Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 13:45

«Südçülük sovxozu»nda işıq axtaranlar...


Elektrik lampası
Elektrik lampası

-

«Qaş qaraldı ha, bu tərəflər təhlükəli əraziyə çevrilir. Zülmət küçələr qalır vəhşi itlərin ümidinə... Hünərin var gəl burdan keç».

Xəzər rayonu, Binə qəsəbəsində «Südçülük sovxozu» adıyla tanınan yeni yaşayış məskəni var. Buranın sakinləri illərdir zülmətdən çıxa bilmirlər. Səbəb - elektrik xətlərinin olmamasıdır.

Sakinlərdən Bəyalı Şükürov «Qaynar xətt»ə deyir ki, dördüncü ildir bu ərazidə torpaq alıb ev tikib. Vaxtilə tək-tük ev tikilən ərazidə indi o qədər ev var ki, iynə atsan yerə düşməz. Ancaq bu evləri bir dərd birləşdirir: işıq dərdi:

NÖYÜT LAMPASININ ÜMİDİNƏ QALIBLAR

«Yay-qış nöyüt lampasının işığında otururuq. Prezidentimiz də sağ olsun, deyir, daha nöyüt də tükənir (gülür)... Yaxşı, bəs 21-ci əsrdə nöyüt işığında oturarlar?..».

Sakin deyir, ana xəttin keçdiyi dirək yaşadıqları ərazidən xeyli uzaqdadır. İşıq idarəsinin işçiləri isə hər dəfə gəlib evlərə işıq çəkəcəklərini vəd etməklə onları aldadırlar:

«Toplaşırıq, gedirik «Azərişıq»ın Xəzər rayonundakı şöbəsinə. Ərizəmizi götürüb, deyirlər, gedin, gəlib işığınızı çəkəcəyik. Gəlib oturub aylarla gözləyirik...».

Yeni yaşayış massivinin başqa sakini Sübhan Kərimov deyir, elektriksizlik burada yaşayan ailələrin həyatını iflic edib:

«Qaş qaraldı, evlər, küçələr zülmətə bürünür. Oğurluq, cinayət baş alıb gedir. Küçə itlərinin qorxusundan giririk evə, çölə çıxmırıq. Evimizə gələn qonaq yanında da üzüqara oluruq. Bir tərəfdən buralara nəqliyyat az-az işləyir, saat 6 oldu, ümumiyyətlə nə avtobus, nə taksi taparsan. İşdən gələndə bir neçə kilometr aralıda düşüb əlimizdə çomaq, küçə itlərindən qoruna-qoruna gəlirik».

ÖLÜMLƏ OYNAYANLAR

Sakinlərin bəziləri vəziyyətdən çıxış yolu tapdıqlarını düşünsələr də, əslində, həm özlərinin, həm də ərazidə yaşayanların həyatlarını təhlükəyə atıblar. Məsələn, Zəlimxan Abbaslı deyir, ana xətdən torpağın altıyla evinə elektrik xətti çəkib. Ancaq indi naqillər bir neçə yerdən sıradan çıxıb. Bu da onu qonşularla üz-üzə qoyub:

«Tapdalandıqca qırıq-qırıq olub. Allah eləməsin, biri qırıq yeri tapdalasa, cərəyan elə yerindəcə qurudar. Ona görə də hər gün yoxlayıram ki, görüb harada qırığı var, «skoçlayım». Ancaq bu, mənim günahım deyil, gəlsinlər, işıq xətti çəksinlər, biz də belə bəsit yollara əl atmayaq. İşıq istəyirik».

«Azərişıq» ASC-nin Xəzər rayon şöbəsindən bildiriblər ki, yaşayış evlərinə ana xətdən işıq çəkilməsi üçün yeni yaşayış massivinin sakinləri əvvəlcə qeydiyyata alınmalıdırlar. Sonra isə xəttin çəkilməsi üçün rüsum ödəməlidirlər.

ƏLLƏRİ CİBLƏRİNDƏ OLMASA...

Hüquqşünas Fuad Hüseynov sakinlərə abonent olmaq üçün yaşadıqları ərazi üzrə ASAN xidmətə üz tutmağı məsləhət görür.

«Xəzər rayonu üzrə ASAN xidmət Bakıxanovda yerləşir. Orada «Azərişıq» ASC-nin nümayəndələri oturur. Ərizəylə müraciət etsinlər, qeydiyyata alınsınlar. Yalnız müvafiq rüsumu ödəyəndən sonra elektrik xəttinin çəkilişinə nail ola bilərlər».

Bir sözlə, keçmiş «Südçülük sovxozu»nu işıqlı görmək istəyən təzə sakinlər əllərini ciblərinə salmalıdırlar.

XS
SM
MD
LG