Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:05

Mugabe-nin başına uyğun papaq tapmadı, işdən qovuldu


Robert Mugabe
Robert Mugabe

-

Zimbabve Universitetinin prorektoru işdən qovulub. Qovulmağına səbəb nə olsa yaxşıdır? Papaq. Söhbət elə-belə adamın yox, prezident Robert Mugabe-nin papağından gedir.

Prorektor məzunların buraxılış mərasimində iştirak edəcək prezidentə baş ölçüsünə uyğun akademik papaq tapa bilməyibmiş. Buna görə də işi ilə vidalaşmalı olub.

30 ilə yaxındır Zimbabveni idarə edən Robert Mugabe ölkə qanunvericiliyinə görə, həm də dövlətin bütün universitetlərinin rektorudur. Buna görə də o, bir qayda olaraq, bütün buraxılış gecələrində iştirak edir.

Ancaq bir şey var ki, Robert Mugabe-nin hansısa tədbirdə iştirakı tədbir iştirakçılarında sevincdən daha çox qorxu hissi yaradır.

PAPAQ TAPMAQ ASAN İŞ DEYİLMİŞ

Həmişəki kimi bu dəfə də elə olub. Prorektor Ngaatendwe Takawira-nın təqdim etdiyi akademik papaq prezidentin başına kiçik olub. Papaq geri qaytarılıb. 91 yaşlı Mugabe-nin başına uyğun papaq tapmaq üçün buraxılış mərasimi 45 dəqiqə gecikib. Hər halda «günahkar» prorektora qarşı başlanmış araşdırma materiallarında belə deyilir.

Ngaatendwe Takawira intizam məsuliyyətinə cəlb edilib. Prezidentin qəzəbinə tuş gəlmiş zavallı prorektor deyir ki, 45 dəqiqəlik böyük papaq axtarışından sonra Mugabe yenə də başına əvvəl imtina etdiyi papağı qoyub. Özü də həmin papaq onun başına çox da yaxşı oturub.

MUGABE-NIN PAPAĞI BAŞINA QOYUB YOXLAMAĞA VAXTI YOXDUR

30 ilə yaxındır ölkəni idarə edən Mugabe-ni qəzəbləndirən prorektor Takawira vəkili vasitəsilə araşdırma aparan komitəyə izahat təqdim edib. Həmin izahatında bildirib ki, papağın ölçüsünü prezidentin ofisindən öyrənibmiş. Papaq hazır olandan sonra da onu yoxlamaq üçün Mugabe-nin ofisinə göndərib. Ancaq ona deyiblər ki, prezidentin işi çoxdur, papağı başına qoyub yoxlaya bilməyəcək.

1996-cı ildən Zimbabve Universitetində buraxılış mərasimlərinin təşkili ilə məşğul olan Takawira araşdırmanın qərəzli aparıldığını deyir. Buna görə də prorektor işə müstəqil komissiyanın cəlb edilməsini istəyir.

Universitetdən isə bildiriblər ki, İntizam Komissiyası Takawira-nın işinə ədalətlə baxır.

XS
SM
MD
LG