Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:03

Pərviz Həşimli azadlığa buraxılmadı


Pərviz Həşimli
Pərviz Həşimli

-

Oktyabrın 27-də Ali Məhkəmə jurnalist Pərviz Həşimli barəsində hökmdən verilən kasasiya şikayətini təmin etməyib.

Pərviz Həşimlinin vəkili Elçin Sadıqov AzadlıqRadiosuna deyib ki, onlar MTN-də baş verən həbslərdən sonra Ali Məhkəmənin ədalətli qərar çıxaracağını gözləyirdilər: «MTN-nin həbs olunan əməkdaşlarının bir çox insanı şərlədiyi məlum olub. Elə Pərviz Həşimlini də şərləyiblər, amma Ali Məhkəmə hökmdən verdiyimiz şikayəti təmin etmədi».

Elçin Sadıqov Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirir.

«Bizim yol» qəzetinin əməkdaşı Pərviz Həşimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur. Pərviz Həşimli ittihamları rədd edir.

İnsan haqlarını müdafiə təşkilatları jurnalistin siyasi sifarişlə tutulduğunu deyirlər.

ATASI PREZİDENTƏ TƏŞƏKKÜR ETDİ

«Möhtərəm cənab Prezident! Ölkə Sizin keçirdiyiniz sonuncu müşavirədə səsləndirdiyiniz tənqidi fikirlərə, ondan sonra atdığınız kəsərli addımlara köklənib. Açıq demək lazımdır ki, insanlar bayram ovqatındadır».

8 il azadlıqdan məhrum edilən jurnalist Pərviz Həşimlinin atası Kamran Həşimovun İlham Əliyevə ünvanladığı müraciəti bu sözlərlə başlayır.

«Bizim yol» xəbər verir ki, Kamran Həşimli müraciətində oğlunun yüksəkçinli MTN generalları, xüsusən də Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev tərəfindən «normal ağıla və məntiqə sığmayan» ittihamlarla həbs edildiyini vurğulayır.

«NAZİRƏ DEDİM, TERRORÇULARI ƏTRAFINDA AXTAR»

Kamran Həşimli yazır: «Hələ iki il əvvəl keçirdiyim mətbuat konfransında açıq mətnlə ovaxtkı nazir Eldar Mahmudova səslənmişdim ki, mən ömrünü gənc nəslin tərbiyəsinə həsr etmiş pedaqoqam, mənim ailəmdə silah qaçaqmalçısı ola bilməz. Eyni zamanda onu da bildirmişdim ki, terrorçu, silah qaçaqmalçısı tapmaq istəyirsənsə, ətrafına bax. Yoxlanılsa sənin yanındakıların elə terrorçu olduğu üzə çıxar. Allahıma min dəfə minnətdaram ki, dediklərim doğru çıxdı və Eldar Mahmudov Sizin tərəfinizdən cəzalandırıldı. Ümid edirəm ki, bu hələ son deyil və millətə divan tutan belə bir qurumun rəhbəri daha ağır cəzaya məhkum edilməlidir. Onun rəhbərlik etdiyi qurum Azərbaycanın adını, ölkənin xüsusi xidmət orqanlarının imicini yerə vurub».

Oğlunun azadlığa buraxılması ilə bağlı hər hansı xahiş səsləndirməyən Kamran Həşimli məktubunu MTN-də aparılan yoxlamalara görə prezidentə təşəkkür etməklə bitirir.

XS
SM
MD
LG