Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:36

Molla tərifi


Ziya F.M.
Ziya F.M.

- "Onlara ayrılan büdcənin formalaşdırılması isə artıq mövcud olan qutu sisteminin rəsmiləşdirilməsi ilə həyata keçirilə bilər."

"Mollalar elmi-texniki tərəqqinin ən aparıcı qüvvələrindəndirlər. Texnikanın nailiyyətlərindən geniş istifadə edirlər. Ən yeni çıxmış mobil telefonlar, ən yüksək səviyyədə düzəlmiş avtomobillərdən istifadə edirlər."

Ziya F.M.

Molla tərifi

(bir sevginin tarixi)

Molla sözü təkcə bizdə bu qədər yayılıb. Çünki bizimkilər oxuyan adamları başqalarından fərqləndirmək istəyirmişlər.

Mollalar o qədər ağıllı olurlarmış ki, öz yazdıqlarını özlərindən başqa heç kim başa düşmürmüş, bəzən özləri də bilmirlərmiş ki, nə yazırlar, çünki bu mistik bir aləmin yanlız onlara çatan, yalnız onların dərk etdiyi bir keyfiyyəti imiş.

Mollalar ən hissiyyatlı, qeyri-adi duyum qabiliyyətinə malik insanlardır. Adi adamların görmədiyi, bilmədiyi, haqqında təsəvvürü belə, olmadığı ruhlar, cinlər, ərdoylar, mələklər, şeytanlar haqqında ən geniş bilikləri, onlarla ünsiyyət və onlara təsir imkanları vardır.

Bir fitvaları ilə milyonlarla adamı xilas və xülas edə bilirlər.

Mollalar elmi-texniki tərəqqinin ən aparıcı qüvvələrindəndirlər. Texnikanın nailiyyətlərindən geniş istifadə edirlər. Ən yeni çıxmış mobil telefonlar, ən yüksək səviyyədə düzəlmiş avtomobillərdən istifadə edirlər.

Yəni, başqa xalqların kafir nümayəndələrinə və onların düzəltdiyi əşyalara çox sakit və mehriban, tolerant münasibətdə bulunurlar.

Xalqın aparıcı qüvvələrindən olduqlarından onlara xüsusi ehtiram və qayğı var.

Hər yerdə xüsusi qutularda onlar üçün pul yığılır ki, mollalar heç nədən korluq çəkməsinlər, çünki onların dünya malında gözü yoxdur və ona görə də xalq zorla onları yedirdir, maddi köməklik göstərir.

Ən ağır günlərimizdə həmişə bizim yanımızda olurlar. Dost pis gündə bilinər. Onlar xalqın ən yaxın dostudurlar.

Onların möhkəm yaddaşları var. Yoxsa heç bir kəs anlamadığı, başa düşmədiyi dildə bu qədər sözü mənasını bilmədən yadda saxlaya bilməzdilər.

Mollalar qadınlara xüsusi hörmət bəsləyirlər. Hüzn yerlərində ən çox söhbət açdıqları mövzu qadınlardır, ən çox hörmət və ehtiram bəslədikləri qadın isə...

Bioqrafik məlumatlar bizim xalqın ən çox sevdiyi mövzulardır. Hətta mollalar qadına böyük hörmət və ehtiramın əlaməti kimi səslərini də çox incə çıxartmağa çalışır, yuxarı notlardan istifadə edirlər ki, bu da bir növ qadına sevginin təzahürüdür.

Xalq yaradıcılığı ilə də, şifahi ədəbiyyatla və nağıllarla da xüsusi maraqlanırlar və onları toplayıb savadsız və avam kütləyə çatdırırlar.

Bəzilərinin qeyri-düzgün fikirləşdiyi kimi, bugünkü həyatla heç bir bağlantısı və uzlaşması olmasa da, bu rəvayətlər və nağıllar inkişaf edən, böyüyən nəslin tərbiyəsində çox böyük rol oynayır, onlarda dünya tarixinin görünməyən və gizli axınları haqqında maraqlı, özünəməxsus fikir formalaşdırır, onları səhv yoldan qaytarır və gələcəyə böyük ümidlər, həyat sevgisi, qurub-yaratmaq istəyi yaradır.

Mollalar həmişə haqqın tərəfində olurlar, həmişə həqiqəti deyirlər. Onların yalan danışdığını hələ eşidən olmayıb.

Onlar xalqın bəlalarını heç bir vaxt gizlətməyiblər, heç vaxt hökümətə satılmayıblar, həmişə xalqla birlikdə olublar, onun dərdi, azarı ilə yaşayıblar.

Onlar kasıblara əl tuturlar. Bütün var-yoxlarını xalqın tərəqqisi uğrunda qurban verirlər. Heç birinin imarəti yoxdur.

Mollalar çox təmizkar olurlar, gündə beş dəfə üzdə olan hissələrini yuyurlar. Yerdə qalan hissələrin təmizliyə heç bir aidiyyatı yoxdur, əsas görünəndi. Əsas imicdi, yerdə qalan heç nədi.

Onların üzündən nur yağır. Heç bir başqa xalqlda üzündən, gözündən, yerişindən, duruşundan, söhbətlərindən bu qədər nur saçılan adamlara rast gəlmək mümkün deyildir.

Səliqə ilə vurulmuş saqqalları, təmiz qırxılmış başları, geydikləri ən gözəl parçalardan tikilmiş son dəbli əbaları, bəzilərindəki araqçın və motal papaqlar həmişə göründükləri yerlərdə onlara qarşı bir həsəd və vurğunluq yaradır.

Hamı onlar kimi geyinmək, daranmaq istəyir, bəzənmək istəyir, onlara oxşamaq istəyir. Amma bu hər adama qismət olmur. Adi kütlənin onlara çatması mümkün deyil.

Onlar cəmiyyətin, xalqın qaymağı və vicdanıdırlar. Xalqımız onlara çox borcludur.

Bizim bir millət kimi formalaşmağımızda, milli istiqlala qovuşmağımızda, ümumbəşəri insani dəyərlərə yaxınlaşmağımızda, dünya xalqları gözündə ucalmağımızda, bir mədəni millət obrazı yaranmasında onların müstəsna rolları vardır.

Mollalar həmişə millətin qabağına düşüb onu öz arxalarınca aparıblar. Arxalarınca nə qədər getsək də, çata bilmərik.

Yazıçılar (Mirzə Cəlil), şairlər (Sabir, publisistlər (Üzeyir bəy və başqaları), rəssamlar (Əzim Əzimzadə) uzun müddət onların həyat və yaradıcılığına həsr edilmiş jurnallar (Molla Nəsrəddin və s.) çıxarıblar, onları əsərlərində tərənnüm ediblər.

Amma bunlar mollaların xalq qarşısındakı xidmətləri müqabilində çox azdır. Onlara mahnılar həsr olunmalı, poemalar, romanlar yazılmalı, kinofilmlər çəkilməlidir.

Məşhur mollaların aforizmləri və fikirləri dərsliklərə salınmalı və onların əsasında hər bir ali və orta təhsil müəssisəsində dövlət imtahanı tətbiq edilməlidir, xüsusi radio və televiziya kanalı açılmalıdır ki, xalq öz sevdiyi mollaları hər gün görə və eşidə bilsin.

Mütərəqqi insanların fikrincə, xalqımızın qarşısında göstərdikləri əvəzsiz ximətlərinə görə, ən böyük və məşhur Mollaya vətənimizin ən görkəmli yerində böyük, möhtəşəm, onların əməllərinə layiq bir abidə qoyulmalıdır.

Hətta gələn qonaqları birinci onların abidəsini ziyarət etməyə gətirməli və mütləq və vacib ziyarət tələbi bütün dövlət rəsmi protokollarına salınmalıdır.

Yubileylər, konsert tədbirləri, Ümümmilli Molla günü, parklarda xalq gəzintiləri barəsində də Milli Məclisdə məsələ qaldırılmalı, bütün vacib və mühüm obyektlər, küçələr, prospektlər, parklar onların adını daşımalı, mollaların xüsusi statusu müəyyənləşdirilməli, onlara dövlət qayğısı göstərilməli, onlar üçün bağ evləri, ticarət müəssisələri, əyləncə mərkəzləri açılmalı, şəkilləri posterlərdə qoyulmalı, dərsliklər onların dahiyanə fikirləri ilə açılmalı, hər bir televiziya verilişində və məqalələrdə onlardan sitat gətirilməli, xalqın bütün uğurları onların adına çıxılmalı, bütün başqa varlıqlar inkar edilməlidir.

İmkan daxilində xarici ölkələrdə də onlara abidə qoyulması məsələsi həll olunmalıdır. Onlara və onların ailə üzvlərinə ömürlük ianə, təqaüd kəsilməlidir.

Onlara ayrılan büdcənin formalaşdırılması isə artıq mövcud olan qutu sisteminin rəsmiləşdirilməsi ilə həyata keçirilə bilər.

Xalq onları yaşadacaq, ən azı ona görə ki, mollalara olan bu böyük məhəbbətin qarşısında hər adamdan alınan cüzi məbləğə hamı qıyar.

Qeyd:

Onları bizim avamlığımız, qorxumuz, daxili naqisliyimiz, bəd əməllərimiz, tamahımız, küfrümüz, savadsızlığımız, tənbəlliyimiz və... sevgimiz yaşadacaq.

Əlavə qeyd:

Sözün kökü elm, alim, müəllim, üləma (cəm halında) sözlərinə bağlıdır. Mollalar çox savadlı olurlar. Savadlı adamlara Molla deyirlərmiş. Məsələn, Molla Pənah Vaqif.

Hər oxuyan Molla Pənah olmaz - xalq məsəli də bu fikri təsdiqləyir. Dövrün qabaqcıl fikirli, ağıllı, savadlı adamları bu adı daşıyıblarmış.

Daha bir əlavə qeyd:

Nizami Gəncəviyə isə Şeyx deyərmişlər. Heyif bu gözəl addan. Nizami hara?... Şeyx hara?

Allaha şükür ki...

Şükür Allaha ki...

Allah, şükür ki...

XS
SM
MD
LG