Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 18:44

Kadyrov nəhəng ilanı necə ram etdi


Ramzan Kadyrov
Ramzan Kadyrov

-

«Instagram» həvəskarı olan Çeçenistan rəhbəri Ramzan Kadyrov özünün çimərlikdə namaz qılarkən bir pitona qalib gəldiyini göstərən videomontaj paylaşıb. Kadyrov bu videonun fəlsəfi, ideoloji və dini məna daşıdığını deyib və yazıb ki, ilan şər qüvvələri təcəssüm etdirir.

Beləliklə, yırtıcılarla poza vermək məsələsində çeçen pəhləvanı Ramzan Kadyrov öz rəhbərini ötüb keçib. Axı Rusiya prezidenti Vladimir Putin pələngləri təqib edir, delfinlərlə üzür, durnalarla uçur.

Ancaq Kadyrov-dan fərqli olaraq, Putin piton formalı «şər qüvvələr»ə qalib gəldiyini, özü də bunu saç düzümünü pozmadan və duasını yarımçıq qoymadan etdiyini deyə bilməyəcək.

XALQLARI QUMARA QOYURLAR

Oktyabrın 21-də Kadyrov-un 1.3 milyon izləyicisi olan «Instagram» səhifəsində paylaşılmış videomontajda onun bir çimərlikdə diz çökərək canamazın üzərində başını əydiyini görürük. Bu zaman iri bir piton fısıldayaraq ona tərəf sürünür. O, ilanla sakit-sakit danışır, onu götürüb gözlərinin içinə baxır. Sonra da ziyansız bir əşya kimi kənara tullayır. Duasını da heç nə olmayıbmış kimi davam etdirir.

Kadyrov postunu belə izah edib: «İlan insanların əzab çəkdiyi nəhəng əraziləri ələ keçirmiş şər qüvvələri simvolizə edir. Bu, Əfqanıstan, İraq, Suriya, Misir və Afrika ölkələridir. Onlar Ukrayna xalqını da bu uçuruma sürükləməyə çalışırlar».

O, yazıb ki, «şeytan qüvvələri bir-biri ilə oyunda xalqları, dinləri, ölkələri qumara qoyurlar. Onlar idarə edilə bilən xaos istəyirlər ki, dünyanın yarısı aclıq çəksin, daha da yoxsullaşsın və acizcəsinə sədəqə dilənsin. Bu, belə olmamalıdır!».

BƏS ŞEYTAN KİMDİR?

Kadyrov heç bir şəxsin, yaxud dövlətin adını çəkməsə də, onun sözləri Rusiya rəsmilərinin məlum iddiaları ilə çox səsləşib. Bu iddialara görə, ərəb dövlətlərindəki zorakılığın, Rusiyanın dəstəklədiyi Ukrayna prezidentinin hakimiyyətdən qovulmasının günahkarı ABŞ-dır və ümumiyyətlə, ABŞ bütün dünyanı özünə tabe etdirməyə iddialıdır.

Kadyrov dünyanın gələcəyi barədə düşünən hər kəsi birləşməyə, siyasətçiləri isə bütöv dövlətləri və xalqları əbəs yerə səfalət, əsarət altında saxlamağın qəbuledilməz olduğunu anlamağa çağırıb.

O, öz postunu «biz şərə qalib gələ bilərik» sözləri və #StopTheDevil (Şəri dayandır) həştəqi ilə bitirir.

Qeyd edilir ki, bu «Instagram» postu təhlilçi və siyasətçilərin Kremlə bir xəbərdarlığıyla üst-üstə düşür. Onlar deyirlər ki, Suriyaya endirilən hava zərbələri Rusiyanı «İslam Dövləti» (İD) ekstremist təşkilatı və digər islamçı silahlıların hədəfinə çevirə bilər.

XS
SM
MD
LG