iqtisadçılar deyirlər ki, hazırda xammal bazarında baş verənlər iqtisadiyyatlarını ixrac üzərində quran ölkələr üçün bir dərsdir. Onlar artıq ekspertlərin durmadan tövsiyə etdikləri kimi iqtisadiyyatlarlını şaxələndirməlidirlər.

Leonid Bershidsky avqustun 24-də Bloomberg View-da yazırdı ki, Qazaxıstan “xammal tələsinə düşüb”.

O qeyd edirdi ki, Qazaxıstan neft ixracından gələn vəsaiti “elə ixracat sektorunun inkişaf etdirilməsinə töküb”, nəticədə “1990-cı illərdən bəri neft hasilatı üç dəfə, metal istehsalı isə 2 dəfə artıb”. Neft bu gün Qazaxıstan ixracının 55, metallar isə 14 faizini təşkil edir. Sənaye mallarının ixracatı sektoru baxımsız qalıb.

"Keçmiş qardaşlar" eyni dərddə

Məqalədə deyilir ki, keçmiş Sovet İttifaqının respublikaları da ifrat şəkildə xammal ixracına söykəniblər.

Bütün ixracının 39 faizini neft təşkil edən Rusiya neft qiymətlərinin düşməsi nəticəsində 2014-cü ilin iyunundan bəri milyardlarla dollar itirib.

Azərbaycanda ixracatın 88 faizini neft təşkil edir.

Keçmiş Sovet İttifaqının respublikaları ifrat şəkildə xammal ixracına söykəniblər

Türkmənistanda bütün ixracatın 81 faizi təbii qazdır. Lakin qazın da qiymətləri neftlə bərabər düşməkdə davam edir.

Özbəkistan ixracında iki əsas xammal var: pambıq və avtomobillər. Lakin dünya bazarlarının ifrat təchizatı nəticəsində son beş ildə pambığın da qiymətləri aşağırdır.

Ukraynada bütün ixracın 9 faizi dəmir filizidir. Burada da eyni mənzərə mövcuddur. Bazar doludur, qiymətlər düşür.

Belarusda ixracın 6 faizi potaşa aiddir. Lakin yenə də qlobal ifrat təchizat ucbatından gübrənin bir tonunun qiyməti 475 dollardan 300 dollara düşüb.

Qırğızıstan ixracatının 34 faizi qızıldır. Bu qiymətli metal da iyul ayında son iki il ərzində ən böyük qiymət tənəzzülü yaşayıb. O vaxt bir unsiyanın qiyməti 1080 dollar idi. Son vaxtlarda qiymət bir qədər dirçələrək 1150 dollar olub. Bir çox investorlar qızılı əvvəllər olduğu kimi “salamat material” qısmındə görmürlər.

Qiymətli metallar qiymətdən düşür

Tacikistanın əsas ixracat xammalı alüminiumdur. Bu, ölkə ixracının 59 faizini təşkil edir. Alüminiumun da qiyməti son 12 ayda 19 faiz azalıb. Səbəb bazarın aşırı təchizatı və təlabatın aşağı olmasıdır.

Xammal ixracı ayrılıqda davamlı inkişaf yolu ola bilməz

Gürcüstanda qızıl və misin ixracı 5 faiz təşkil etsə də, burada da satışdan gəlirlər xeyli azalıb.

Ermənistanda mis filizinin ixracı bütün ixracatın 13 faizini təşkil edir. Misin dünya bazarındakı qiyməti son 12 ayda 23 faiz düşüb.

Beləliklə, ekspertlərin dediyi kimi iqtisadiyyatını xammal ixracatı üzərində quran bir çox ölkələr “xammal tələsinə” düşüblər.

Təcrübə isə göstərir ki, təkcə xammal eksportu firavanlıq gətirə bilməz.

“Xammal ixracı ayrılıqda davamlı inkişaf yolu ola bilməz. Bu sahədə çox işçiyə ehtiyac yoxdur. Onların səriştəli olmasına da ehtiyac yoxdur" – yazır Leonid Bershidsky, - Diqqətəlayiqdir ki, inkifaf etməkdə olan bütün uğurlu bazarlar Çin və Şərqi Avropa dövlətləri kimi istehlak mallarının istehsalına diqqət verən ölkələrin payına düşür”.

XS
SM
MD
LG