Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 10:31

Erməni müxalifətçilər Bakıya qaçanı tanımırlar


Vahan Martirosian
Vahan Martirosian

-

Ermənistanın müxalifət və insan haqları fəalları ötən həftə Azərbaycandan siyasi sığınacaq istəyən şəxsi tanımadıqlarını deyirlər.

32 yaşlı Vahan Martirosian özünü «Ölkədaxili milli azadlıq hərəkatı»nın lideri kimi təqdim edib, ölkəsində təqibə məruz qaldığını bildirib.

O, sentyabrın 18-də Bakıda mətbuat konfransı da keçirib.

AzadlıqRadiosu xəbər verir ki, Martirosian oğurluğa görə polis təhqiqatına, ölkədən çıxmaq qadağasına baxmayaraq, Gürcüstandan keçərək Azərbaycana daxil olub.

Radionun erməni xidmətinə danışan ermənistanlı müxalifət liderləri deyiblər ki, heç vaxt Martirosian-la qarşılaşmayıblar.

«Özüm müxtəlif mülki təşəbbüslərə qatılıram, ancaq onu hər hansı hərəkatda görməmişəm», - bu yaxınlarda elektrikin qiymətinin qalxmasına etiraz olaraq yaradılmış «Talana Yox» qrupunun üzvü Maxim Sargsian deyib. «Ola bilsin, orada olub, ancaq görməmişəm».

Müxalifətdə olan Çiçəklənən Ermənistan Partiyasının lideri Naira Zohrabian da bir neçə ay əvvəl antihökumət yürüşlərinə qatılıb, ancaq deyir ki, Martirosian-ın üzünü ilk dəfə döyülməsi ilə bağlı media xəbərlərində görüb.

«Bir az ayıq-sayıqlıq gərəkdir. Bu gün vətəndaş cəmiyyətinin adından danışanlara ehtiyatla yanaşmalıyıq, oxşar halları əngəlləmək üçün onların hansı şüarları, ideyaları, fikirləri yaymasına diqqət etməliyik».«Əvvəllər belə bir ad-soyadlı siyasətçi tanımamışam», - Zohrabian deyir. Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü olan Zohrabian söyləyir:

​Zohrabian əmindir ki, AŞPA-nın sentyabrın 28-də gözlənən plenar iclasında Azərbaycan nümayəndə heyəti bu məsələyə toxunacaq və Ermənistan nümayəndə heyəti də «Azərbaycanın bu primitiv təbliğatı»na cavab verməyə hazırdır.

Martirosian-a qarşı cinayət işi olduğu bir vaxtda ölkədən necə çıxması da müəmmalıdır. Polis sentyabrın 22-də etiraf edib ki, o, Gürcüstanla sərhəddəki Baqrataşen məntəqəsindən keçib. İki gün öncə polis onu sərbəst buraxmış, ancaq ölkəni tərk etməmək barədə iltizam almışdı.

3 MİN 800 DOLLAR İTTİHAMI

Martirosian Ruzanna Marguni adlı bir qadının mənzilindən 3 min 800 dollar oğurlamaqda təqsirli bilinir. Qadın israr edir ki, Martirosian-ın ölkədən çıxmaq niyyəti barədə müstəntiqləri xəbərdar edibmiş.

«Bir dəfə mənə dedi ki, hətta Azərbaycana getmək istəyir. Təəccübləndim. Ancaq sonra əlavə elədi ki, zarafat edir», - tərcüməçi işləyən Marguni deyir. Martirosian ailəsi ilə bu qadının evində 5 gün qalandan sonra ölkədən qaçıb.

Vahan Martirosian Bakıda mətbuat konfransında.
Vahan Martirosian Bakıda mətbuat konfransında.

Marguni polisin şikayətinə dərhal reaksiya verdiyini, ancaq çevik işləmədiyini iddia edir. Dediyinə görə, hadisədən bir neçə gün sonra Martirosian-ın həyat yoldaşı onun yanına gəlib, pulu ərinin götürdüyünü təsdiqləyib, deyib ki, qaytaracaq. Ancaq xahiş edib ki, Martirosian-ın ölkədən çıxa bilməsi üçün şikayəti geri götürsün.

MƏHARƏTLİ FIRILDAQÇI?

Ancaq Marguni qadının sözlərinə inanmayıbmış. O, daha öncə onlayn kontakt vasitəsilə Vahan Martirosian barədə müsbət fikirdə olduğunu söyləyir, onun müxalif fəaliyyətinə görə təqibə məruz qaldığını düşünüb:

«Məncə, o, məharətli fırıldaqçı, yaxşı aktyordur. Özündən qəhrəman, mübariz obrazı yaratmaq istəyirdi. İndi də orada antiqəhrəman obrazını oynayır».

«Ölkədaxili milli azadlıq hərəkatı»nın rəhbəri Vahan Martirosian ötən həftə Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalifyönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qaldığını bildirib. Vahan Martirosian Bakıda deyib ki, tanıdığı daha 50 ermənistanlı Bakıya gəlmək istəyərdi.

XS
SM
MD
LG