Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:28

Günel Mövlud. Leyla Şıxlinskayanın müsahibəsi


Günel Mövlud
Günel Mövlud

- "Aktrisa hərəsi ilə cəmi 4 il yaşadığı ərləri barədə qeyd elədi ki, onlara hər şeyi öyrədəndən sonra azad edirdim.

Deyirdim, geyinmıyi öyrəndin, yemək yeməyi, özünü aparmağı, yaxşı davranış öyrəndin, indi azadsan. Get."

Günel Mövlud

Öyrənən və öyrədən qadın

Bu günlərdə Leyla Şıxlinskayanın məşhur müsahibəsinə baxdım. Əvvəlcə deyim ki, yaxşı mənada xeyli təəccübləndim.

Axır ki, bir qadın, bir aktrisa, bir sənət adamı efirə çıxıb xalqa əxlaq, mentalitet dərsi keçmədən, öz şəxsi həyatı barədə belə cəsarətlə, açıq danışırdı.

Hamımız azdan-çoxdan bizim səhnə adamlarının, aktyorların, aktrisaların necə sətbəst həyat yaşadığını bilirik.

Yaxşı da edirlər, yaradıcı adamın həyatı intriqalarla, sevgi macəraları, könül çırpıntıları, həsrətdən saralıb-solmalarla zəngin olmalıdır ki, mənəvi cəhətdən həmişə formada olsun.

Yoxsa mən də ərə gedib, başlayım enə verməyə, aktrisa da, daha nə oldu?

Di gəl ki, efirə çıxanda bu sərbəst, macəralı, türklər demişkən, minbir gizemli xanımlar olurlar bariz əxlaq nümunəsi, Qazılıq dağına baxanda yaşmanan utancaq gəlin, bir az yaşlıları da olur al anası, el agbirçəyi.

Leyla Şıxlinskaya
Leyla Şıxlinskaya

Sənət, səhnə, kino, teatr, sənətkar münasibətləri, yaradıcılıq əvəzinə başlayırlar namusdan, qeyrətdən, qaynata-qaynanaya qulluq eləməkdən danışmağa.

Söhbətin nə sənətə, nə də sənət adamını həyat tərzinə yaxından-uzaqdan heç bir dəxli olmur.

Bu mənada axır ki, bir yaşlı aktrısanın efirə çıxıb dörd rəsmi, sayını demədiyi qeyri-rəsmi ərlərindən, sevgililərindən danışmağı, doğrudan da, təqdirəlayiq haldır.

Leyla xanımın həyat tərzi yaxşıdır, pisdir, düzdür, düz deyil, bunlar tamam başqa söhbətdir və qiymətləndirmə kifayət qədər fərdidir.

Hər nə qdərə şablon fikir olsa da, insanın etməyə borclu olduğu şey vergi verməkdir, etməməli olduğu şey isə cinayət. Qalanını özü bilər.

Mövzudan uzaqlaşmayaq. Leyla xanımın müsahibəsi mənə xeyli xoş təsir bağışladı. Hərçənd, aparıcıların suallarının səviyyəsi adama ancaq köks ötürdə bilərdi.

Leyla xanımın 4 əri barədə danışanda toxunduğu bir məqam vardı ki, xususilə maraqlı gəldi. Aktrisa hərəsi ilə cəmi 4 il yaşadığı ərləri barədə qeyd elədi ki, onlara hər şeyi öyrədəndən sonra azad edirdim.

Deyirdim, geyinmıyi öyrəndin, yemək yeməyi, özünü aparmağı, yaxşı davranış öyrəndin, indi azadsan. Get.

Maraqlıdır ki, o, özünə nəsə öyrədən kişilərindən danışmadı. Axı nə qədər ağıllı, maraqlı, görüb-götürmüş qadın olsan da, hamının təcrübəsiz, yelbeyin, sadəlövh, bilgidən kasad vaxtları olur.

Belə vaxtlarda qadının qarşısına çıxan ağıllı, bilikli, təcrübəli kişilər ona nəsə öyrədirlər.

Leyla Şıxlinskaya
Leyla Şıxlinskaya

Biri kitab zövqünü inkişaf etdirir, biri geyinməyi öyrədir, biri yataqda davranmağı, biri davranış qaydalarını, biri özünü məclisdə aparmağı.

Ya da elə biri hamısını öyrədir – belə də ola bilər.

Ən pis halda, ən pis kişi də qadına nəsə öyrədir. Məsələn, öyrədir ki, belə də kişi olur və beləsinə baş qoşmağa dəyməz.

Amma qadının həyatında ona nəsə öyrədən kişi heç olmayıbsa, bu çox pisdir. Bu ya o deməkdir ki, onun qarşısına çıxan kişilər çox maraqsız adamlar olublar, onlardan heç nə öyrənmək mümkün deyilmiş. Ya da qadın o qədər başqa FM-də olub ki, o adamlardan heç nə öyrənə bilməyib.

Mən ikinci varianta daha çox inandım. Çünki, ən avara, ən sadə qızın da qarşısına həyatda maraqlı, ağıllı, mənən zəngin kişilər çıxırsa, Leyla Şıxlinskaya kimi məşhur, gözəl qadının qarşısına belə kişinin çıxmamağı mümkün deyildi. Buna görə də xeyli məyus oldum.

Kişi-qadın münasibətlərində ən çox qorxduğum şeydir insanların bir-birindən heç nə öyrənə bilməməyi.

Qadının da, kişinin də qarşısına çıxan sevgili, partnyor, həyat yoldaşı onu mənən az da olsa, zənginləşdirmədən, heç bir həyat təcrübəsi vermədən çıxıb gedirsə, bu onun uduzmuş halda çıxdığı münasibətdir.

İllər kiməsə həsr olunub, o kimsə indi yoxdur, illər də yoxdur, ondan qalan heç nə yoxdur...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG