Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:30

Xədicə İsmayıl "Washington Post"a nə deyib?


-

“Azərbaycanda inadkar araşdırmaçı jurnalistika ABŞ-ın təlim keçdiyi jurnalistin həbsinə gətirdi”

ABŞ-ın nüfuzlu “The Washington Post” qəzeti dünyada xəbərləmə işinin insan həyatı bahasına başa gəlməsindən bəhs edən növbəti yazını dərc edib.

Müəlliflər Dana Priest, Anita Komuves və Courtney Mabeus-un imzasıyla dərc olunmuş məqalədə deyilir ki, ABŞ hökuməti hər il xarici jurnalistlərin bacarıqlarının təkmilləşməsi üçün milyonlar xərcləyir, ancaq nadir hallarda bu səylər Azərbaycanda Xədicə İsmayılova kimi media superstarının meydana çıxması ilə nəticələnir.

“2003-cü ildə Bakıda ABŞ-ın maliyyələşdirdiyi araşdırma seminarına qatılanda İsmayılovanın 27 yaşı vardı. 30 yaşında Vaşinqtonda “Amerikanın Səsi” üçün işləməyə başladı və radio yayımı sahəsində təcrübə qazandı. İki ildən sonra isə ölkəsinə təlimçi kimi qayıtdı. Az sonra AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri kimi, sonralar radioda proqram aparıcısı və araşdırmaçı jurnalist kimi çalışdı”.

"ONUN ÜZƏ ÇIXARDIĞI GİZLİ SƏRVƏTLƏR..."

“2010-cu ildən başlayaraq, İsmayılova telekommunikasiya, tikinti, qızılçıxarma, otel, media və hava xidməti sənayesində hökumətin gizlin razılaşmalarını üzə çıxardı. Onun sensasiyalı araşdırmaları beynəlxalq mükafatlara, Dövlət Departamentinin, eləcə də qlobal anti-korrupsiya qruplarının təltiflərinə layiq görüldü. Ancaq dekabrda o, həbs olundu. Onun üzə çıxardığı gizli sərvətlər Azərbaycan prezidenti İlham Əliyev və ailəsinə məxsus idi. O, yazırdı ki, onlar vəzifələrindən yararlanaraq, dövlət pulu hesabına varlanıblar”.

"XƏDİCƏNİN HƏBSİ QİSASÇILIQDIR"

Yazıda Xədicə İsmayılovaya irəli sürülən ittihamlardan, ona 7 il yarım həbs cəzası kəsilməsindən bəhs olunur. AzadlıqRadiosu isə jurnalistin həbsini məqalələrinə görə ondan qisas alınması ilə izah edir.

“Bu hökm Xədicənin hökumət korrupsiyasını aşkarlamasına görə açıq-aydın qisasçılıqdır və ölkədəki digər jurnalistlərə xəbərdarlıqdır”, xaricdə müstəqil medianı dəstəkləyən Yayım İdarəediciləri Şurasının (Broadcasting Board of Governors- BBG) sədri Jeff Shell belə deyir:

"Azərbaycan hökuməti beynəlxalq ictimaiyyətə nümayiş etdirib ki, mətbuat azadlığını gözü götürmür, öz toxunulmazlığını dəstəkləyir, insan haqlarına hörmət qoymur”.

ABŞ SİYASƏTİNİN UĞURSUZLUĞU

“The Washington Post” yazır ki, Xədicə İsmayılovanın ABŞ-ın sponsorluq etdiyi jurnalistika seminarlarından həbsxana kamerasına getdiyi yol əslində ABŞ siyasətinin bügünkü uğursuzluğunun göstəricisidir:
“Bir tərəfdən ABŞ qurumları İsmayılova kimi araşdırmaçı jurnalistlərə təlim keçir, onları maliyyələşdirir. Konqres bu maliyyə ilində dünyada “media və informasiya azadlığı proqramları”na 64 milyon dollar ayırıb... Digər tərəfdən mətbuat azadlığı və insan haqları ABŞ-ın xarici siyasətində hərbi, kəşfiyyat, neft və digər biznes maraqları ilə nisbətdə arxa plana keçir”.

McCain İnstitutunda insan haqları üzrə mütəxəssis David J. Kramer deyir ki, Azərbaycanda olan digər maraqlar insan haqları problemlərini sıradan çıxarıblar:

“Xədicə və digər jurnalistlərin həbsinin qəbuledilməzliyini Azərbaycan hökumətinə aydın şəkildə başa salmaq üçün ABŞ hökuməti heç təzyiq göstərmir, sanksiyalar qoymur,” .

TƏKZİB VERƏN OLMADI

Martda AzadlıqRadiosu və Beynəlxalq Yayım Bürosunun (IBB) iki rəsmisi Bakıya gedib, xarici işlər naziri, milli təhlükəsizlik müşaviri, prezidentin daha iki müşaviri, prokurorluq və vergi rəsmiləri ilə görüşüb.
“Dedim ki, “onun yazıqlarını təkzib edən konkret informasiyanız varsa, bizə verin,” bunu IBB-nin direktoru müavini Jeffrey N. Trimble deyir və əlavə edir ki, ona heç nə verməyiblər, heç əməkdaşlığa meyl də göstərməyiblər.

Azərbaycan səfirliyi “The Washington Post”-un suallarını cavablandırmaqdan imtina edib.
Prezidentin köməkçisi Əli Həsənov isə məhkəmə hökmündən sonra mediaya deyib ki, “İsmayılovaya jurnalist fəaliyyətinə dəxli olmayan konkret cinayət əməlləri törətdiyi üçün ittihamlar irəli sürülüb. Məhkəmə ittihamları tam sübut edib və adekvat qərar çıxarılıb. Bu səbəbdən… bəzi beynəlxalq təşkilatların, digər ölkə rəsmilərinin, insan haqları təşkilatlarının hökmü siyasiləşdirmək cəhdləri qəbuledilməzdir”.

XƏDİCƏNİN "WASHINGTON POST"A CAVABI...

Məqalədə vurğulanır ki, İsmayılovanın həbsindən öncə rəsmilər onu dövlətin düşməni kimi təsvir edib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev İsmayılovanın “ictimaiyyətin tanınmış üzvlərinə destruktiv münasibət”indən yazırdı.
39 yaşlı İsmayılova hazırda saxlandığı Kürdəxanı təcridxanasından bu məqalə üçün sualları cavablandırıb:

“Araşdırmaları ona görə dərc edirik ki, insanların bilmək hüququnu dəyərləndiririk. İnsanların bilmək hüququ uğrunda mübarizə aparacağını, korrupsiyaya qurşanmış siyasətçilərin məsuliyyətə cəlb olunmasına çalışacağını gözləyirəm”.

“The Washington Post” yazır ki, hökumət bütün televiziya stansiyalarına yiyələnib, bütün qəzetlər də demək olar ki, prezidentə bağlanır.
“Azərbaycan Birləşmiş Ştatların dostudur və radikal islama qarşı savaşda tərəfdaşıdır. Ancaq bu, onların torpağıdır, neftin Qərb istiqamətində axması vacibdir,” Nümayəndələr Palatasının üzvü, Konqresdəki Azərbaycan qrupunun həmsədri Steve Cohen deyir. Ancaq Cohen əlavə edir ki, Prezident Əliyev “insan haqları barədə danışsa da, bunu əməldə görmürük”. Cohen bu yaxınlarda Əliyevə göndərilən məktubu imzalayanlar sırasındadır. Müəlliflər Əliyevi çağırırdılar ki, AzadlıqRadiosunun bağlanması məsələsinə yenidən baxsın.

XƏDİCƏNİN DOSTLARI ONUN HAQQINDA...

İsmayılovanı tanıyan istənilən adamdan onu təsvir etməsini istəyəndə, əvvəlcə şaqqanaq çəkir.

“O, adama sağlam başağrısı verir”, həmkarı Ayaz Əhmədov belə deyir.

“O, Azərbaycanda ən cəsarətli adamdır!” Bakı Dövlət Universitetinin professor Altay Göyüşov söyləyib.
Məqalədə daha sonra Xədicənin intellektual ailədə böyüməsindən, türk və rus dillərini yaxşı bilməsindən, karyerasındakı uğurlardan bəhs olunur. Jurnalist Ələkbər Raufoğlu onu 1990-cı illərin ortalarından tanıyır:
"Bəzən onu sevmirsən, çünki hər şeyi üzünə deyir; heç vaxt arxanca danışmaz".

ELMARLA XƏDİCƏNİN FƏRQİ

İsmayıovanın ABŞ jurnalistika texnikasına yiyələnməsi isə Azərbaycanda sülalə keçidi, İlham Əliyevin atasını əvəzləməsi ilə eyni vaxta təsadüf edir. Müəlliflər Xədicənin Don Ray, Drew Sullivan, Paul Radu kimi jurnalistlərdən öyrəndiyini, onlarla birgə işlədiyini qeyd edirlər.
İsmayılova vaxtilə Don Ray-ə müsahibəsində deyib ki, 2005-ci ildə “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov öldürüləndə özünü günahkar sayıb: “Özümü idarə də bilmirdim, ağlamağımı dayandıra bilmirdim”.

Vaxtilə Hüseynovun Əliyevlər ailəsinə qarşı sənədsiz iddialar irəli sürüdüyünü düşünən Xədicə, daha sonra anlayıb ki, o, təkbaşına hakimiyyətin izinə düşüb və düzgün yolda olub, ancaq bunu necə etməyin yollarını bilməyib.

2010-cu ildə “The Post” prezident ailəsinin Dubay mülkləri barədə yazması azərbaycanlı jurnalistlərə də bir təkan oldu.

Məqalədə daha sonra Xədicənin prezident ailəsinin biznesini aşkarlayan araşdırmalarından bəhs olunur. Jurnalistin özəl həyatına dair görüntülərin yayılması da onu yolundan çəkindirə bilməyib və araşdırmaları dərc etdirib.

MELİA DA XƏDİCƏYƏ QAYITMAMAĞI MƏSLƏHƏT GÖRÜB

İsmayılovanın məqalələri ölkədə kiçik demokratiya etirazlarına səbəb olur, Əliyev hökumətinin istefasına çağırışlar səslənir. O, da qırmızı xətti keçərək bu etirazlara qoşulur. Drew Sullivan çalışır ki, İsmayılova ancaq jurnalistika ilə məşğul olsun, ancaq “o, düşünürdü ki, hökumət o qədər pisdir və hüquqları pozur ki, o da tərəf tutmalıdır,” Drew Sullivan deyir.

Xədicəyə təzyiqlər artır və bir dəfə saxlanır da. ABŞ rəsmisi Thomas Melia xatırlayır ki, bir dəfə Xədicəyə vətənə qayıtmamağı, DC-də qalıb aranın sakitləşməsini gözləməyi təklif edib. Xədicə isə imtina edib və Melia-ya deyib ki, “məni tutsalar, danışın, etiraz edin”.

Dekabrın 6-da Xədicə həbs olunur. “Bilirdim ki, məni tutacaqlar,” Xədicə həbsxanadan deyir. “Mən qaçıb aradan çıxanlardan deyiləm”.

2008-ci ildə Xədicəni Bakı bürosunun rəhbəri təyin etmiş Kənan Əliyev deyir: “O, elə bir qadındır ki, hökumət onu təhqir edir, ancaq o, savaşmaqdadır; o, zorlanır, ancaq yenə savaşır. O, deyir ki, “bundan qorxmamalıyıq”. O, hazırda Azərbaycanın simvoludur”.

“İsmayılovanın həbsi ABŞ-ın müstəqil mediaya dəstəyinin limitini göstərir. Redaksiya məqalələri ABŞ siyasətini əks etdirən Amerikanın Səsi yalnız hökm çıxarılan gün, sentyabrın 1-də ona redaksiya məqaləsi həsr edib”.

“TOP ONLARDADIR”

Dövlət Departamenti isə İsmayılovanı dəstəkləyən qısa bəyanatlarla kifayətlənib.
Həmkarları, Konqresin bəzi üzvləri Departamenti jurnalistin buraxılması üçün çox çalışmadığına görə tənqid edir, münasibətlərdə neft və təhlükəsizliyin üstünlük təşkil etdiyini bildirir.
Departamentin insan haqlar təmsilçisi Tom Malinowski isə qurumun hərəkətlərini müdafiə edir. “Biz çox çalışdıq, onlar da münasibətlərə təsir edən formada əks reaksiya verdilər. Mühitin yaxşılaşdırılması üçün nə etməyin gərəkdiyini anlayırlar, indi top onların meydançasındadır,” deyən rəsmi konkret misal çəkməkdən imtina edib.
İsmayılovanın isə bu barədə fikri belədir:
“İnsan haqları və demokratiyanı enerji və təhlükəsizlik əməkdaşlığına qurban verən qərb siyasətçiləri bilməlidirlər ki, korrupsiya və mütəşəkkil cinayətkarlığın sərhədi yoxdur,” o, həbsxanadan bildirir. “Digər ölkələrdə bu xəstəliklərə dözməklə, onlar öz ölkələrini korrupsiyanın üzünə açırlar”.
Hakimiyyət ölkədə siyasi motivlərlə heç kəsin həbsə atılmadığını, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını bildirir. Rəsmi «Azərbaycan» qəzeti isə avqustun əvvəlində «The Washington Post», «Guardian» kimi nüfuzlu media orqanlarını ölkəyə qarşı kampaniyaçılıqda, Bakıyla Qərb arasında «atəşkəs»i pozmaqda ittiham edib.

XS
SM
MD
LG