Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:57

Hökumətə mərd sözünü deyən 8 rus


Rusiya hökumətini açıq tənqid etdiyinə görə təqib olunan professor Andrey Zubov
Rusiya hökumətini açıq tənqid etdiyinə görə təqib olunan professor Andrey Zubov

1968-ci il, avqustun 25-də səkkiz sovet vətəndaşı Qırmızı meydana gələrək o vaxtkı Çexoslovakiyaya sovet hərbi müdaxiləsinə etiraz bildirmişdi. Belə ruslar bu gün də az deyil

1968-ci il, avqustun 25-də səkkiz sovet vətəndaşı Qırmızı meydana gələrək o vaxtkı Çexoslovakiyaya sovet hərbi müdaxiləsinə etiraz bildirmişdi. “Sizin və bizim azadlığımız naminə” yazılmış plakatın altında dayananlar çox tez bir zamanda DTK tərəfindən həbs edildilər. Onların əksəriyyəti bu “donkixotsayağı” hərəkətə görə sürgün olundular, bir çox illəri həbsxanalarda keçirdilər.

İndi, həmin hadisədən 47 il sonra bəzi Rusiya vətəndaşları eyni hissləri yaşayırlar. Vicdanları onları əksər rusların qəbul etmiş kimi göründükləri siyasətlərə etiraz etməyə sövq edir. Aleksey Navalny, Boris Nemtsov, Pussy Riot, Yevgeniya Chirikova kimi fərqli düşünənləri Qərbdə yaxşı tanıyırlar. Lakin fərqli düşüncəli bir çoxları layiq olduqları diqqəti görmürlər.

Odur ki, AzadlıqRadiosu 1968-ci ildə Qırmızı meydanda etiraz aksiyası keçirmiş səkkiz nəfəri - Larisa Bogoraz, Konstantin Babitsky, Tatyana Bayeva, Vadim Delaunay, Vladimir Dremlyuga, Viktor Fainberg, Natalya Gorbanevskaya və Pavel Litvinov-u daha az diqqət mərkəzində olsalar da həyatları, işləri və azadıqları üçün riskə girən bir neçə başqa rusla tanış etməklə yad edir.

Andrei Zubov

Andrei Zubov fəlsəfə professoru və tanınmış siyasi şərhçidir. O, prezident Putini Adolf Hitlerə bənzətdiyi üçün işini titirib.

Mən ukraynalılara göstərmək istədim ki, Rusiyada heç də hamı Putinin mövqeyini bölüşmür

Zubov 2014-cü ilin martında “Vedomosti” qəzeti üçün yazdığı sütunda Rusiya qoşunlarının Krımı ilhaq etməsini Hitlerin 1938-1939-ci illərdə Avstriyanı anneksiya etməsinə bənzədib. O, həmin yazıda xəbərdarlıq edirdi ki, “Rusiya siyasi diktaturaya çevrilmək təhlükəsi qarşısındadır”.

“Mən ukraynalılara göstərmək istədim ki, Rusiyada heç də hamı Putinin mövqeyini bölüşmür” – demişdi o vaxt Zubov AzadlıqRadiosuna.

Bu yazıdan dərhal sonra Zubov prestijli Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutundakı vəzifəsindən qovulub. Bu hadisə qalmaqala səbəb olduğundan universitet qərarını ləğv etmiş, lakin buna baxmayaraq 3 ay sonra professorun kontraktını uzatmamışdı.

O hazırda müxtəlif institutlarda mühazirələr oxuyur və çıxışlar edir.

Aleksei Dymovsky

2009-cu ilin noyabrında Rusiya polisinin zabiti Aleksei Dymovsky YouTube saytına qoyduğu videoda polisdəki korrupsiyanı tənqid edib və Putini hüquq-mühafizə orqanlarını təmizləməyə çağırıb.

O işindən qovulub və ona qarşı sonradan ləğv olunmuş fırıldaqçılıq ittihamı irəli sürülüb.

Onun bu hərəkəti Rusiyada başqa polis zabitlərini, dövlət ittihamçılarını və hökumət qulluqçularını buna bənzər video müraciətlərlə çıxış etməyə həvəsləndirib.

Dymovsky Rusiyanın cənubundakı doğma Novorossiyskdən Moskvaya köçüb və müxalif fəaliyyətə qoşulub. O polisdə islahatları dəstəkləyən “Ağ lent” qeyri-hökumət qrupunun yaradıcısıdır.

Sergei Baranov

Keşiş Sergei Baranov 2012-cü ildə, Pussy Riot kollektivinin üç üzvünün Moskvanın əsas xristian məbədində Putin-ə qarşı “punk etirazı” stilində mahnı oxuduğuna görə həbs edilməsinə etiraz olaraq, nümayişkəranə bir şəkildə Rusiya Pravoslav Kilsəsini tərk edib.

Hökumətdən alınan pullardan nəm həbsxana kameralarının, sökülmüş tarixi binaların, OMON çəkmələrinin iyi gəlir...

Özünün Facebook səhifəsində yerləşdirdiyi açıq məktubunda Baranov yazırdı ki, Pussy Riota qarşı hökm “Rusiya Pravoslav Kilsəsinin və özlərini yanlış olaraq “pravoslav vətəndaş adlandıranların” birbaşa diqtəsi ilə çıxarılıb.

Özünə qarşı zorakılıq törədiləcəyindən ehtiyat edən Baranov Rusiyadan qaçaraq Çexiyada siyasi sığınacaq istəyib. Çexiya Respublikası ona 2013-cü ildə sığınacaq verib.

O, 2013-cü ilin mayında AzadlıqRadiosuna Yunan Katolik Kilsəsinə keçməyi planlaşdırdığını dedikdən sonra ortalıqda görünmür.

Darya Polyudova

Krasnodar diyarından olan Kommunist Partiyası fəalı, vəkil Darya Polyudova-ya qarşı ekstremizm ittihamı irəli sürülüb və onu sosial mediada dərc etdiyi bir şəklə görə 5 ilədək həbsxana cəzası gözləyə bilər. Həmin fotoda Daryanın əlində tutduğu lövhədə “Ukraynada müharibədənsə, Rusiyada inqilab” yazılmışdı.

Darya Polyudova
Darya Polyudova

Bundan əlavə o, sosial mediada “Putindən xilas olmağa və sosialist inqilabına” çağıran postu təkrar göndərdiyinə görə başqa ittihamlarla üzləşib.

Onun müdafiə vəkilləri bildirirlər ki, Daryanın qanunlarla problemləri 2014-cü ilin avqustunda “Kuban regionun federallaşdırılmasını” tələb edən yürüşdə iştirakından sonra başlanıb. Hakimiyyət orqanları həmin yürüşü “Rusiya Federasiyasının ərazi bütövlüyünə qəsd” kimi qiymətləndirmişdi.

O məhkəməyə qədər altı ay həbsxanada saxlanıb və nəhayət fevral ayında rayondan çıxmayacağı barədə iltizam verdikdən sonra azad olunub. Onun ittihamnaməsində yazılıb ki, “hazırkı prezidentə şəxsi antipatiyası var” və “Rusiya Federasiyasının indiki siyasi rejiminə nifrət edir”.

Mayın 21-də o hüquqşünas kimi çalışdığı yerli xəstəxanadakı işindən qovulub. İyunun 2-də ona özəl hüquq firmasından iş təklifi olub, lakin təklif onun dediyinə görə, yerli Federal Təhlükəsizliyi Xidmətinin yerli idarəsinin təzyiqilə ertəsi gün geri götürülüb.

Vlad Kolesnikov

Rusiyanın Ukraynaya müdaxiləsinə qorxmadan etiraz etməsi moskvalı yeniyetmə Vlad Kolesnikovu bəlaya salıb.

Özünün Facebook səhifəsində bir neçə qeydlər yazdıqdan və məktəbə Ukraynanı dəstəkləyən mayka geyindikdən sonra bu ilin əvvəllərində başqa məktəblilər tərəfindən hücuma məruz qalıb.

Bundan sonra keçmiş DTK zabiti olan babası onu qatara oturdaraq uzaq Samara rayonundakı Jiqulyovsk şəhərində yaşayan atasının yanına göndərib. O tezliklə məktəbindən “öz xahişi ilə” xaric edilməsi barədə məktub alıb.

Vlad Kolesnikov
Vlad Kolesnikov

“Mən bütün bunlara güləcək qədər güclüyəm və ürəyimin dərinliyində inanıram ki, doğru yol tutmuşam” – yazır Kolesnikov 11 iyun tarixli emosional postda.

Kolesnikovun postu ona Facebook-da rəğbət edən 3 min davamçı toplayıb.

O indi Moskvaya qayıdıb və deyir ki, onu guya babasının pəncərəsinə daş atmaqda ittiham edən polislə çəkişmədədir. O belə bir hərəkət etmədiyini bildirir.

O deyib ki, polis onun keçmiş məktəb müəllimləri və yerli deputatlarla birlikdə ən yaxşı dostuna onun əleyhinə ifadə verməsi üçün təzyiq göstərirlər.

Kolesnikov bildirib ki, Rusiyadan qaçmaq istəyir.

Aleksei Devotchenko

Məşhur aktryor Aleksei Devotchenko özünün bütün hökumət təltiflətrini geri qaytarıb və mədəniyyət xadimlərini Rusiya hökumətini və ya dövlət şirlkərlərini dəstəkləyən tədbirlərdə iştirakdan imtina etməyə çağırıb.

2010-cu ilin martında Devotchenko həmkarları olan aktyorlara və mədəniyyət xadimlərinə “Biz nəsə edə bilərikmi?” çağırışlı açıq məktub dərc edib.

Aleksei Devotchenko
Aleksei Devotchenko

Bu məktubda Devotchenko “kriminal, başdan-ayağa pozğun və həyasız rejimi” tənqid edib və aktyorları hökuməti dəstəkləməməyə çağırıb. O yazırdı ki, hökumətdən və dövlət şirkətlərindən alınan pullardan nəm həbsxana kameralarının, baxımsız xəstəxanaların, evsizlər üçün sığınacaqların, yandırılmış arxitektura abidələrinin və sökülmüş tarixi binaların, gecə klublarının və qocalar evlərinin iyi gəlir. “Bu pullardan iğtşaş polisi OMON-un çəkmələrinin iyi gəlir” – yazırdı aktyor.

2012-ci ildə o özünün dövlət mükafatlarından imtina edib və 2014-cü ildə Ukraynadakı müharibənin əleyhinə məktub yazıb.

2014-cü ilin noyabrında onun meyiti Moskvadakı mənzilində tapılıb. Üstündəki qandan düşünmək olardı ki, sərxoş vəziyyətdə yıxılaraq ağır xəsarət alıb.

Pyotr Pavlensky

Sankt Peterburqlu rəssam, Putin hökumətinə qarşı bir neçə aksiyalar keçirib. O Pussy Riot qrupu üzvlərinin həbs edilməsinə etiraz olaraq ağzını tikib, “polis dövləti”nə etiraz kimi xayasını Qırmızı meydana mismarlayıb və Rusiyanın ruhi xəstəxanalarında baş verən qanunsuzluqlardan narazılıq ifadə etmək üçün qulağının bir parçasını kəsib.

29 yaşlı Pavlensky ən azı 2012-ci ildən bəri siyasi tamaşa sənəti üzrə “ixtisaslaşıb”. O vaxt o, Pussy Riot qrupunu dəstəkləmək üçün ağzı tikilmiş vəziyyətdə Sankt Peterburq kilsəsinə gəlmişdi. O psixiatr müayinəsinə aparılmış, lakin ağlı başında olduğu təsdiq edilərək, sərbəst buraxılmışdı.

Polislər Pyotr Pavlensky-ni həbs edirlər
Polislər Pyotr Pavlensky-ni həbs edirlər

Növbəti il Pavlensky əynində yalnız tikanlı məftillə Sankt Peterburq Dumasının qarşısına gəlmişdi. Onun niyyəti “kriminallara yox, adi insanlara qarşı yönəlmiş qanunlara” etiraz etmək idi.

O, 2013-cü ilin noyabrında yenə də lüt şəkildə Qırmızı meydana gəlmiş, xayalarını iri mıxla yerə mismarlamışdı. O öz bəyanatında deyirdi ki, “Yerə mıxlanmış xayalarına baxan rəssam süstlüyü, siyasi laqeydliyi və Rusiya cəmiyyətinin fatalizmini təcəssüm etdirir”.

2014-cü ildə məhkmə Pavlenskly-yə qarşı xuliqanlıq ittihamına xitam verib və o, azad olunub. Hazırda onun işi siyasi nümayişlər haqqında qanunun pozulması və vandalizm ittihamı ilə təhqiqata götürülüb.

Aleksandr Byvshev

2015-ci ilin aprelində Oryol vilayətinin Xromı rayon məhkəməsi “Ukrayna vətənpərvərlərinə” şeirini yazdığına görə yerli orta məktəbin 42 yaşlı alman dili müəllimi Aleksandr Byvshev-i ekstremizm ittihamı ilə məhkum edib.

2014-cü ildə yazılmış bu şeirdə, Rusiya tərəfindənKrımın elə o vaxt baş verən ilhaqı kəskin tənqid olunurdu.

Aleksandr Byvshev
Aleksandr Byvshev

​Byvshev “Rusiya Federasiyasının ali rəhbərliyinin siyasi qərarları barədə mənfi bəyanatlar yaymaqda” təqsirli bilinərək 6 ay icbari əməyə məhkum edilib. Byvshev-in rəsmi Federal Maliyyə Monitorinqi Xidmətinin internet səhifəsindəki “terrorçu-ekstremist” nömrəsi 841-dir.

Byvshev bu yaxınlarda verdiyi müsahibədə bildirib ki, vəkili ona əgər Kremli dəstəkləsəydi, istədiyi qədər “ekstremist” ola bilərdi deyib.

“O deyib: “Məsələn, əgər sən yazsaydın ki, ukraynalıları öldürün, Kiyevi bombalayın! –sizi heç kəs ekstremizmdə ittiham etməzdi. O zaman siz Xromının, hətta Rusiyanın bir nömrəli vətənpərvəri olardınız” - deyibByvshev.

Hazırda onun işi apellyasiya məhkəməsindədir və Byvshev deyir ki, lazım gələrsə, Avropa İnsan Haqları Məhkəməsinə qədər gedəcək.

XS
SM
MD
LG