Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 06:39

Söz azadlığı olmayanda Puşkin belə yazırdı


A.Puşkin
A.Puşkin

- "Rus ədəbiyyatının ingiliscəyə tərcüməçisi Robert Chandler iddia edir ki, balıqçı arvadının prototipi Böyük İmperatriça Katerinadır."

"Onu siyasi şeirlərini izah etməsi üçün məhkəmə önünə çıxarıb, sürgün edirlər. Qayıdandan sonra o, "Balıqçıyla qızıl balığın nağılı" kimi gizli mesajlar verən nağıllar yazmağa başlayır."

Puşkinin nağıllarında siyasi mesajlar

Aleksandr Puşkin təbiətcə üsyankar idi. O, söz azadlığının olmadığı dövrdə yaşayırdı. Amma fikrini ürəyində saxlamırdı.

Şair olmaqdan başqa, o, həm də dövlət qulluqçusu idi. Çar I Aleksandrın ən elit təhsil müəssisəsi olan Zadəganlar Məktəbini bitirmiş, Rusiya Xarici İşlər İdarəsində işləmişdi. Hakimiyyətin içində olmasına baxmayaraq, Puşkində güclü ictimai vicdan vardı.

Hakimiyyətdə ola-ola açıq mətnli siyasi şeirlər yazır, onları çap etdirmədən, əlyazma şəklində əldən-ələ yayırdı.

Hakimiyyətin içində olmasına baxmayaraq, Puşkində güclü ictimai vicdan vardı.

1820-ci ildə Sankt Peterburqun baş generalı K.Miloradoviç onu siyasi şeirlərini izah etməsi üçün məhkəmə önünə çıxarır.

Məhkəmə əvvəlcə onu Sibirə sürgün etmək istəyir, amma Puşkinin nüfuzlu dostları işə müdaxilə edirlər və onun yalnız Sankt Peterburqa girişi yasaqlanır, təkcə Qafqaz, Moldova, Krımda yaşamaq icazəsi verilir.

Onda Puşkin daha məhsuldar yazmağa başlayır. “Yevgeni Onegin” poeması da həmin dövrün məhsuludur.

Çar I Nikolay
Çar I Nikolay

Beş ildən sonra çar I Nikolay, Puşkinin inqilabi romantizmdən əl çəkdiyini güman edərək, sürgün qərarını qüvvədən salır.

Həmin vaxt o, artıq bütün ölkədə böyük şair kimi tanınırdı.

Puşkin Sankt-Peterburqa qayıdır, bundan sonra ictimai-siyasi sözlərini nağıllarla deməyə başlayır.

Puşkinin ilk nağıllar kitabındakı “Çar Sultanın nağılı” (1831) üç bacıdan kiçiyi ilə evlənən çarın hekayətidir. Böyük bacılar onun statusuna paxıllıq edirlər, kiçik bacını yeni doğulmuş oğlu – şahzadə Qvidonla birlikdə sandığa qoyub qıfıllayırlar və dənizə atırlar.

Dəniz ana və uşağı uzaq adaya atır. Sandıqda böyümüş oğlan adaya çatanda artıq ova gedir. Ovda bir qu quşunu vəhşi quşun əlindən xilas edir.

Qu quşu şəhər salır, şahzadə də o şəhərin rəhbəri olur. Sonda qu quşu şahzadə qıza çevrilir, onlar evlənirlər. Ən axırda şahzadə Qvidon öz çar atasına qovuşur.

Bu nağıldakı ayrılıq və birləşmə Puşkinin öz situasiyasının alleqoriyası hesab olunur. Nağıl onun çar I Nikolayla münasibətlərini ifadə edir.

Bu nağıldan sonra Puşkinə nəşr olunmaq icazəsi bərpa olunur. Bu icazə ondan siyasi şeirlər yazdığına görə alınmışdı.

Valentin Serovun nağıla çəkdiyi illüstrasiya
Valentin Serovun nağıla çəkdiyi illüstrasiya

1833-cü ildə A.Puşkin məşhur “Balıqçıyla qızıl balığın nağılı”nı yazır.

Nağılda balıqçının arvadı əvvəl saray istəyir, kübar xanım olmaq istəyir, sonra əyalətin padşahı olmaq, daha sonra çar arvadı olmaq istəyir.

Bunları əldə edəndən sonra o, dənizlər padşahı olmaq istəyinə düşür. Onda qızıl balıq cütlükdən hər şeyi alır, onlar əvvəlki kimi təknəsi deşilmiş yoxsul ər-arvad olurlar.

Rus ədəbiyyatının ingiliscəyə tərcüməçisi Robert Chandler iddia edir ki, balıqçı arvadının prototipi Böyük İmperatriça Katerinadır.

İmperatriça əri III Pyotrun hakimiyyətini balıqçının arvadı kimi tədricən ələ keçirir, sonda o, Osmanlı İmperiyası ilə Qara Dəniz uğrunda müharibə aparır, nəticədə varidatını itirir.

Krımda Puşkin heykəli
Krımda Puşkin heykəli

Puşkinin “Keşiş və onun işçisi Balda” nağılı ucuz qiymətlə işçini istismar edən tənbəl keşiş haqdadır.

O zaman Rusiya çox dindar ölkə idi, Ortodoks Kilsənin keşişi haqda belə bir nağıl bidətə bərabər tutulurdu.

Odur ki, bu nağıl Puşkinin ölümündən on il sonra dərc olundu, keşiş xarakteri isə tacirlə əvəz edildi. Sovet dövründə keşiş obrazı bərpa olundu.

Rus-Yapon müharibəsi məzarlığı
Rus-Yapon müharibəsi məzarlığı

Daha sonra sovetlərdə də qadağan edildi. Çünki nağılda kapitalist element vardı; keşişin ucuz dalınca qaçmağı tənqid olunurdu.

Puşkinin başqa bir nağılı “Qızıl xoruz” onun dueldə ölümündən üç il əvvəl yazılmışdı.

Nağılda Romanovlar sülaləsinə və rus tarixinin ən alçaldıcı hadisələrindən olan Rus-Yapon müharibəsinə güclü ironiya vardı.

Bu nağıla yazılmış operanı belə, senzura qadağan etmişdi, opera bəstəkar Rimsky-Korsakov’un ölümündən sonra səhnələşdirildi.

Mənbə: "Xəbərlərdən kənar Rusiya"

Oxu Zalı

XS
SM
MD
LG