Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:38

Polisə "rəis", satıcıya "anam", taksistə "atam" deyirlər


Bilal Həsənov
Bilal Həsənov

- "İçəri keçib salam söylədikdə cavab almamaq, hər sözü az qala kəlbətinlə dartıb çıxarmaq, yuxarıdan aşağı baxışlar, yekəxanalıq, kobud, aqressiv, acıqlı danışıqlar və ən əsası “sən” ifadəsi."

"Bakı nəqliyyatında insanlarımız çox zaman söz əvəzinə jestlərdən istifadə edirlər. Xüsusən də bu, avtobusda qızlara, qadınlara öz yerini təklif edən oğlanlarda olur."

"Dövlət idarələrində gün ərzində min dəfə "ümummilli lider", "zati aliləri", "cənab rəis", filankəs müəllim deməklə yorulmurlarsa, demək, sıravi vətəndaşa “siz” söyləməyə gücləri var."

Bilal Həsənov

Sən və Siz

Dünən həkim müayinəsində idim. Qarşımda duran gənc tibb bacısı elə hey mənə “sən” deyərək müraciət edirdi. Onu da qeyd edim ki, həmin qızı həyatımda ilk dəfə görürdüm.

Açığı, familyarlığa həssaslığımı eyib sanmıram. Önümdə duran zərif cinsin nümayəndəsi olduğundan narazılığımı bildirmədim.

Bu formada müraciətlərə dövlət müəssisə və idarələrində, xüsusən güc orqanlarının kabinetlərində daha çox rast gəlinir.

Belə görüşlərdən, təmaslardan özümü maksimal dərəcədə qorumağa çalışsam da, bəzən məişət problemləri buna vadar edir. İçəri keçib salam söylədikdə cavab almamaq, hər sözü az qala kəlbətinlə dartıb çıxarmaq, yuxarıdan aşağı baxışlar, yekəxanalıq, kobud, aqressiv, acıqlı danışıqlar və ən əsası “sən” ifadəsi.

Bu idarələrdə dəfələrlə özümə qarşı “sən” kəlməsini qəbuledilməz sayıb, mənə “siz” demələrini tələb etmişəm.

Gün ərzində min dəfə ümumimilli lider, zati aliləri, cənab rəis, filankəs müəllim deməklə yorulmurlarsa, demək, sıravi vətəndaşa “siz” söyləməyə gücləri var.

Buna haqqım da çatır. Ən azından dövlətimizin qanunvericiliyi “Dövlət qulluqçularının etik davranış qaydaları” haqqında qanunla bunu onlardan tələb edir.

Cəmiyyətdə, çöldə-bayırda insanlarımızın bir-birinə oxşar müraciət etməsi isə açığı, məni çox üzür.

Ümumiyyətlə, son zamanlar apardığım müşahidələrə söykənib deyə bilərəm ki, cəmiyyətimizdə ünsiyyət probleminin əsas səbəbi həmin ünsiyyəti başlaya bilməməyimizdir.

Əslində bir çoxlarımız buna fikir verməsək də, bu, aktual probləmlərindən biridir.

İstənilən ünsiyyət, istənilən debat, tanışlıq, ilk sözlü təmas, belə deyək də, “proloq”-un hansı sözlə başlamasından aslıdır.

İoannan gələn İncilin birinci kəlməsində “Əvvəlcə söz var idi” yazılıb. Bəşər tarixi ilk sözün hesabına ünsiyyət piramidasında artıq yeni, daha ali bir pilləyə adlayır.

Cəmiyyətdə iki insan arasındakı dialoqun qurulmasında ilk söz ən vacib rolu oynayır. Yəni birinci sözlə nəinki ümumi ünsiyyətin fundamenti, bütün sonrakı əlaqələrin skeleti qurulur, qarşındakı şəxs haqqında fikirlərinin özəyi yaranır.

Eyni hal ədəbiyyata da xasdır. Heminquey vurğulayardı ki, yazının ən çətin işi birinci cümləni yazmaqdır. Yerdə qalan isə qəlblə beyinin təmasından asılı olacaq.

Mən insanlarımızın təpədən-dırnağadək kübar olmağını tələb edə bilmərəm, çünki ən azından özüm belə deyiləm. Fəqət etik müraciətin müqabilində aldığınız cavabdan önündəki insana qarşı psixoloji durumunuzun vəziyyəti asılıdır.

Bakıda yaşayıb-işləyən xaricilər hər sözün əvvəlində “sorry”, “please”, Türklər “əfəndim”, “pardon” kimi ifadələr işlədirlər.

Bu sözlər təşəkkür mənası bildirsə də, müraciət, ilk söz və dialoqu başlamaq üçün alət kimi də istifadə olunur.

Yəni bu sözlərin hər birisi, sonrakı hadisələrin düzgün səmtə yönəlməsini təmzimləyir, aqressiyanı azaldır, qarşılıqlı hörmət ab-havası yaradır.

Son dəfə Bakıda avtobusda, metroda getdiyinizi və ya dükanda sırada durduğunuzu yadınıza salın.

Kimsə bu günə kimi sizə arxadan “üzr istəyirəm” ya “rica edirəm”, “zəhmət deyilsə mənə yol verin”, sonda isə “təşəkkürlər”, “minnətdaram” deyərək müraciət edib?

Cənablar, tam səmimi deyirəm ki, Azərbaycanda, Bakıda brend mağazaların, lüks otellərin və kübar restoranların işçi personalını çıxmaq şərtilə, mənə bu vaxta kimi belə müraciət edən olmayıb.

Yuxarıda sadaladığım obyektlərin servis personalına isə müştərilərlə ünsiyyət üçün xüsusi təlimlər təşkil olunur ki, həmin dərsləri xaricdən gətirilmiş peşəkarlar keçirlər.

Bakı nəqliyyatında insanlarımız demək olar ki, çox zaman söz əvəzinə jestlərdən istifadə edirlər.

Kişilər isə belivə, çiynivə toxunaraq, “çəkil də”, “yol ver” deyib keçirlər. Eyni hadisə demək olar ki bütün insan sıxlıqlı məkanlarda baş verir.

Yəni lalcasına əlnən sənə toxunub nəsə mızıldanırlar.

Xüsusən də bu, avtobusda qızlara, qadınlara öz yerini təklif edən oğlanlarda olur.

Yəni zənan xeylağına, qıza, qadına aydın səslə “buyurun, xanım”, “keçin əyləşin” demək yerinə sadəcə qoluna barmaqla toxunmaqla öz yerlərini göstərirlər.

Kişilər isə belivə, çiynivə toxunaraq, “çəkil də”, “yol ver” deyib keçirlər. Eyni hadisə demək olar ki bütün insan sıxlıqlı məkanlarda baş verir.

Tanıdığım bir xanım, ölkədə fəaliyyət göstərən mobil operatorlardan birində çalışır. Mənə dediyinə görə, operatora zəng edən müştərilərin 50-60 faizi üzləşdiyi problemi aydın başa sala bilmir. Fikri qısaca ifadə etməyi bacarmırlar.

Əsas problemləri dialoqu düzgün başlaya bilməməkləridir. Zəngə cavab verən xanımın səsin eşidib, söhbəti nədən başlamlı, nə deməli, necə müraciət etməli olduğunu bilmədiyi, praktika etmədiyi üçün sonrakı danışığın sütununu dağıdırlar. Beləliklə, əsas fikr qarışır.

Dəfələrlə insanlarımızın polisə "rəis", "komandir", satıcıya "anam", taksistə "atam" deməklərinə qulaq şahidi olmuşam.

Tanımadıqları insanı səsləyərkən, ona müraciət etmək istərkən “rica edirəm”, “üzr istəyirəm”, “mümkünsə” kimi ifadələrin əvəzinə “alə”, “az”, “ağəz”, “lələ”, “ayə”, “a gədə”, “ə”, “ey”, “qaqulya”, “xalaoğlu”, “elli”, “yerli”, “ ay qaqa”, “mamaoğlu”, “ataş”, ən yaxşı hallarda isə "qardaş" sözünü istifadə edirlər.

Önündə qapı açıb yol verdiyin xanımın dönüb sənə “təşəkkür”, “minnətdaram” deməsi çox nadir hallarda olur.

İşdi-şayət, “sağol” eşitsəniz, deməli şadyanalıq edib, şampan partlada bilərsiniz.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG