Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 17:34

Məktəb, yoxsa… park?


20 saylı məktəb 56 il öncə və indi
Gözlə

No media source currently available

0:00 0:03:26 0:00

20 saylı məktəb 56 il öncə və indi

-

«Ötən ilin yayında qəflətən valideynləri toplayıb dedilər ki, məktəb təmirə bağlanır. Düzü, təəccüb qaldıq. Bu məktəbin təmirinə 1 milyon 600 min manat xərcləmişdilər. Təmirdən çıxdığı da 10 il deyildi heç».

Bu yaxınlarda sökülmüş 20 saylı məktəbin yerində park salınacağını eşidən valideynlər narazı qalıblar.

«İKİNCİ İLDİR Kİ, YOLLARDAYIQ»

Sevil Hüseynovanın qızı bu ilin sentyabrında 4-cü sinfə gedəcək. Ancaq əvvəllər təhsil aldığı 20 saylı məktəbdə yox, Yeni Yasamaldakı məktəblərdən birində oxuyacaq. Ana deyir, keçmiş məktəblə üzbəüz binalardan birində yaşayır. Ətrafdakı bir neçə məktəbə baş çəksə də, yer olmadığından məcbur qalıb övladını uzaq məsafədəki məktəblərdən birinə yazdırıb:

«Hələ də sualımız cavabsız qalıb – bu məktəbi kim və niyə sökdürdü? Bizi niyə aldatdılar ki, məktəbi söküb təzəsini tikirlər? Bu oyunun arxasında kim dayanır? Minlərlə şagird və valideyni necə aldatmaq olardı? Bu, ən azı, tərbiyəsizlikdir. Adamı aldadasan ki, məktəb təmirə bağlanır, sonra başlayasan sökməyə… Gəlib soruşanda da aldadasan ki, arxayın ol, yerində uşağına təzə, daha müasir məktəb tikilir. Sonra da çıxıb deyəsən ki, keçmiş məktəbin yerində park salınır. Nə qədər qeyri-ciddi məmurlarımız var… Bunların hansı sözünə inanasan?».

Valideyn Simuzər Haqverdiyeva: «Dedilər, məktəbin yenidən tikilməsinə prezident 15 milyon manat ayırıb, bəs o 15 milyon hara getdi? Axı bunu küçə adamından eşitməmişik, rəsmilər deyib. Prezident deyir, məktəb tikilsin, icra başçısı deyir, park salıram. Kimin nə ixtiyarı var ki prezidentin verdiyi sərəncamdan o tərəfə çıxsın?».

Simuzər Haqverdiyevanın üç övladı yaşadıqları ərazidən xeyli kənardakı orta məktəblərdən birində təhsilini davam etdirir. Valideyn deyir, yaşadıqları yerdə məktəblərə müraciət etməyin mənası yoxdur:

«Məktəblərin qapısına yaxın düşmək olmur. Deyirlər, boş yer yoxdur».

«NAZİRƏ, YOXSA BAŞÇIYA İNANMALI?»

Sentyabrın 2-də valideynlər, keçmiş məktəbin ərazisinə toplaşaraq etirazlarını təkrar dilə gətiriblər.

Yasamal rayon İcra Hakimiyyətindən bildirilib ki, keçmiş məktəbin yerində park yox, elə məktəb tikiləcək. Ərazidə söküntü işləri bitsə də, heç bir tikinti aparılmadığına gəlincə, hazırda şəhərin çox yerində tikinti işlərinin dayandırılması əsas göstərilib.

20 nömrəli məktəb keçən ilin iyunundan təmirə bağlanıb. Əraziyə vurulan lövhədə yeni binanın dekabrın 1-də istifadəyə veriləcəyi yazılıb.

2014-cü ilin dövlət büdcəsindən məktəbin yeni binasının tikintisi üçün 5 milyon, bu il isə 10 milyon manat ayırıb. Ancaq hasarlanmış ərazidə keçmiş məktəb binasından əsər-əlamət qalmasa da, yeni tikinti işi gözə dəymir.

Burada təhsil almış şagirdlər ikinci ildir ki, yaşadıqları ərazilərdən məsafəcə uzaq məktəblərə getmək məcburiyyətindədirlər.

Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov sökülən məktəbin yerində park salınacağı ilə bağlı açıqlama verdikdən sonra valideynlər narahat olmağa başlayıb.

Təhsil naziri Mikayıl Cabbarov isə bu məsələdə anlaşılmazlığın olduğunu bildirib. Deyib ki, məktəb tikintisinin layihə eskizi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunub və 2016-2017-ci illərdə başa çatdırılması planlaşdırılır.

XS
SM
MD
LG