Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 09:28

Ekspertlərdən ilin sonu üçün bədbin proqnoz


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Rusiyadan Azərbaycana pul köçürmələri 40%-dən çox azalıb, büdcədə ixtisarlar gözlənilir» – «Azadlıq» qəzeti belə yazır.

Bu ilin II rübündə Rusiyadan Azərbaycana 190 mln. ABŞ dolları həcmində vəsait köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 144 mln. ABŞ dolları və ya 43.11% azdır.

Rusiyadan pul köçürmələrinin azalması sırf bu ölkədəki iqtisadi durumla bağlıdır. Amma Rusiyadan pul köçürmələrinin getdikcə azalması Azərbaycandakı sosial-iqtisadi durum üçün də yaxşı heç nə vəd etmir.

Digər tərəfdən, hazırda dünya bazarında neftin qiymətinin qeyri-müəyyən olması Azərbaycanın neft gəlirlərinə ciddi təsir edir. Neft gəlirlərinin azalması ölkə büdcəsinin formalaşmasında da problemlərin yaranacağı deməkdir. Büdcədə kəsirə isə daha çox investisiya xərclərinin məruz qalacağını söyləmək olar. İnvestisiya xərclərinin kəsilməsi isə iş yerlərinin itirilməsi və sosial problemin dərinləşməsi deməkdir.

2016-cı ilin büdcəsinə gəlincə, iqtisadçı Samir Əliyev bildirdi ki, bu büdcənin əvvəlki illərdəki kimi olacağı inandırıcı deyil. 2015-ci ilin büdcəsinin tarixə ən böyük proqnoz büdcəsi kimi düşəcəyini deyən ekspert vurğuladı ki, gələn il büdcədə 4-5 milyard azalma müşahidə ediləcək.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev də deyir ki,yaxın zaman Azərbaycan əhalisinə asan olmayacaq. Dövlət xərcləmələrinin azalması, bir sıra iş yerlərinin bağlanması ixtisarlara gətirib çıxarıb».

VERGİLƏR ARTSA, YANACAQ BAHALAŞACAQ

«Bizim Yol» qəzeti yazır ki, ekspertlər Azərbaycanda iqtisadi aktivliyin artırılması üçün yanacağın qiymətinin aşağı salınmasını vacib sayırlar. Onların fikrincə, bu addım fevral devalvasiyası nəticəsində hazırda müşahidə edilən kütləvi bahalaşmanın qarşısını müəyyən qədər ala bilər.

Foto illüstrasiya.
Foto illüstrasiya.

İqtisadçı-ekspert Samir Əliyev «Bizim Yol»a bildirib ki, yanacağın qiymətlərinə yenidən baxılaraq onun ucuzlaşdırılması istiqamətində addımlar atılarsa, ölkədə inflyasiya təzyiqi azala bilər: «Fevral ayındakı devalvasiyadan sonra ölkədə sürətli qiymət artımı gedir. Hələ ki, bahalaşmanın qarşısını inzibati yollarla almağa çalışırlar. Amma inzibati metodlar qısa müddətli effekt verir, uzun müddətli olmur. Ona görə də bahalaşma prosesi davam edəcək. Bu, hələ birinci devalvasiyanın təsiridir. İkinci devalvasiyadan sonra nələrin baş verə biləcəyindən danışmıram. Düşünürəm ki, bu prosesin yavaşıldılması üçün yanacağın qiymətinin aşağı endirilməsinə ehtiyac var. Hökumət buna təkcə SOCAR-ın «qazancı» kontekstindən yanaşmalı deyil».

«Neftin ucuzlaşması fonunda büdcə gəlirlərinin azalmasının qarşısını almaq üçün aksiz vergilərinin yenidən artırılmayacağına təminat yoxdur. Hökumətdə büdcəni doldurmaq üçün vergi daxilolmalarının artırılması niyyəti açıq hiss olunur. Belə olacaqsa, yəni aksiz vergiləri artırılacaqsa, yanacağın yenidən bahalaşması gündəmə gələcək. Bu dəfə qazanc SOCAR-a yox, dövlət büdcəsinə çatacaq. Bahalaşmanın zərərini isə əhali görəcək», -deyə iqtisadçı qeyd edib.

ERMƏNİ LOBBİSİNİN İŞTİRAKI İLƏ...

«Ölkədə söz azadlığı və mətbuat azadlığı ilə bağlı, insan hüquqlarının pozulması ilə bağlı informasiyalar ortaya atırlar. Bununla da Azərbaycanda demokratiyanın olmadığını iddia edir və bunu dünya ictimaiyyətinə inandırmağa çalışırlar. Təbii ki, burada erməni lobbisinin də böyük iştirakı var. Bu sayaq məsələlərdə media silah rolunu oynayır. Ölkələrə təzyiq göstərmək üçün, ölkələri müəyyən təzyiq altında saxlamaq üçün medianın gücündən istifadə etməyə çalışırlar» – yap.org.az yazır ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O, baş vermiş hər bir hadisənin həmin ölkənin milli maraqlarına uyğun olaraq şərh edilməsinin vacibliyindən danışıb.

Almaniyada etirazlar - 2013.
Almaniyada etirazlar - 2013.

ANTİAZƏRBAYCANÇI DAİRƏLƏR ÖZ HƏDƏFLƏRİNƏ ÇATMAYACAQ

«Qlobal böhranlı proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşmür və ilk növbədə ölkəmizə valyuta daxilolmalarının azalmasında özünü göstərir». «Azərbaycan» qəzeti belə yazır. Onu da qeyd edir ki:

«Neftin qiymətinin son dövrlərdə kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatında artım tendensiyası dəyişməyib. Bu artım daha çox qeyri-neft sektorunun hesabına təmin edilib. Bu ilin əvvəlindən indiyədək Azərbaycan iqtisadiyyatı 6 faizədək artıb. 2015-ci ilin ötən dövründə qeyri-neft sektorunda qeydə alınan 9 faizdən çox artım dünyada nadir hallarda rast gəlinən mühüm iqtisadi hadisədir. Bu uğurlar onu göstərir ki, Azərbaycan iqtisadiyyatı dünyada müşahidə olunan ağır problemlərin öhdəsindən layiqincə gəlib və qarşıdakı dövrlərdə də böyük uğurların əldə ediləcəyinə şübhə yoxdur».

Daha sonra qəzet Azərbaycanın uğurlarının daim Qərb dünyasında, ABŞ-da, Avropada qısqanclıqla qarşılanmasından yazır:

«ABŞ və Avropa İttifaqının bəzi üzv ölkələri Azərbaycanda baş verən və onların maraq dairəsində olan hansısa qanun pozuntusunu dərhal demokratiyaya zidd hərəkət kimi qiymətləndirirlər. Onların təsiri altında olan və maliyyələşdirdikləri QHT-lər isə xor şəklində öz etirazlarını bildirir, hesabatlar hazırlayırlar. Lakin özlərində baş verənlərlə bağlı, məsələn, mitinqlərin itlər vasitəsilə dağıdılmasına, irqçiliyin baş alıb getməsinə, miqrantlara qarşı qeyri-insani davranışlara görə susurlar. Ksenofobiyanın baş alıb getdiyi Qərb ölkələrində irqi və dini zəmində, miqrantlara qarşı qeyri-insani davranışlarla bağlı qarşıdurmalar həmişə baş verib və indi də davam edir. Lakin insan hüquq və azadlıqları Qərb ölkələri rəhbərliyinin tənqidə qarşı dözümsüzlüyünün başladığı an bitir. Bütün bunlar bir daha göstərir ki, Qərbin demokratiya dərsi keçmək iddiasına düşməyə haqqı yoxdur».

XS
SM
MD
LG