Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:31

Sahibkarlardan dövlət başçısına pambıq müraciəti...


Pambıq yığımı.
Pambıq yığımı.

-

«Yeni Müsavat» qəzeti yazır ki, tonlarla pambığı tarlalarda məhv olan fermerlər prezident İlham Əliyevə növbəti dəfə şikayət ünvanlayıblar. Fermerlərdən biri olan Əfras Əsgərov dövlət başçısına növbəti dəfə həyəcan dolu məktub yazıb:

«Kənd təsərrüfatı nazirimiz dünyada analoqu olmayan bir qərar qəbul etdi. Bizə təklif etdi ki, pambığı MKT şirkətinə 38 qəpikdən sataq. MKT şirkətinin əkdirib yetişdirdiyi pambığın kiloqramı 47-50 qəpiyə düşür, yəni kredit, ofis və sair xərclər yüklənir. Ancaq nazir özü xərc çəkməyən şirkətə bizim məhsulu daha ucuz satmağımızı təklif edir ki, bu da başadüşülən deyil. Pambıq yığımı mövsümü başa çatmaq üzrədir. Məhsulumuzun yarıdan çoxu hələ də sahələrdə qalmaqdadır. İndiyə kimi təhvil verdiyimiz məhsulun pulundan bir manat almamışıq».

Sahibkar məktubunda yazır ki,Kənd Təsərrüfatı Nazirliyinin və «Aqrar Kredit» təşkilatının pambıqçılığa göstərdiyi bu münasibət Azərbaycanda bu sahəni bitirmək üzrədir. «Bu isə daha 30-40 min adamın iş yerini itirməsi deməkdir. Sizdən xahiş edirik, bizə dəymiş bu böyük məbləğdə olan ziyanın və bununla bağlı itiriləcək 30-40 min adamın işsiz qalmasının hesabını nazir Heydər Əsədovdan və «Aqrar Kredit»in sədri Məmməd Musayevdən soruşun»,- müraciətdə bildirilir.

Nazirlər Kabinetinin iclası.
Nazirlər Kabinetinin iclası.

İRİ MƏMURLARIN FƏALİYYƏTİ YOXLANILIR: NÖVBƏDƏ KİMDİR?

«Azadlıq» qəzeti yazır ki, İlham Əliyev Nazirlər Kabinetində 9 ayın yekunlarına həsr olunmuş iclasda ilk dəfə idxal monopoliyasını sərt tənqid edib: «Daha sonra deputatlar bu mövzuda tənqidi fikirlər səsləndirdi. İdxal sahəsinin isə Kəmaləddin Heydərovun nəzarətində olduğu sirr deyil.

Dünən redaksiyamıza daxil olan məlumatlarda isə başqa bir neçə məmurun da «qara siyahı»da olduğu bildirilir. Məlumatlara görə, «Azərenerji» ASC-nin rəhbəri Etibar Pirverdiyev, «Azərsu» ASC-nin sədri Qorxmaz Hüseynov, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Bakı Şəhər Yaşıllaşdırma İdarəsinin rəhbəri Vaqif Novruzovun fəaliyyəti yoxlanılır. Artıq bir müddətdir ki, Hesablama Palatası adıçəkilən qurumlarda audit yoxlaması aparır. Məlumatda deyilir ki, bu yoxlama həmin məmurların «vurulması» ilə bağlı planlardan irəli gəlir. Bildirilir ki, parlament seçkilərindən sonra adıçəkilən məmurlar tutduqları vəzifədən azad oluna bilər».

Parkinq.
Parkinq.

BƏLƏDİYYƏLƏR OTELLƏRDƏN VƏ DAYANACAQLARDAN PUL YIĞA BİLMİR

«Bizim yol» qəzeti yazır ki, bələdiyyə sədrləri avtodayanacaqlardan və mehmanxanalardan vergi toplaya bilmədiklərini deyirlər: «Avtodayanacaq xidmətindən istifadəyə görə Bakı şəhər İcra Hakimiyyəti bələdiyyələrə rüsum ödəməlidir. Onlardan daxil olan ödənişlərin yerli büdcəyə aid edilməsi yəqin ki, heç bir dövlət orqanını və ya icra strukturunu narazı salmamalıdır. Qaydaya əsasən, avtodayanacaqdan istifadə edən avtomobillərin hər birindən 10 qəpik bələdiyyənin hesabına rüsum ödənilməlidir. Avtomobil sahiblərindən Bakı şəhər İcra Hakimiyyəti ödəniş toplasa da, bələdiyyənin hesabına bir qəpik də olsa ödəniş həyata keçirilməyib. Bir zamanlar bələdiyyələrin reklam fəaliyyəti ilə məşğul olmaq və vergi toplamaq hüququ vardı. Amma icra hakimiyyəti reklamdan gələn gəlirdən bələdiyyəyə rüsum ödəmirdi. Nəticədə sonradan bu qanuniləşdirildi, reklamdan gəlir ancaq icra hakimiyyətinə məxsus oldu. İndi də Bakı şəhər İcra Hakimiyyəti avtodayanacaq xidmətindən gələn gəlirdən bələdiyyəyə rüsum ödəmir. Ola bilsin ki, avtodayanacaqdan gələn gəlir də ancaq icra hakimiyyətinə çatsın. Elə bu proses ona doğru gedir», - Bakı şəhəri, Binəqədi rayon M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov bildirib.

Leyla Əliyeva.
Leyla Əliyeva.

LEYLA ƏLİYEVA MOSKVADA QADINLAR ÜÇÜN ÖDƏNİŞSIZ MÜAYİNƏ TƏŞKİL EDİB

«Yeni Azərbaycan» qəzeti yazır ki, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın təşəbbüsü ilə Moskvadakı «İntelmed» klinikasında 100 dən çox qadın pulsuz mamoqrafiya müayinəsindən keçib.
AMOR İdarə heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev bildirib ki, AMOR rəhbəri L.Əliyevanın təşəbbüsü ilə keçirilən bu aksiyada əsas məqsəd mövcud xəstəliyin simptomları haqda qadınları məlumatlandırmaq və müalicənin yeni metodlarını axtarmaqdır: «Bir il ərzində bu aksiya Rusiyanın bir neçə regionlarında təşkil olunacaq. Moskvadan sonra bu aksiyanı Nijni-Novqorod və Kazan şəhərlərində keçirməyi planlaşdırırıq. Ümumilikdə xeyriyyə aksiyası çərçivəsində 400-dən çox qadının müayinəsi planlaşdırılır».

Hacı İbrahim Nehrəmli.
Hacı İbrahim Nehrəmli.

ŞİRKƏTİNİ 21 YAŞLI GƏNCƏ HƏVALƏ ETDİ

«Bandotdel»in saxladığı digər biznesmenlər kimi mənim də, xaricə çıxışıma qadağa qoyulub. Ancaq həmin qadağanın nə zaman aradan qaldırılacağı barədə bizə məlumat verilmir. Yalnız Azərbaycandan xaricə getmək istədiyimiz zaman bizə bildirilir ki, siz Azərbaycan sərhədlərini tərk edə bilməzsiniz».

Bunu ANS-ə adı qalmaqallarda hallanan biznesmen Hacı İbrahim Nehrəmli bildirib.

Deyib ki, məhz buna görə də Çin Xalq Respublikasından «Xəzər Adaları» layihəsinə cəlb etdiyi iş adamları ilə görüşə bilməyib: «Mən layihəyə pul yatıracaq biznesmenlərlə görüşmək və orada ortaq şirkət qurmaq üçün Çinə getmək istəyərkən məlum oldu ki, xaricə çıxa bilmərəm. Ona görə də Londonda təhsil alıb qayıdan 21 yaşlı oğlum Hüseynə vəkalətnamə verdim ki, məni orada təmsil eləsin. Ancaq işlər yekunlaşdığı zaman qadağa aradan qalxsa, özüm son müqaviləni imzalamaq üçün gedəcəyəm».

XS
SM
MD
LG