Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:32

Müsavat pozuntulardan danışır, MSK isə...


Seçicinin əlində iki bülleten var
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00

Seçicinin əlində iki bülleten var

-

Müsavat Partiyası parlament seçkilərinin gedişi ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir ki, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 16 saylı məntəqəsində Müsavat müşahidəçiləri Vüqar Zamanovu və Aqşin Rəhmanovu məntəqədən çıxarılıblar:

«Müşahidəçilərin üzərində MSK-dan alınmış müşahidəçi vəsiqəsi var. Amma onlardan şəxsiyyət vəsiqəsi tələb olunur. Məntəqə seçki komissiyasının sədri deyib ki, müşahidəçi vəsiqəsi onun qardaşının ola bilər, şəkli oxşaya bilər».

Açıqlamaya görə, 17 saylı Yasamal üçüncü seçki dairəsində də müşahidəçilərin fəaliyyəti formal xarakter daşıyır:

«54 saylı Şabran-Siyəzən seçki dairəsinin 4 saylı seçki məntəqəsində müşahidəçi Mərdan Mehdi karusel əməliyyatını foto-lentə aldığına görə məntəqə seçki komissiyasının tərtib etdiyi akta əsasən, məntəqədən çıxarılıb. 49 saylı Yevlax-Mingəçevir seçki dairəsinin 26 və 35 saylı seçki məntəqələrindən Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Nurəddin Rüstəmovun verdiyi məlumata görə, müşahidəçilər seçki məntəqələrinə buraxılmırlar».

POLİS SEÇKİ MƏNTƏQƏSİNƏ GİRİB

Açıqlamada həmçinin qeyd edilir ki, 31 saylı Suraxanı ikinci seçki dairəsinin 13 saylı məntəqəsində Müsavatın müşahidəçisi Aqşin Rəhmanov polisin təzyiqi ilə üzləşib:

«Müşahidəçi seçki məntəqəsində şəkil çəkərkən iki polis əməkdaşı ona yaxınlaşıb və seçki məntəqəsindən qovacaqları ilə hədələyiblər. Qeyd edək ki, polis əməkdaşlarının səsvermə vaxtı seçki məntəqəsinə daxil olması Seçki Məcəlləsinə ziddir. 11 saylı Qaradağ seçki dairəsinin 9 saylı məntəqəsində Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi Səxavət Soltanlının verdiyi məlumata görə, seçicilərə seçki bülletenləri bir otaqda verilir. Seçki qutusu və müşahidəçilər isə digər otaqda əyləşiblər. Belə ki, müşahidəçilərin seçki prosesini müşahidə etmək imkanları yoxdur».

Mərkəzi Seçki Komissiyası isə seçkilərin normal keçirildiyini bildirir. MSK sədri Məzahir Pənahovun deməsinə görə, səsvermə prosesində indiyə kimi ciddi qanun pozuntusu müşahidə edilməyib:

«Saat 12.00-dək seçicilərin 28.02 faizi səsvermədə iştirak edib. Hesab edirəm yaxşı nəticədir. Heç bir ciddi pozuntusu qeydə alınmasa da, bəzi xoşagəlməz hallar baş verib. Məsələn, 63 saylı Sabirabad birinci seçki dairəsində deputatlığa namizəd Pənah Hüseynin səlahiyyətli nümayəndəsi iki seçicinin əlindən bülleteni alaraq, qaçıb. Bir seçki dairəsində namizədlərdən biri məntəqə seçki komissiyasının üzvü olan xanımı təhqir edib. Belə hallar qeydə alınsa da, nəticələrə təsir edəcək hadisələr baş verməyib. İndiyədək MSK-ya rəsmi şikayət daxil olmayıb».

XS
SM
MD
LG