Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 14:31

"Azərbaycana sanksiya qoyulması real deyil"


Eldar Məmmədov
Eldar Məmmədov

►"Sanksiyaların o qədər də faydalı olduğuna inanmıram. Biz bunun faydasız olduğunu İran, Belarus, Kuba misalında görmüşük".

Avropa Parlamentində Sosialistlər və Demokratlar Qrupunun siyasi müşaviri Eldar Məmmədov Azərbaycan Avropa Birliyi münasibətləri haqda AzadlıqRadiosuna müsahibə verib.

- Eldar bəy, Avropa Parlamentinin tənqidi qətnaməsinə cavab olaraq Milli Məclis Avronest Parlament Assambleyasını tərk etmək barədə sənəd qəbul edib. Bu hadisə nə qədər əhəmiyyəlidir və Azərbaycan Avropa Birliyi münasibətləri üçün nə qədər mühümdür?

- Avronest özlüyündə o qədər də vacib qurum deyil, Avropa Birliyi və Azərbaycan arasındakı münasibətlər üçün o qədər əhəmiyyətli rol oynamır.

Bu qurumu Avropa Birliyi Şərq Tərəfdaşlığı proqramı çərçivəsində qonşu ölkələrin deputatları ilə münasibətləri nizamlamaq üçün yaradıb.

Burda iştirak yaxşıdır, amma bütövlükdə AB ilə münasibətlərin fonunda Avronesti tərk etmək o qədər də əhəmiyyətli və əsaslı hadisə sayılmaz. Hətta deyərdim ki, Avropa Parlamenti ilə razılaşmamağı göstərməyin ən asan və ağrısız yolu elə Avronestdən çıxmaq idi.

Bunun Azərbaycanın AB ilə münasibətlərinin onurğa sütunu sayılan enerji əməkdaşlığı üçün heç bir təsiri olmayacaq. Bu, Azərbaycan tərəfdən razılaşmama göstəricisi idi, amma son günlər baş verənlərin əhəmiyyətini şişirtməyin tərəfdarı deyiləm.

Buna da bax: Meydan TV-nin yoxa çıxan əməkdaşı tapıldı

- AB ilə Azərbaycan arasında indi münasibətlər hansı səviyyədədir bəs? Bu münasibətləri beşballıq şkala üzrə qiymətləndirəsi olsaq…

Avronestin Bakıda keçirilən yığıncağı, 2012
Avronestin Bakıda keçirilən yığıncağı, 2012

- Hazırda münasibətlərin səviyyəsini aşağı qiymətləndirərdim. Amma münasibətlərin bu həddə düşməsi ilk dəfə deyil, əvvəllər də belə hallar olub.

Düzdür, Avropa Parlamentinin son qətnaməsi bir az sərt idi. İlk dəfə deyil ki, Milli Məclis Avropaya acıqlı məktub göndərir.

Emosiyalar sakitləşəndə adətən tərəflər yol tapırlar. Hər iki tərəfin maraqlarına cavab verəcək -ticarət, iqtisadiyyat müstəvisində razılığa gəlirlər. amma hazırda ritorik olaraq gərginlik var.

- Hesab edirsiniz ki, bu qətnamənin davamı kimi sanksiyalar, müəyyən şəxslər üçün viza qadağaları kimi gözləntilərin əsası yoxdur?

- Bəli. Real deyil bütün bunlar. Çünki Avropa Birliyinin üzvləri bunun üçün bir araya gəlməli, müəyyən birgə tədbir haqda qərar verməlidirlər.

Xüsusilə də viza qadağası qoyulması üçün. Hər şeydən əvvəl deməliyəm ki, Avropa Parlamenti sanksiya tətbiq etmək iqtidarında deyil.

Parlament yalnız üzv ölkələrə müraciət edə bilər. Hesab etmirəm ki, bu cür sanksiyaların tətbiqi üçün zaman yetişib. Çünki bəzi üzv ölkələrin Azərbaycanla yaxın münasibətləri var. Bundan başqa, sanksiyaların o qədər də faydalı olduğuna inanmıram. Biz bunun faydasız olduğunu İran, Belarus, Kuba misalında görmüşük.

Buna da bax: Bakı-Sumqayıt yolunda dəhşətli qəza- [fotolar]

- Amma belə arqumentlər də var ki, İranı Qərblə əməkdaşlığa qaytaran, Belarusu siyasi məhbusları azad etməyə məcbur edən məhz sanksiyaların tətbiqi oldu.

- Bu çox mübahisəli məsələdir. İranın geri dönməsinin iki səbəbi var- İranda daha praqmatik prezident Həsən Ruhani hakimiyyətə gəldi və danışıqlarda beynəlxalq ictimaiyyət, xüsusilə də ABŞ güzəştə getdi.

Əgər ABŞ-ın güzəştləri olmasa idi, İranı yola gətirmək çətin olardı.

Belarusla bağlı sual budur ki, AB Belarusa sanksiyaları lap çoxdan qoymuşdu. Niyə prezident Lukaşenka indi siyasi məhbusları azad etmək qərarına gəldi? Demək başqa səbəblər var. Yəqin ki, iqtisadi vəziyyətin pisləşməsi səbəbindən Belarus AB ilə yaxın münasibətlər istəyir. Eləcə də Ukrayna ətrafında baş verənlər və s.

XS
SM
MD
LG