Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:48

“Mən bu intiharda interneti günahlandırıram”


►İcra nümayəndəsi məktəblinin intiharından danışır

Sentyabrın 15-də daha bir 12 yaşlı məktəbli intihar edib. Hadisə Cəlilabad rayonunda baş verib.

Bundan bir gün qabaq isə İsmayılli rayonunda oxşar hadisə yaşanıb, məktəbli özünü asıb.

Sosial şəbəkələrdə səslənən iddialara görə, məktəb çantası və köynək ala bilməməsi uşağın intiharına səbəb olub. Hərçənd, sonradan ailəsi bunu təkzib edib, amma konkret səbəb göstərilməyib.

Cəlilabaddakı olayın səbəbləri barədə də hələ ki, rəsmi açıqlama yoxdur. Rayonun Gülməmmədli kənd icra nümayəndəsi Hüseyn Səfərov AzadlıqRadiosuna müsahibəsində faktı təsdiqləyir, amma bunu kasıbçılıqla bağlamır.

- Müasir uşaqlarda psixoloji gərginliklər var. Bu, birinci hadisə deyil. İkinci, ya üçüncü hadisədir ki, baş verir.

- Sizin kənddə?

- Bəli.

- Əvvəlki hadisələr nə zaman baş verib?

- Əvvəlki hadisələr də hardasa üç il əvvəl olub.

- Bəs o vaxtki olayların səbəbi nə olub?

- Elə o vaxtkının da, indikinin də səbəbləri eynidir. Bilirsiz, o uşaqların da, indiki uşağın da ata-anası sakit, fağır adamlardır. Mənə elə gəlir ki, televiziya, mətbuatı izləmək uşaqlarda psixoloji gərginlik yaradır. Çünki əvvəllər buralarda belə hadisələr baş verməyib. Xüsusilə, oğlan uşaqlarında gərginlik var.

- Hüseyn müəllim, ailəni tanıyırsız, maddi imkanları necədir?

- Belə hallar ehtiyacdan baş vermir. Ötən əsrin 60-cı illəri Azərbaycanın ən ağır vaxtları olub. Amma adamlar hər cəhətdən möhkəm idi. Mən bu intiharda interneti günahlandırıram.

- Kənddə hər kəsin evində kompüter, internet varmı?

- Kompüter yoxdu, amma hamının mobil telefonu var, ordan da internetə girib istədikləri şeyləri oxuya, baxa bilirlər. Bundan başqa, kasıb ailələr belə çanaq antenası quraşdırıb dünya televiziyalarına baxa bilirlər.

“İndiki uşaqlarda bir dözümsüzlük var”

- Uşağın başqa bacı-qardaşı varmı, yoxsa tək uşaq olub?

- Kənddə heç vaxt tək uşaq olmur. Əlbəttə, bacı-qardaşı varıydı. Mən əvvəl intihar edən uşaqların ailələri ilə söhbət eləmişəm, hamımız bir-birimizi tanıyırıq. Bilirsiz, indiki uşaqlarda bir dözümsüzlük var, qorxaqlıq yaranıb, həyatdan qorxurlar sanki. Biz də kəndçi balasıyıq, uşaqlıqda yağışda-palçıqda ayağıyalın məktəbə getmişik.

- Hüseyn müəllim, ailənin uşaqlarının ən zəruri xərclərini qarşılamağa imkanı varmı?

- Bilirsiz, bu gün elə ailə yoxdur ki, uşağına müəyyən şeyləri almağa gücü çatmasın. Düzdür, hazırda kəndlərdə çox çətinlik var. Kütləvi işsizlik halları var. Kənd təsərrüfatı məhsulları yaxşı pula getmir. Amma biz həyatı müşahidə edən insanlarıq, məncə, bunlar intihara səbəb ola bilməz.

- Deyirsiz, son üç ildə 3-cü hadisədir baş verir. Bir icra nümayəndəsi kimi nə təklif edərdiz?

- Məktəblərdə psixoloqa ehtiyac var. Özü də deyərdim ki, bu, bütün dərslərdən vacibdir. Bilirsiz, keçid dövrüdür, insanları hazırki ictimai quruluşa hazırlamaq lazımdır. Sovet dövründə insanlar acıydı, amma elə ümidlə yaşayırdılar ki, sanki gələcəkdə qızıl əsr olacaq. Amma indi gənclərdə ruh düşkünlüyü, içlərində elə bil ölüm makinası işləyir.

“…ümid yoxdur”

- Yəni gələcəyə heç bir ümidləri yoxdu…

- Qətiyyən yoxdur. Hətta savadlı uşaqlarda belə ümid yoxdur.

- Hüseyn müəllim, sizin məktəbin məzunları arasında ali məktəbə qəbul olunma səviyyəsi necədir?

- 1990-cı illərdən sonra uzun müddət ali məktəblərə qəbul olunanların sayı az idi. Amma bir-iki ildi ki, ali məktəb tələbəsi olan məzunlarımız çoxalır.

- Bu, məktəblilərə bir stimul verirmi?

- Verir, amma sözü deməklə iş həll olmur. Adamların psixoloji gərginliyi bir-iki ilə yaranmır, hələ bir müddət də belə gedəcək. Cəlilabad “narkotika” nədi, bilməzdi, indi “narkotika”da rayon birinci yerə çıxıb. Çox adam tanıyıram, işi də var, yüksək maaşı da var, amma ruhu ölüb. Kəndlərdə sürətlə boşalma gedir. Gənclər Rusiyaya, Azərbaycanın iri şəhərlərinə gedirlər. Psixoloji gərginliyi yaradan səbəblər çoxdur.

XS
SM
MD
LG