Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:53

Azərbaycanda parlament seçkiləri [dəqiqəbədəqiqə]

Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilib. Rəsmi məlumata görə, Milli Məclisdə 125 yer uğrunda 767 namizəd mübarizə aparır.

Təşviqat kampaniyasına 1200-dən çox namizəd qoşulsa da, daha sonra onların bəziləri, o cümlədən Müsavat Partiyası üzvlərinin böyük əksəriyyəti seçkiyə qatılmaqdan imtina edib.

Müxalif Milli Şura daha öncədən seçkini boykot edərək, nəticələri tanımayacağını bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda budəfəki seçkiləri müşahidə etməyəcəyini açıqlayıb.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətnin aşağısıdakı göy rəngli «davamı» düyməsini basmaqla, bloqu vərəqləmək, əvvəlki postlarla tanış olmaq da mümkündür.

19:15 1.11.2015
Səsvermə başa çatdı

Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov İctimai TV-yə açıqlamasında deyib ki, seçkini baş tutmuş hesab etmək olar:

«Biz deyə bilərik ki, bu seçkilər beynəlxalq standartlardan belə yüksək səviyyədə keçib. Seçkini kölgə altına ala biləcək heç bir neqativ hal baş verməyib».

Natiq Məmmədov qeyd edib ki, onlara seçkilərlə bağlı hər hansı bir şikayət daxil olmayıb.

18:56 1.11.2015
İltizam Əkbərli
İltizam Əkbərli
Topa bülletenlər qalmaqalı böyüyür

79 saylı İmişli seçki dairəsinin 14 saylı məntəqəsində qutuya atılmasına cəhd göstərilən, lakin müşahidəçi tərəfindən alınıb namizəd İltizam Əkbərliyə verilən 24 ədəd bülleten ətrafında qalmaqal böyüyür.

Bu barədə AzadlıqRadiosuna danışan namizəd İltizam Əkbərli rayonun vəzifəli şəxslərinin bülletenləri ondan istədiklərini deyir: «Bu seçki komissiyaları ilə rayon rəhbərliyinin birləşdiyini sübut edir. İndi mənə həmin məntəqə üzrə ən sərfəli nəticələr təklif edirlər ki, komissiya üzvü tərəfindən YAP namizədinin lehinə işarələnmiş bülletenləri qaytarım. Səsvermənin son saatlarında digər məntəqələrdə qutulara 50-100 ədəd bülleten atılır. Maşahidəçilərimin biri məntəqədən kənarlaşdırılıb».

Yada salaq ki, bir neçə saat öncə 79 saylı İmişli seçki dairəsinin 14 saylı məntəqəsində müşahidəçilərdən biri YAP namizədi Əsabil Qasımovun lehinə işarələnmiş 24 bülleteni qutuya atarkən məntəqədə olan digər müşahidəçi tərəfindən yaxalanıb. Sonuncu həmin bülletenləri müsavatçı namizəd İltizam Əkbərliyə verib. Bu barədə AzadlıqRadiosuna məlumat verən İ.Əkbərli bildirir ki, onlar bu barədə Mərkəzi seçki Komissiyasına şikayət edəcəklər.

18:30 1.11.2015
Namizədin vəkili saxlanılıb

30 saylı Suraxanı birinci seçki dairəsində deputatlığa namizəd Vurğun Əyyubun vəkili İlqar Ramazanov polis bölməsinə aparılıb. «Buna səbəb vəkilin Zığda yerləşən 20 saylı məntəqədə «karusel» əməliyyatına etiraz etməsi olub» - namizədin səlahiyyətli nümayəndəsi bildirir.

18:27 1.11.2015
«Pirr qələbəsi»…

Azərbaycan Xalq Cəbhəsi Partiyasını sədri Əli Kərimli parlament seçkiləri ilə bağlı öz fikirlərini bölüşüb. Əli Kərimli yazır ki,
xalqın və beynəlxalq aləmin boykot etdiyi parlament seçkilərini yenə də kütləvi şəkildə saxtalaşdırırlar:
«Aylar öncə müəyyənləşmiş siyahı üzrə öz adamlarını deputat təyin edirlər. Amma anlamırlar ki, tam saxta seçkilər keçirməklə xalqla və dünya ilə aralarındakı sonuncu körpüləri də uçururlar. Ona görə də indi əldə etdikləri «Pirr qələbəsi»dir. Peşmançılığını yaxın vaxtlarda çəkəcəklər. Qarşıdan da sosial- iqtisadi böhranın daha da dərinləşməsi gəlir. Sosial-iqtisadi böhran zamanında isə ölkəyə heç bir legitimliyi olmayan parlament təyin etmək ikiqat məsuliyyətsizlikdir».

Davamı

XS
SM
MD
LG