Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 06:05

Təzə qatar azıb Sumqayıtın yerinə Siyəzənə gedib


Bakı-Sumqayıt qatarı.
Bakı-Sumqayıt qatarı.

-

olke.az saytı yazır ki, sərnişinlər Sumqayıt yerinə azıb Siyəzənə gedən qatarda yolun onlara tanış gəlmədiyini görəndə bərk narahat olublar. Hadisə şahidləri deyib ki, qorxuya düşən sərnişinlərdən özündən gedənlər, halı pisləşənlər də olub.

Həmin qatarda olan sərnişinlərdən Baxış Süleymanov sayta deyib ki, yolun uzandığını,qatarın ünvana çatmadığını görən sərnişinlərdən bəziləri narahat olub. Nəzarətçidən niyə hələ də qatarın mənzil başına çatmadığını soruşub: ««Bilmirəm» cavabını eşitdikdə bir neçə nəfər pəncərədən harada olduğumuza baxdı. Elə təşviş də bundan sonra başladı. Daha sonra maşinist qatarı saxlayaraq 10 dəqiqə gözlədi. Sonradan isə geriyə hərəkət etməyə başladıq. Təxminən 30 dəqiqə sonra isə Sumqayıtda olduq».

ZİYA MƏMMƏDOVUN GÖYÇAYDAKI MALİKANƏSİ NARAZILIQ YARADIB

«Yeni Müsavat» qəzeti yazır ki, nəqliyyat naziri Ziya Məmmədovun Göyçaydakı malikanəsinin olduğu torpaq sahəsi ilə bağlı böyük narazılıq yaranıb. Göyçayın Hünkütlü qəsəbəsinin 50-yə yaxın sakini onlardan torpaq sahələrinin su qiymətinə alınıb hasarlanmasına etiraz edirlər.

«Nazirə məxsus olan və ərazisində vertolyot meydançası, gölü, tennis kortu və bir çox başqa istirahət guşələri olan dəbdəbəli malikanə rayonun Hünkütlü qəsəbəsi ərazisində yerləşir. Malikanənin tikintisinə 2010-cu ildə başlanıb. Həmin il Hünkütlü sakinlərindən torpaq sahələri alınmağa başlayıb».

Ziya Məmmədov.
Ziya Məmmədov.

Qəzet yazır ki, hədə-qorxuyla torpağını satmaq məcburiyyətində qalanlardan biri rayon sakiniNiyaz Rzayev olub. O, torpağının üzərindəki tikililərlə birgə 215 min manata satılmasına razılaşıb. Ancaq ona 105 min manat verilib. İndi N.Rzayevin şikayəti əsasında bu məsələ araşdırılır. «Artıq Göyçay Dövlət Notariusunun arxivindən malikanənin yerləşdiyi torpaq sahəsinə aid alqı-satqı müqavilələrinin surətləri də götürülüb. Məlum olub ki, Hünkütlü sakinləri ilə aparılan alqı-satqı müqavilələrində tərəf kimi Ziya Məmmədova bağlılığı olan «Flae M» adlı şirkətin adı keçir».

AZƏRBAYCANDA PARLAMENT SEÇKİLƏRİ ƏRƏFƏSINDƏ «SÜRPRİZ»

«Azərbaycan» qəzeti yazır ki, Avropa Parlamenti vasitəsilə Azərbaycana qarşı qərəzli münasibətini göstərən Avropa yenidən eyni səhvi buraxıb.

«Avropanın guya Azərbaycanda demokratiya və aşkarlığın olmaması barədə həqiqətdən və hər cür obyektivlikdən uzaq bəyanatları, sadəcə, avropalı tərəfdaşlara olan inamı azaldır. Avropalıların bənzər hücumları Azərbaycanın Avropa siyasətinə yenidən baxması üçün əsas səbəbdir ki, bu da prinsipcə onların özlərinin xeyrinə deyil. Azərbaycana onu daim dəstəkləyəcək etibarlı və adekvat tərəfdaşlar lazımdır».

Aptek.
Aptek.

APTEKLƏRDƏ DƏRMAN TAPILMIR

«Bizim Yol» qəzeti yazır ki, sentyabrın 15-də 1057 adda dərmanının qiyməti ucuzlaşsa da, apteklərdə dərman tapılmır. Dərman üçün apteklərə gələnlərin çoxu əliboş qayıdır.

«Əczaçıların dediyinə görə, dərman deposundan əksər preparatları geri götürüblər, yeni qiymətlərlə hələ geri qaytarılmayıb. Başqa dərmanlar da buraxılmır. Belə görünürdü ki, təkcə qiyməti tənzimlənən deyil, tənzimlənməyən dərmanları da depodan aparmışdılar. Satıcı xanım dedi ki, dərmanın qiymətindəki ucuzlaşma şəxsən onun işində problem yaratmayıb, amma əsəblərinə toxunur. Çünki insanlara «dərman yoxdur» deməkdən, suallarına cavab verməkdən yorulub: «Bütün günü eyni şeyləri soruşurlar, neynəyək, yoxdur da. Bizim üstümüzə düşməkdənsə depoya getsinlər». Soruşdum «qiymətlərin ucuz olması keyfiyyətə təsir edə bilər?». «Bura Azərbaycandır, hər şey ola bilər», dedi».

XS
SM
MD
LG