Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:52

Mifik Təbrizdən gerçək Təbrizə


Elşən Böyükvənd
Elşən Böyükvənd

- "İran coğrafiyasında yaşayanlar Avropa mədəniyyəti qığılcımı və dalğasının canqurtarıcı nəfəsini duymadan öncə xoruz döyüşdürmək, it boğuşdurmaq, baş yarıb zəncir qırmaq..."

"Təbrizin ortaya qoyduğu bircə Səttarxan, Xiyabani və Pişəvərisi yoxdur və olmayıb da."

"Şəhriyar farsca yazdığı bir şeirdə “Ana Dilimiz əzizdir, ancaq İran istəmədiyi və izn vermədyi halda lal olmalıyıq” deyir."

Mifik Təbrizdən gerçək Təbrizə

Elşən Böyükvənd

Demokratiya iki xüsusiyyəti əsas sayır: birincisi plüralizm,

ikincisi tənqidi düşüncə.

Edward Forster

Giriş: İranda yenidənqurma siyasəti, avropalılaşmaq, siyasi izmlərin yaranıb genişlənməsi (solçuluq və millətçilik) ədəbi tənqid və Avropa yönümlü ədəbiyyat və incəsənətin beşiyi kimi uzun-uzadı tərif yağışı və alqışına tutulan Təbriz və güney azərbaycanlı ziyalılar haqda yenidən düşünməli, baxışımız və gözlüyümüzə vurulmuş mifik və utopik pərdələri sökməli, yırtmalı və yenidən toxumalıyıq.

Çünki C. Meriç demişkən, “üç hücrəli bir məhbəsdəyik; ideologiya, mif və utopiya”.

Təbriz və təbrizlilərin kimliyimiz, dilimiz və düşüncə tariximizə verdiyi töhfələr, vurduğu zərbələrlə yanaşı, bu şəhərin ziyalılıq tarixi və siyasi-ictimai hərəkatlarda tutuğu mövqe və tutumu düzgün və tərəfsiz şəkildə tənqid süzgəcindən keçirməliyik.

Siyasi düşüncələr əlvanlığı, göyqurşağı şəhəri olan Təbriz, Məşrutə dövründən bu günə qədər at çapdığı, qılınc və qələm oynatdığı islamçılıq, irançılıq, solçuluq, farsçılıq, türkçülük və azərbaycançılıq məfkurəsnin oylağıdır.

Səttarxan
Səttarxan

Qaradağlı Səttarxan, Şəbüstərli XiyabaniXalxallı Pişəvəri tərəfindən çağdaş Azərbaycan-mərkəz hərəkatın paytaxtına çevrilmiş Təbriz bir yandan İranın qurucusu və qoruyucusu rolunu oyayıb, bir yandan isə ona dağıdıcı və sarsıdıcı zərbə vurmaq gücünə yiyələnib.

Orta və çağdaş dövrdən başlayaraq, Avropa-Qafqaz ticarət yolları ilə yeni mədəniyyətlə tanış olan Azərbaycan əyaləti (o zaman belə adlanırdı) İran və Güney Azərbaycanın siyasi-ictimai və iqtsadi inkişafı baxımdan böyük rol oynayıb.

Güney Azərbaycan İranın Quzey-Qərbində yerləşdiyi strateji məkan, əkinçilik və yeraltı qaynaqlarla zəngin bir coğrafiya olmaqla yanaşı, Avropa mədəniyyəti və iqtisadiyyatı ilə sıx münasibətlərinə görə daha inkişaf etmiş bir əyalət halna gəlib

(Mənbə: "Eqtesade Siyasi İran-Homayun Katuziyan-Motərceman: Mohməmməd Reza Nəfisi və Kambize Əzizi-Nəşre Mərkəz. Tehran. Səh.194)

Azərbaycan İranın Bəluçistan, Kürdistan və yaxud Xuzistan əyalətlərinin coğrafi məkanında yerləşsəydi, yenə də həmin statusa malik olacaqdımı, görəsən?

Buna görə İran modernlik və modernizmi birbaşa Azərbaycan yolubaylığı, bələdçiliyi və başçılığı altında meydana gəlib.

Azərbaycan İranın Bəluçistan, Kürdistan və yaxud Xuzistan əyalətlərinin coğrafi məkanında yerləşsəydi, yenə də həmin statusa malik olacaqdımı, görəsən?

Ziyalı və elitlərimiz Avropa mədəniyyəti və düşüncəsi yerinə dini təməliçilik, irançılıq-farsçılıq və kütlə-yığın adət-ənənələrindən sonra hansı dünyəvi və modern düşüncə sovxasının (bu sözü miras sözü yerinə işlətmək olar) bulağından su içəcəkdilər?

Çağdaş İran tarixinin bəlli çatlarından biri ənənə-modernlik, sekulyarizm-islam fundamentalizmi, hakim və məhkum kimliklər qarşıdurması və iqtisadi haqsızlıq yarıqları üzərində qurulub.

Bütün bu çatlaqların hər iki tərəfində fəal rol oynamış Azərbaycan ziyalılarının payını görmək mümkündür.

Mirzə Fətəli Axundov
Mirzə Fətəli Axundov

M.F.Axundov, Sabir, Cəlil, Sahir, Rəsulzadə, Pişəvəri, Xiyabani və yüzlərcə maarifçi, yenilikçi mütəfəkirlər Avropa mədəniyyəti, düşüncəsi və ədəbiyyatı ilə tanış olmasaydılar, hansı gündə, hansı haldaydıq, görəsən?

Çar və sonra Sovet dövründə Quzey Azərbaycanın İran, İslam fundamentalizmi və şərq despotizmindən nisbi şəkildə qoparılıb sümürülməsinin bütün mənfi yönləri ilə yanaşı, dilimiz, kimliyimiz və düşüncəmizin dirilməsi və yeniləşməsinə verdiyi töhfələri dana bilmərik.

Çar və sovet dövlətlərinin dilimiz, kimliyimiz və düşüncəmizə qarşı yürütdükləri bütün məqsədyönlü siyasətlərin mənfi yönlərinə baxmayaraq, onların bizə açdıqları pəncərələrdən içəriyə dolan düşüncələr və nəsnələr İranın bizə verdiyi və verəcəyi dil, kimlik qırlığından (səhrasından) daha xeyirli olub.

O zamankı Azərbaycan əyaləti və bugünkü Təbrizin İran nasionalizmi, İran solçuluğu və İslamçılığı inkişafında oynadığı rolu göz ardına vuran dostların səmimiliyinə inana bilmirəm.

Aşağıdakı şəxsiyyətləri Təbriz yetirmişdir. Rasizim ayaqyolundakı böcəklərin sayı olduqca çoxdur.

Əhmad Kəsrəvi
Əhmad Kəsrəvi

Əhməd Kəsrəvi (fars irqçiliyinin ən görkəmli nümayəndələrindən biri) “Azərbaycanın əski dili Azəri” tezisi ilə bizim türklüyümüz və türkcəmizə qarşı o qədər ağır zərbə vurub kı, hələ də onun yarası qaysaq bağlamayıb.

O, təkbaşına bir anti-türk ordunun işini görüb. Arınmış farscanın inkişafı və İranın parçalanmamasının qabağını almaq üçün nəşr etdirdiyi kitablar, məqalələr və qəzetlərdə dəridən-qabıqdan çıxaraq, azərbaycanlıların farslaşdırılması və milli birlik bağlarının güclənməsi haqda düşüncələrini yazırdı.

Əli Heyyət, rəhmətlik Cavad Heyyətin atası idi. Əli Heyyət başqa İrançı-Farsçı şəxsiyyətlərlə birlikdə Şeyx Məhəmməd Xiyabani tərəfidən Azərbaycan əyalətindən qovulmuşdu.

O, Xiyabaninin öldürülməsi və hərəkatın yenilməsindən sonra Təbrizə ayaq qoya bildi. Heyyət həm Xiyabani həm də Pişəvəri hərəkatının qatı düşməni idi.

Pəhləvi ordusu Azərbaycan və Təbrizə basqın edərək Milli Hökuməti devirib neçə min nəfəri qanına qəltan edəndən sonra o, bu qələbəni İranın o çağkı baş naziri Əhməd Qəvam cənabları və İran Dövlətinə ithaf etmiş və separatçı qüvələrin qabağını almaq üçün onlara öz dillərində təhsil imkanı verillməsi təklifini söyləmişdi (Mənbə: Varlıq dərgisi-1379-cu il-117-2,116-1 nömrə. Səh.81)

Hüseyn Kazımzadə İranşehr (fars irqçiliyinin ən görkəmli nümayəndələrindən biri) "İranşəhr" kimi fars millətçiliyi düşüncəsini təbliğ edən bir dərginin qurucusu idi.

Onun fikrincə, azərbaycanlılar sonradan türkləşmiş iranlılardır və Azərbaycan dili onlara zor gücü ilə tətbiq olunub.

Əli Süheyli İkinci Dünya Savaşı zamanı İranın müstəqilliyi və ərazi bütövlüyünün rəsmən tanınıb qorunacağı və separatçı qüvvələrin Sovet, İngiltərə və Amerika tərəfindən dəstəklənməyəcəyinə dair imzalanan müqavilənin təşəbbüskarı idi.

İbrahim Həkimi başnazirliyi zamanında Milli Hökumət məsələsi BMT-nın Təhlükəsizlik Şurasına göndərilmişdi. Elə həmin müraciəti təbrizli Seyid Həsən Tağızadə təntənəli şəkildə ümumi iclasda oxumuşdu.

Tağı Əranı isə İran solçuluğunun ən görkəmli nümayəndəsi və 53 nəfərlik qrupunun başçılarından biri kimi azərbaycanlıların farslaşdırılması, türkcənin məhvi və İran millətini azərbaycanlılara qarşı daha diqqətli şəkildə assimilyasiya siyasəti tətbiq etməyə çağırırdı.

Əmir Nüsrət İskəndəri - 14-cü İran məclisində Pişəvərinin etimadaməsinin ləğv olunmasında misilsiz canfəşanlıq etmiş təbrizli.

Dr. Mənuçöhr Mürtəzəvi “Azərbaycanın əski dili” kitabı ilə Kəsrəvi tezisinin əsaslarını gücləndirməyə çalışırdı.

Dr. S.Cavad Təbatəbayi, bu filosofun fikrincə, biz türk deyilik və dilimiz də Əhməd Kəsrəvinin dediyi kimi, Azəricədir. Təbatəbayi İran kəndlisinin savadının Azərbaycan Respublikası universitetlərinin professorlarından daha çox olduğunu iddia edirdi.

Dr. S.R.Şəfəq də yuxarıdakı rasistlər kimi bizi iranlılaşdırıb farslaşdırmaq uğrunda qələm çalmış və tər tökmüşdür.

(Yuxarıdakı şəxsiyyətlər haqda baxın: “Recale Azərbaycan Dər Əsre Məşrutiyyət-Mehdi Moctəhedi-çape əvvəl bedune tarix-enteşarate Səhənde Azərbaycan”)

İranın siyasi-ictimai tarixində Azərbaycanlılıq-Türklük varlığı və kimliyini qurmağa və qorumağa qalxan (bir sıra fərqlərlə) üç div şəxsiyyətin heç biri isə təbrizli deyildilər.

Təbrizin türk dünyasında tutduğu sevimlilik və ucalığı qeyri-təbrizli olan üç siyasi-ictimai liderin başçılığı altında baş tutmuş Məşrutə, Xiyabani Pişəvəri hərəkatında görməyimiz heç də yersiz və əsassız deyildir.

Yuxarıda adı gedən hərəkata qoşulanların içində Azərbaycanın fərqli-fərqli bölgə və şəhərlərindən ziyalı və siyasi-ictimai aktivistlər iştirak etmiş, mübarizə aparmışdılar.

Qaradağlı Səttarxandan başlayan Azərbaycan-mərkəz hərəkatın axsaqlıqları və bütün problemlərini Şəbüstərli Xiyabani Xalxallı Pişəvəri düzəltməyə və çözüb azaltmağa qalxmışdılar.

Kütlə şüurunda olan o çağkı iranlıları seçkinlər zəkası və dühası nəticəsində səfərbər etmək mümkünmüş.

Demokratik düşüncədən məhrum olan İran kütləsi onlarca dona, minlərcə düşüncəyə bəzənə və düzənə bilərdilər.

Sivil, demokratik və modern düşüncəli vətəndaş ilə kütlə arasındakı çox fərqlərdən biri də kütlənin faşizm, nazisim, kommunizm, islam fundamentalizmi ideologiyalarına daha rahat cəlb və səfərbər olmalarındadır.

(Mənbə: Cameeşenasi-e Siyasi, nəqşe niruhaye ectemayi də zendegi siyasi.Hoseyne Bəşiriyyə.Nəşre Ney. Tehran -1390)

Təbrizin ortaya qoyduğu bircə Səttarxan, Xiyabani və Pişəvərisi yoxdur və olmayıb da.

Bu üç şəxsiyyətin bütün oxşar və fərqli düşüncələrinə baxmayaraq, milli hərəkatın doğuşu, dirçəlişi və yüksəlib-alçalışındakı rolu danılmaz bir faktdır.

Nədən və niyə Təbrizin Ayətullah Kazım Şəriyətmədaridən başqa, dirisi, yaxud ölüsünü qonaq qabağına apara biləcəyimiz bircə siyasi şəxsiyyətimiz yoxdur?

Şəriyətmədari Möhsün Kədivər demişkən, o, yumşaq tutumlu İslamın nümayəndəsi kimi çıxış edirdi (Mənbə: Əsnadi dər morede şekəstən namuse enqelab-Mohsen Kədivər. PDF)

Ayətullah Şəriətmədarinin İran İslam İnqilabı liderlərinə qarşı tutuğu əsas iradlar və açdığı özünəməxsus savaş Vilayet-i Fəqih anlayışı, konstutusiya problemləri, İranın federal şəkildə idarə olunması, demokratikləşmə və millətin seçim haqqının dövlət tərəfindən qəbul olunması üstündə idi.

Şəriətmədari hərəkatının əsas uğursuzluqlarından biri ali dini liderin Azərbaycan millətininın dəvətini qəbul edib Qumdan Təbrizə getməməsi (Onun fikrincə, bu işi ilə separatizmi və Güney Azərbaycanın İrandan ayrılmasını dəstəkləmiş olardı) liberal, solçu və islamçı qüvvələrin gücünü toplayıb səfərbər edə bilməməsi, dövlətin Azərbaycana qarşı hərbi müdaxilə fərmanı verməsindən sonra geri çəkilməsi, radikal Hizbullah qüvvələrə qarşı dini liderin yumşaq və mədəni tutumu idi.

Həmçinin, İranlılıq, Türklük-Azərbaycanlılq və Müsəlmanlıq kimliyi arasında balans və tarazlılığı qorumağa çalışdığına görə Şəriətmədari demokratiyası Tehran müstəbidliyi çəkməsi altında əzilməli oldu (Mənbə: Mərzha və bəradəri-Branda Şaffer-Tərcomeye Yaşar Sedghiyani Azər. Tehran-1385)

Bu hərəkatların otu üstə cücərən və göyərən Milli Hərəkat Təbriz və Azərbaycanın öz keçmiş tarixini böyüdücü gözlüklər arxasından süzməli və yaradıcı düşüncələr süzgəcindən keçirməlidirlər.

Təbriz, Avropa yönümlü siyasi-ictimai düşüncə, modern mədəniyyət və sənətin yaranması, boy atması və inkişafı baxımıdan Qafqaz (Azərbaycan respublikası)-Rus, Osmanlı-Türkiyə cumhuriyyətinə olan borcunun ölçüsü və böyüklüyünün fərqindədirmi, görəsən?

Abbas Mirzə
Abbas Mirzə

İranda yenidənqurma siyasəti və proyektinin ilkin qığılcımı və addımı demək olar ki, Qacarlı Abbas Mirzə tərəfindən və avropalı müstəşarlar vasitəsilə gerçəkləşdirilib.

Bu başlanğıc birbaşa Çar-Qacar savaşları zamanı olub (Mənbə: İran beyne do enqelab - Y.Abrahamiyan. Nəşre Ney.Tərcomeye Əhməd Qol Mohəmmədi və Mohəəd Ebrahim Fəttahi- Tehran- 1391)

Qacarlı-Çar savaşları zamanı rus topxanası tərəfindən darmadağın edilən qacarlı ordusunun süvari və sıravi əsgrləri və rus ordusunun ağır zərbələri qarşısında dözüm gətirə bilməyən elat dəstələrini görən Abbas Mirzə “Günəş şərqdən doğur” deyibən ordunun basılması və Qacarlıların yenilməsi qorxusu qarşısında düşüncəyə dalır.

Abbas Mirzə Avropa elmi, mədəniyyəti və gücünü Rus ordusu ilə üzləşəndən sonra görməyə və anlamağa başladı.

Onun düşüncəsində yaranan suallardan başlayaraq, İran və başda Azərbaycan olmaqla yeni Avropa düşüncəsi və mədəniyyətinə qarşı meyllənmə və maraq daha ciddi şəkildə artmağa başladı (Mənbə: Sonnət və modernitə-Sadegh Zibakəlam- enteşarate Rozəne-Tehran -1389)

Təbriz Darü-l Səltənəsi, universitetləri, ziyalıları, siyasi-ictimai aktivistləri, qələm və düşüncə yolçularının dəyəri və əhəmiyyətini yerli mədəniyyətin, düşüncənin yox, birbaşa Qafqaz-Rus, Osmanlı-Türkiyə yolu ilə Avropa mədəniyyətinin açdığı bollu-bərəkətli süfrədə görmək olar.

Oxucuların yorulmaması üçün maraqlı bir hadisəyə işarə etməyi lazım görürəm. Nasireddin Şah Rusiyaya gedib oradakı şəhərlərdə ucaldılan heykəlləri gördükdən sonra Tehrana qayıdıb öz heykəlini ucaltmışdı.

Heykəlin haram və qeyri-islami olması haqda fitvalar verilir. Zavallı şah bunları görüb kütlə- yığının xofundan təcili şəkildə öz heykəlini şəhər meydanından götürməyə məcbur olur

İslam şəriyəti çərçivəsində və bir sıra Tehran müctəhidləri fitvaları əsasında etiraz aksiyaları günü-gündən böyük vüsət alır.

Heykəlin haram və qeyri-islami olması haqda fitvalar verilir.

Zavallı şah bunları görüb kütlə- yığının xofundan təcili şəkildə öz heykəlini şəhər meydanından götürməyə məcbur olur. (Mənbə: M.Etimadü-l Səltənə. Əl-Maser və-l Asar.Tehran. Səh.107)

Qacarlı sülaləsi başçılarının Avropa mədəniyyəti ilə tanış olması nəticəsində Nasiriddin Şah bir sıra islahatlara əl atmışdı.

Din xadimlərinin yalnız rözəxanlıq və din ehkamı ilə məşğul olmaları, ümum-kütlə gözü qarşısında qol kəsmə və baş vurulmasının yığışması onun yeni mədəniyyətlə tanış olmasının nəticəsi idi.

Təbriz şəhərinin Azərbaycan Türkcəsi dilinə əmək vermiş və tər tökmüş ünlü imzalarına baxdığımızda təbii olaraq, onların fərqli və oxşar siyasi axınlara, cərəyanlara mənsub olduqlarını görəcəyik.

Bu şəxsiyyətlərin ana dilimiz və kimliyimizə verdikləri bütün mənfi-müsbət cəhətləri araşdırmadan mifləşdirmə xəstəliyindən yaxa qurtara bilməyəcəyik.

Məhəmmədhüseyn Şəhriyar
Məhəmmədhüseyn Şəhriyar

Şəhriyar, Oxtay, Cavad Heyyət siyasi düşüncələrinin İran-Azərbaycan, Türçülük- Solçuluq və Şiə fundamentalizmi arasında oynadığı haqda dərindən düşünməyə dəyər.

Oxtay İran çərçivəsində siniflər savaşı tərəfdarı kimi Pişəvərini siniflər savaşını buraxıb milli məsələyə veridyi əhəmiyyətə görə qınaq, təhqir və tənqid atəşinə tutur.

Rza şah sügündə
Rza şah sügündə

O, Pəhləvilərə qarşı partizancasına döyüşdüyü zaman öldürüldü.

Oxtayın Ana Dilimizə pay verdiyi şeir kitabı divan şeir forması və sərbəst şeir üslubu arasında yazılmış şeirlərdən ibarətdir.

Şəhriyar Azərbaycan Türkcəsində yazmağa öz nənəsinin xahişi və yalvarışı ilə başlamışdı.

Şəhriyar, Pəhləvilər diktatorluğu zamanı onların və İran İslam İnqilabı zamanı isə bunların saray şairi və ideologiya çarçısı və qulluqçusu kimi çıxış etmişdi.

Demokrat firqəsinin çöküşündən sonra Təbrizə gələn M.R.Şah Pəhləviyə yazdığı şeiri hələ də böyük ürək ağrısı ilə anmaqdayıq.

Onun ikiüzlü və yaltaqca davranışını gərən Həbib Sahir qəzəblənərək belə bir şeir yazmışdı.

“Otur evdə bürün kürkə!

Dağda vardı boran şair!

Qarabağda xalan vardı

Xalan sənə qurban şair,

Burax aşsın daşsın Araz

Sən get Şaha mədhiyyə yaz!

El düşməni, dil düşməni

Gəl aldatma el obanı!”

("Səhər işıqlanır" şeir kitabı. 61-ci səhifə)

Ari irqi, İrançılıq məfkurəsi və Şirazlı Hafizin bulağından ilham və güc alan Şəhriyarı türkçü-azərbaycançı göstərməkdənsə, Kitab-i Dədə Qorqud yolçusu və davamçısı olan Səhəndin qəribliyinə diqqət yetirməliyik.

Şəhriyarın ilham qaynağı Şirazlı Hafiz və Səhəndin ədəbi kökü Dədə Qorqud kitabı üzərində qurulub.

Səhənd də mühafizəkar siyasi düşüncə və Şirazlı Hafizin çağında ilişib qalmış Şəhriyarı başa salmağa çalışırdı.

“Özgə çırağına yağ olmaq bəsdir,
Doğma ellərimiz qaranlıqdadır.
Yanıb, yandırmayaq yadın ocağın,
Evimiz soyuqdur, qışdır, şaxtadır”.

Buna görə Şəhriyarın ədəbi dili ləhcə, folklor və ümumkütlə dilinə, Səhəndin ədəbi dili isə onurğalı, sümüklü, samballı ədəbi köklər üstə qurulmuşdu.

Şəhriyar farsca yazdığı bir şeirdə “Ana Dilimiz əzizdir, ancaq İran istəmədiyi və izn vermədyi halda lal olmalıyıq” deyir.

Şəhriyar rəhmətlik Cavad Heyyəti İran türkcəsində yazmadığına görə tənqid edirmiş. Sonra başa düşüb ki, bu dilin ədəbi forması, kökləri və mirası var.

Cavad Heyat
Cavad Heyat

Rəhmətlik Cavad Heyyətin dilimiz və ədəbiyyatımıza verdiyi əmək və tökdüyü tər unudulası deyildir. O da İran Türkləri kimliyi və İran coğrafiyası içərisində Türkcənin rəsmi bir dil olmasını istəyir və vurğulayırdı.

İran coğrafiyasında yaşayanlar Avropa mədəniyyəti qığılcımı və dalğasının canqurtarıcı nəfəsini duymadan öncə xoruz döyüşdürmək, it boğuşdurmaq, baş yarıb zəncir qırmaq, yol inşa etməyin biliyi və bacarığından məhrum, islam və şiə firqələrinə bölünüb şəhər və əyalətlərdə bir-birini parçalamaq (Neməti-Heydəri, Şeyxi-Mütəşərriye və şiə-sünnü qırğınları), tayfa arası çəkişmələr və qan tökməklə uğraşmaq, divan ədəbiyyatında qadın və qız gözəlliyini öymək yerinə sütül oğlanları cinsi istismara məruz qoymaqla ömür sürürdülər.

Nəticə: Demokratiya, qanun hakimiyyəti, liberalizm, fərdi azadlıqlar, parlament, hüquq anlayışı, yeni qərb fəlsəfəsi və ədəbiyyatı, insan haqları, partiya və ideologiya, vətəndaş cəmiyyət, respublika sistemi və konstutusiya, elm, texnologiya və başqa qavramları şərq insanından alsaq, yerində nə qalar, görəsən?

Buna görə, İran və Azərbaycanlılar özlərini öyməkdənsə qərb mədəniyyətinə olan borclarının böyüklüyü və ölçüsü haqqında düşünməlidilər, məncə.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG