Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 02:19

AŞPA prezidentindən İlham Əliyevə yeni məktub gəldi


Anne Brasseur
Anne Brasseur

Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərərək ölkədə ifadə azadlığı və plüralizmə ciddi təhlükə olduğunu yazır.

Anne Brasseur oktyabrın 16-da göndərdiyi məktubunda qeyd edir ki, Azərbaycanda demokratiya, insan haqları, qanunun aliliyinin təmin olunması sahələrində vəziyyət olduqca pisləşir.

Azərbaycanın Avropa Şurasi qarşısında götürdüyü öhdəlikləri xatırladan Anne Brasseur yazır: “İnsan haqları fəalları və jurnalistlərin azadlıqdan məhrum olunmaları ilə bağlı son məhkəmə qərarları ölkədə ifadə azadlığı və plüralizmə sarsıdıcı təsir göstərir. Bunlar həmçinin Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə ziddir.”

Anne Brasser öz məktubunda xüsusilə narahatlıq doğuran konkret hallara diqqət çəkir.

Avropa Məhkəməsinin hökmü icrasız qalıb

O yazır ki, həbsdə olan insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyəti fəallarının qısnanması və alçaldılması, habelə onların üzərinə fiziki hücum halları baş verir.

Anne Brasseur məktubunda İlqar Məmmədovun azadlığa buraxılmasını tələb edir
Anne Brasseur məktubunda İlqar Məmmədovun azadlığa buraxılmasını tələb edir

Məktubda prezidentdən İlqar Məmmədov və İntiqam Əliyev, habelə Leyla və Arif Yunuslarla bağlı vəziyyətə müdaxilə etməsi və məhbusların qısnanmasına son qoyulması istənir.

AŞPA prezidenti İlham Əliyevə xatırladır ki, Azərbaycan İlqar Məmmədovun işi ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin hökmünü indiyədək yerinə yetirməyib. Məhkəmənin qərarında onun dərhal azadlığa buraxılması tələb edilir.

Brasseur bu qüsurun aradan qaldırılması üçün İlham Əliyevin və onun administrasiyasının bu işə müdaxiləsini istəyib.

Seçki komissiyalarının tərkibinə baxılmalıdır

Xanım Brasseur həmçinin diqqəti demokratik seçkilərin təşkili naminə AŞPA-nın və Venesiya komissiyasının tövsiyələrinə əməl edilməməsinə çəkib.

O məktubunda prezident İlham Əliyevi noyabrın 1-də keçiriləcək parlament seçkisinin Avropa Şurasının standartlarına uyğun təşkili üçün bu tövsiyyələrin icrasına çağırıb.

AŞPA və Venesiya Komissiyası bundan əvvəl dəfələrlə Azərbaycanda seçki komissiyalarının tərkibinin tərtibi qaydasını tənqid edib və bildirib ki, komissiyaların indiki tərtib qaydası hakim partiyanın seçkilərdə ədalətsiz üstünlüyünü təmin edir.

Hələlik Bakıdan AŞPA prezidentinin bu məktubuna hər hansı reaksiya yoxdur.

Bundan əvvəl, sentyabrın sonlarında başqa bir Avropa qurumu olan ATƏT-in Parlament Assambleyası Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməyəcəyini bildirmişdi.

Qurumun bəyanatında buna izahat verilərək bildirilirdi ki, “Azərbaycan hökuməti bizim ənənəvi tərəfdaşımız olan olan Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun işinə məhdudiyyətlər qoyub”.

XS
SM
MD
LG