Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:27

Rusiya bombalarından İŞİD qazanır


Rusiya qırıcısı Suriyaya zərbələr endirir.
Rusiya qırıcısı Suriyaya zərbələr endirir.

-

«Putin-in Suriyaya müdaxiləsi əslində onun guya məhv etmək istədiyi terrorçuların əlindən tutur. Bəs onda ABŞ bütün bunlara niyə dözür?». thedailybeast.com yazır ki, Rusiyanın Suriyaya hava zərbələri kampaniyası bəhrəsini verməkdədir. Ötən cümə günü səhər İŞİD silahlıları Suriya üsyançılarının bazasına qəfil hücum edib, bazanı və yaxınlıqdakı yaşayış məntəqələrini tutub.

Hələb şəhəri yaxınlığında baş verənlər ötən ilin avqustundan bəri İŞİD-in ən diqqətçəkən irəliləyişi sayıla bilər. Eləcə də Rusiya təyyarələri Suriyanı bombalamağa başlayandan ən böyük hərbi irəliləyişdir: «Bu, təsadüf, bir dəfə baş verən hadisə deyil. Həqiqət budur ki, Rusiyanın zərbələri İŞİD üçün göydəndüşmə fürsətdir və Rusiya prezidenti Vladimir Putin də bunu bilməmiş deyil».

Məqalədə vurğulanır ki, Putin-in məqsədi qlobal mövqeyini möhkəmləndirmək, Suriya inqilabını əzmək, sonucda özünü və müttəfiqi Bashar al-Assad-ı İŞİD-dən xilaskarlar kimi təqdim etməkdir: «Problem ondadır ki, bu işin sonunda ancaq İŞİD möhkəmlənəcək».

«Putin istəyir ki, İŞİD-lə savaşmaq naminə Assad, İran və onun özüylə əməkdaşlıq edək. Ancaq bu oyunçulardan heç biri İŞİD-lə mübarizədə yaxşı göstəricilərə malik deyil. «IHS Jane's» təhlükəsizlik firmasının yazdığına görə, Assad 2014-cü ilin yalnız 6%-ni İŞİD-lə mübarizəyə həsr edib. İranpərəst xarici döyüşçülər isə demokratik yönümlü üsyançılara qarşı kütləvi hücuma keçiblər. İŞİD mayda Palmiraya hücuma keçəndə, həmin oyunçular haradaydı? ABŞ Dövlət Departamenti də bildirir ki, Rusiya Suriyaya hava zərbələri kampaniyasının yalnız 10%-i ərzində İŞİD-i bombalayıb».

Yazıda vurğulanır ki, üsyançılar İŞİD-lə mübarizədə öndə gedirlər və elə bu səbəbdən də Putin-in zərbələrinin əsas hədəfinə tuş gəlirlər: «Prezident Obama bu yaxınlarda vəd edib ki, Suriyada müharibənin səmti dəyişilməyəcək - «Biz İŞİD-lə savaşırıq». Ancaq ABŞ İŞİD-i məhv etməyi hədəfləyirsə, Putin-ə Suriyada çeçen modeli yaratmağa imkan verilməməlidir. Yəni, Rusiyanın hava zərbələrinə qarşı dayanmaq lazımdır və İŞİD ilə üsyançılar arasında cəbhə xətti buna başlamaq üçün ən təbii yerdir».

Dinetskdə Rusiyayönümlü separatçılar.
Dinetskdə Rusiyayönümlü separatçılar.

UKRAYNADA STALIN PORTRETLƏRİ

Ukraynanın şərqində, separatçıların nəzarətində olan Donetskin mərkəzində keçmiş sovet diktatoru Stalin-in şəkilləri sovet nostaljisinin əlamətləridir. Bunu «The Guardian»da oxuyuruq.

Donetskin mərkəzində Joseph Stalin-in 3 portretinə rast gəlinir. Bu portretlər əsas meydanda asılıb və sovet liderindən sitat da yazılıb: «Yolumuz haqq yoludur. Düşmən məhv ediləcək. Biz qalib gələcəyik». Müəllifin fikrincə, silahlılar sovet adət-ənənəsini dirçəltmək, bununla da özlərinin Moskva idarəçiliyini bərkitmək istəyirlər.

22 yaşlı tələbə Yekaterina deyir ki, «Stalin-in portretlərinin asılması yaxşıdır. Bu, tariximizdir və bir çoxları hətta onun nə vaxtsa mövcud olduğunu belə unudublar».

Stalin repressiyası 5 milyon ukraynalının həyatına son qoyub. Bu gün isə üsyançıların lideri Aleksandr Zakharchenko deyir ki, Sovetlərin dağılmasından təəssüflənir. «Sovetlər Birliyi böyük ölkə idi və onun CIA və digər gizli xidmətlər tərəfindən dağılması böyük səhv oldu», - 39 yaşlı komandir deyir.

Ukraynanın şərqində silahlıların başçılarının ofislərində Stalin-in portretləri asılıb. «The Guardian» yazır ki, vaxtilə Stalino adlanan Donetskdə Stalin-ə pərəstiş canlanır.

Petro Poroshenko və Vladimir Putin.
Petro Poroshenko və Vladimir Putin.

RUSİYA VƏ UKRAYNANI NƏ GÖZLƏYİR?

«18 aylıq Ukrayna müharibəsinin ən kəskin dövrü arxada qalıb, azından indilik. Ancaq hələlik heç nə həllini tapmayıb». Bunu «The Moscow Times»da Jean-Marie Guehenno yazır.

Müəllifin fikrincə, Rusiya dərin iqtisadi böhran və siyasi qeyri-müəyyənliyə yuvarlanmaqdadır. Eyni zamanda Ukrayna da böhrana gətirib çıxarmış məsələlərin heç birini həll etməyib:

«Rusiyanın Ukraynanın şərqinə müdaxiləsi sonucda Moskvanı məyus etdi. Ukrayna ordusu gözləndiyindən daha yaxşı savaşdı və Qərb də sanksiyalar məsələsində birləşdi».

Müəllif yazır ki, prezident Vladimir Putin Ukraynanın şərqi üçün separatçıların hər hansı layihəsini qəbul etmir, Minsk danışıqlarına dəstəyini bildirir. «Novorossiya» layihəsindən də əl çəkib.

Ancaq Ukrayna fundamental məsələlərin heç birini hələ həll etməyib. Korrupsiyanın qarşısı alınmayıb, məhkəmədə problemlər qalır. Rusiyada böhran isə Ukrayna müharibəsindən də öncə başlayıb. Müəllif Qərbin münaqişəni sabitləşdirmək naminə göstərə biləcəyi köməyi sadalayır. Birincisi, Ukraynaya maliyyə dəstəyi artırılsın; ikincisi, məhkəmə, korrupsiya ilə mübarizədə texniki dəstək göstərilsin; Minsk sazişi tam yerinə yetirilənədək sanksiyalar məsələsində vahid mövqe sərgilənsin; Rusiya ilə birgə işlənə biləcək sahələr araşdırılsın.

XS
SM
MD
LG