Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 17:25

Akademiklə professorun davası


Seymur Baycan
Seymur Baycan

- "Onlar akademiyaya gəldikdə ilk işləri elektrik çaynikini işə salmaq olurdu."

"Əgər bir professorun başqa bir professordan zəhləsi gedirsə onların köməkçilərinin də mütləq bir-birlərindən zəhlələri getməlidir."

"Nə vaxtsa orda əkin sahəsi olub. Beş il əvvəl isə nazirlər və oliqarxlar Bədirabad adlanan yeri öz aralarında bölüşdürüb otellər və istirahət mərkəzləri tikdilər. Buna baxmayaraq alimlər öz araşdırmalarından əl çəkmirlər..."

Seymur Baycan

İti kim basdırmalıdı?

Akademik Vüqar Şəmsizadə akademik addımlarla tribunaya qalxıb adəti üzrə bir xeyli əlindəki vərəqləri qaydaya salmaqla məşğul oldu. Öskürdü. Boğazını təmizlədi. Qrafindən stakana su töküb içdi.

Zalda əyləşənlər söhbətləri, pıçapıçları kəsib Vüqar Şəmsizadənin çıxışına qulaq asmaq hazırlığına gəldilər.

İki il əvvəl akademiyanın binasını həmçinin iclas zalını dövlət hesabına mükəmməl təmir etmişdilər. Bütün oturacaqları, pərdələri, çılçıraqları təzələmişdilər. Fəhlələr təmir prosesi zamanı köhnə tribunanı anbara atıb yerinə təzə, parıltılı tribuna qoymuşdular.

Lakin təzə tribuna elm adamlarını qane etmədi. Hər şeydən əvvəl təzə tribuna çox yüngül idi. Təzə tribunada əzəmət, monumentallıq, ciddilik, imperiya nəfəsi, hökmranlıq, repressiya, sürgün qorxusu çatışmırdı.

Akademiklər, professorlar çıxış zamanı özlərini unudub tribunaya söykənəndə təzə tribuna yerində dayanmırdı. Yellənirdi. Bu da elm adamlarını bərk narahat edirdi. Təzə tribunanın yüngüllüyü elm adamlarına təhqiramiz gəlirdi.

Ona görə də elm adamları yeni tribunanı zaldan anbara aparıb anbardan köhnə tribunanı zala gətirdilər.

- Yoldaşlar...

Akademik Vüqar Şəmsizadənin ilk kəlməsi zalda əks-səda verib dalğalandı. O bundan ilhamlandı. Üstünə qələmlə, mismarla, bıçaq ucuyla “m +s=s”, “r+v=s”, “p+d=s” kimi çoxlu düsturlar yazılmış tribunanı hər iki tərəfdən qamarlayıb köksünü ona elə yapışdırdı ki, sanki həmişəlik burda heykəlləşəcəkdi.

AMEA
AMEA

Akademikin pencəyinin döş cibində qələm və xırda dişli saç darağı vardı.

Başı daz idi. Bir cəngə tükü uzdaraq çalma kimi başının ortasına dolayırdı.

Alimlərin çoxunun başı daz olsa da hamısı ciblərində xırda dişli daraq gəzdirirdi.

Yəqin üstlərində xırda dişli daraq gəzdirməyin nəsə gizli, sakral bir mənası vardı. Belə işlərdən bizim başımız çıxmaz.

- Əziz kolleqalar! Hörmətli elm adamları. Hörmətli gənc alimlər. Uzun və əzab-əziyyətli elm yolunun yolçuları. Dövrün, zamanın tələbi yeni vüsət kəsb edib. Həyat durmadan irəliləyir. Cəmiyyətimiz daimi inkişafdadı. Gəlin bu tələblər səviyyəsindən öz işlərimizə açıq, obyektiv nəzər salaq.

Kommunist prinsipiallığı ilə son illərdəki fəaliyyətimizi saf-çürük edək. Baxaq-görək nədir nailiyyətlərimiz? Dövrün tələblərinə necə cavab veririk? Həyatla, inkişafla ayaqlaşa bilirikmi? Bir alim, ziyalılarımızın qabaqcıl, avanqard nümayəndəsi kimi xalqa, vətənə, doğma partiyamıza nə cür xidmət göstəririk?

Natiq qəzəbli, hiddətli baxışlarını yuxarıdan aşağı tuşlayıb cərgələr arasında dolandırdı və öz suallarına qəti hökmlə cavab verdi:

- Əlbəttə, pis!.. Həddindən artıq pis!!.. Bəs bunun səbəbi nədir? Belə yarıtmaz fəaliyyətin kökləri haralara işləyib? Bax, birinci elə bundan yapışmaq lazımdır. Ətalətimizin, ayağımızdan geri çəkən mənfi amillərin köklərini araşdırmaq, heç nədən çəkinmədən üzə çıxarmaq, ictimaiyyətin qarşısında faş etmək lazımdı. Mənə elə gəlir ki, biz kimyanın da əhəmiyyətini şişirdirik.

Götürək, kənd təsərrüfatına onun xeyrini. Torpağı guya yararlaşdırmaq, bol məhsul almaq üçün cürbəcür süni gübrələr, nə bilim daha nələr icad ediblər. Düşünürsən ki, bəlkə elə son vaxtlar müxtəlif xəstəliklərin bu qədər artmasına səbəb həmin bu icadlardır.

Kimyəvi tor-töküntülər yediyimiz bitkilərin tərkibində orqanizmimizə daxil olub bizi tədricən zəhərləyir. Qarpızın, yemişin, pomidorun, xiyarın, badımcanın, vəzərinin, keşnişin, soğanın, sarımsağın,boranının, acı bibərin, şirin bibərin, turpun, cəfərinin, şüyüdün daha əvvəlki tamı qalmayıb.

Ümumiyyətlə elə bil ki, meyvələr, tərəvəzlər get-gedə dadsızlaşır.Və şəxsən mən bir ziyalı kimi sidqi ürəkdən heyislənə-heyfislənə fikirləşirəm ki, hanı indi Hövsan soğanı, Corat qovunu, Zirənin ağ turpu, kökü, Buzovnanın kahısı, Nardarandakı paçan bağlarının qara şanısı, Sarayın, Novxanının ağ şanısı, Qala tərəfdəki Hacıxuna bağlarının sarıgiləsi, Bilgəhin kəhrəba kimi ənciri. Mən bunları fikirləşdikcə bu meyvələrin, tərəvəzlərin dadını ağzımda hiss edirəm və özüm özümə çox köhnə, qədim bir məxluq kimi görünürəm.

Bəzən özüm də çaşıb qalıram ki, görəsən mənim neçə yaşım var? Artıq pul qazanmaq, asan yolla tezcə varlanmaq xatirinə kəndlilər əlləm-qəlləm işlər görürlər. Bitkini tez yetişdirmək, həm də şişirdib yekələndirmək üçün siliterdi, nə zəhirmardı ondan geninə -boluna istifadə edirlər. Halbuki kəndlilər əvvəllər belə şeylərdən, belə bicliklərdən xəbərsiz idilər.

Onlar əvvəllər çox mehriban, sadə, qonaqpərvər adamlar idi. Bu sadə adamları kimyaçılar yoldan çıxardı, tərbiyəzsizləşdirdi, hətta deyərdim ki, bir az da əxlaqsızlaşdırdı. Bunu etiraf etməliyik. Ötən il qarpız -yemişdən çoxlu zəhərlənmə halları qeydə alınıb.

Allah ölənlərinizə rəhmət eləsin, (zalda əyləşənlər azca tərpənişib xorla təkrar etdilər: Allah rəhmət eləsin) mənim cənnətlik babam bu süni gübrələrsiz, fosfotlarsız düz doxsan il azarsız-bezarsız yaşadı.

Öləndə ağzından heç bircə dişi də düşməmişdi. Saçı-saqqalı da qara idi. Keçən ilin axırlarına yaxın bizim seksiyanın elmi şurasında aspirantlar üçün ayrıca labarotoriya otağının yaradılması müzakirəyə çıxarılanda mən bu məsələyə öz etirazımı bildirmişdim. Demişdim ki, aspirantların elmi bazası zəifdi. Onlar üçün ayrıca labarotoriyaların yaradılması hələ tezdir.

Gəlin biz gəncləri səhv yoldan çəkindirək. Qoy onlar kəndlərə gedib kəndliləri süni gübrələrdən istifadə etməkdən çəkindirsinlər. Gənc alimlər torpaqla tanış olsunlar. Xalqı tanısınlar. Kəndlilərlə dostlaşsınlar. Kəndlilərə səhv yolda olduqlarını elmi yolla başa salsınlar. Amma nədənsə bu təklifim o qədər də ciddi qəbul edilmədi.

Gənc alimlərin kəndlərə göndərilməsi təklifinə etinasız yanaşdılar. Odur ki, mən qəti tələb edirəm, bəzilərinin özbaşınalığına, mövqeyindən, vəzifəsindən sui- istifadə cəhdlərinə son qoyulsun. Akademiyada kollektiv işgüzarlıq şəraiti yaradılsın.

Biz sovet alimləriyik, yoldaşlar! Çalışmalıyıq ki, hər şey dövlətimizin, xalqımızın, partiyamızın mənafeyinə uyğun qurulsun. İqtisadi cəhətdən gəlirli, xeyir gətirəcək kəşflər etməliyik. Dumanlı ideyalar, qərb təmayüllü fərziyələr, saxta novatorluq sovet alimlərinin, sovet elminin müasir tələblərinə ziddir.

Biz, yaşlı nəslin nümayəndələri, təcrübəli alimlər istedadlı cavanları partiyamızın ruhuna uyğun tərbiyələndirməliyik. Elə etməliyik ki, elmin astanasına ayaq basmış gənc alimlər vəzifələrini düzgün başa düşsünlər. Sümükləri bərkiməmiş böyük-böyük ixtiralara həvəs göstərməsinlər.

Partiyamızın və dövlətimizin biz alimlərə göstərdiyi etimaddan, biz alimlərə yaradılan şəraitdən, imkanlardan sui-istifadə eləyib partiyamızı, xalqımızı, dövlətimizi aldatmaq bağışlanılmaz cinayətdir. Bu sovet qanunlarına, Lenin prinsiplərinə ziddir. Böyük dövlət əhəmiyyətli işləri öz şəxsi münasibətlərinə qurban verib zay edənlər partiya qarşısında cavab verməlidirlər.

İndi hər bir fərdi əməkdə müəyyən bir kollektivin, hər bir kollektiv əməkdə isə ayrı-ayrı fərdin namuslu zəhməti birləşmişdir. Siyasi sayıqlığınızı itirməyin, yoldaşlar! Bizim ölkədə elmlə, sənətlə, ədəbiyyatla ideologiya ayrılmır. Əksinə, onlar bir-birini tamamlayırlar.

Tərbiyəsi, əxlaqı kefiyyətləri qanunlarımızla , adətlərimizlə uyuşmayan hər hansı şəxsin elmi də, sənəti də bizim üçün gərəksizdir. Dahi olsa belə gərəksizdir. Sədaqət hər şeydən vacibdir. Partiyamızın, dövlətimizin qarşıya qoyduğu bu tələblər kimin xoşuna gəlmirsə bəribaşdan rədd olub hara istəsə gedə bilər.

Vüqar Şəmsizadə hündürdən nəfəs aldı. Ciyərlərini hava ilə doldurdu. Sinəsini tribunaya bir az da möhkəm sıxdı. Partiyanın elmə və alimlərə göstərdiyi qayğıdan, etimaddan geniş danışdı. Arada fürsəti əldən verməyib saxta yenilikçiləri, yalançı novatorları amansız tənqid atəşinə tutdu.

Vüqar Şəmsizadə çıxışını etməkdə olsun, gəlin sizə zalda əyləşənlər haqqında məlumat verim. Zalda əyləşənlərin çoxunun yaşı altmış beşi ötmüşdü. Bəziləri hətta səksəni keçmişdilər.

Onlar akademiyaya gəldikdə ilk işləri elektrik çaynikini işə salmaq olurdu. Hər bir otaqda, hər bir laborotoriyada elektrik çaynikləri vardı. Bu çayniklər sovet dövründən qalmışdı. Xarab olanda düzəltdirirdilər.

Düzəltdirmək mümkün olmayanda isə mütləq o çaynikə oxşar çaynik tapıb alırdılar. Lazım gələndə hətta səriştəli ustalara sovet çayniklərinə oxşar çaynik düzəltməyi sifariş verirdilər. Günorta yeməyini elm adamlarından bəziləri akademiyanın yeməkxanasında yeyirdilər.

Sözün açığı, mən özüm də bir neçə dəfə orda yemək yemişəm. Qiymətlər çox ucuzdu. Akademiyanın yeməkxanasında bişirilən borşun dadı otuz ildən artıq vaxtdır dillər əzbəridi.

Bəzən kənar yerdən də adamlar bu borşun ləzzətini dadmaq üçün akademiyaya gəlirlər. Alimlər akedemiyanın yeməkxanasında bişirilən borşla fəxr edirlər. Akedemiyadan söhbət düşəndə soruşurlar:

- Siz bizim akademiyanın yeməkxanasında borş yemisiniz?

Yox cavabı aldıqda həm sevinirlər həm də təəssüf hissi keçirirlər və belə bir cavab verirlər:

- Heyif, çox heyif. Çox şey itirmisiniz. Gəlib bir bizim borşdan yeyin, sonra söhbət eləyərik.

Bəzi elm adamları yeməkxanada nahar etmirlər. Şüşə bankada evdən yemək gətirirlər. Günorta evdən getirdikleri yeməkləri elektrik sobasında qızdırıb yeyirlər. Akademiyanın binasında elmin və müxtəlif yeməklərin iyi bir-birinə qarışır.

Hər bir akademikin, professorun köməkçisi, belə deyək, aspirantı var. Köməkçilər assosial bir həyat yaşayırlar. Kafeyə, restorana getmirlər. Kənarda pul xərcləmirlər. Cüzi maaşlarını alıb aparıb analarına təhvil verirlər. Əsasən qara kostyum, ağ köynək geyinib, nazik qalstuk taxırlar. Adamı yoran, həyatdan küsdürən boz davranışa sahibdirlər. Siyasətə qarışmazlar. Siyasətdən söhbət düşəndə elmi rəhbərlərinin sözlərini təkrar edirlər:

- Biz elm adamlarıyıq. Biz siyasətə qarışmırıq. Bizim işimiz dövlətə, vətənə, xalqa xidmət etməkdir.

Köməkçilər birmənalı olaraq öz elmi rəhbərlərinin davranışlarını, həyat fəlsəfələrini, vərdişlərini təkrarlayırlar. Həyata, bütün hadisələrə, elmi rəhbərlərinin gözüylə baxırlar.

Yaş otuza çatanda evlənirlər. Ailə qurmaq üçün qızı ya da oğlanı çox vaxt elmi rəhbərləri onlara tapır. Məsləhətli qızdı, məsləhətli oğlandı. Elmi rəhbərlərin bu qiyməti köməkçilərə bəs edir. Vəssalam. Söhbət bağlanır və standart bir ailənin təməli qoyulur.

Aspirantların işi öz elmi rəhbərlərindən təkcə elm öyrənməkdən ibarət deyil. Köməkçilər öz rəhbərlərinin hər bir sifarişini, tapşırıqlarını sözsüz yerinə yetirməyə borcludurlar. Qayda belədi.

Başqa cür ola bilməz . Köməkçilər otağı yığışdırmalı, elmi rəhbərin evinə bazarlıq etməli, əgər elmi rəhbərin maşını varsa heç olmasa həftədə iki dəfə maşını yumalıdırlar. Elmi rəhbəri gündə bir neçə dəfə tərifləməlidirlər.

Əgər bir professorun başqa bir professordan zəhləsi gedirsə onların köməkçilərinin də mütləq bir-birlərindən zəhlələri getməlidir. Ola bilməz ki, bir professorun başqa bir professordan zəhləsi getsin və onların köməkçiləri dostluq etsinlər. Belə şeylər yolverilməzdir. Qaydalara ziddir.

Bəzən akademiklər və professorlar bərk darıxanda öz köməkçilərini dalaşdırırlar. Əgər köməkçilər kişi cinsinə mənsubdursa yumruqlaşırlar. Yox əgər köməkçilər qadın cinsinə mənsubdursa o zaman saçyoldusuna çıxırlar.

Elm adamları, yaşlı alimlər iclas keçirməyi sevirlər. Ayda bir dəfə iclas olmayanda darırxırlar. Darıxmaq nədi hamısı xəstələnirlər. İclas üçün mövzu tapmaq onlar üçün problem deyil.

Onlar hər mövzunu ciddi-ciddi müzakirəyə çıxarmağı bacarırlar. Çıxışlar uzun sürür. Mübahisələr aparılır. Kimlərsə töhmət kimlərsə tərifnamə alır. Beləcə, alimlər iclasdan sonra bir müddət özlərini rahat hiss edirlər.

Zamanı qarışdırmış bu qoca alimlər və təfəkkür baxımından onların özündən də qoca köməkçiləri müxtəlif sahələr üzrə araşdırmalar aparırlar.

Məsələn, burda bir dəstə alim belə bir araşdırma aparmaqla məşğuldurlar. Bədirabad adlanan yerdə arpa əksək daha yaxşı olar yoxsa yonca. Halbuki, Bədirabad adlanan yerdə nə arpa əkmək mümkündü, nə də yonca. Orda heç bir əkin sahəsi qalmayıb.

Nə vaxtsa orda əkin sahəsi olub. Beş il əvvəl isə nazirlər və oliqarxlar Bədirabad adlanan yeri öz aralarında bölüşdürüb otellər və istirahət mərkəzləri tikdilər. Buna baxmayaraq alimlər öz araşdırmalarından əl çəkmirlər. Araşdırma aparmaqda, elm yolunda tər tökməkdə davam edirlər.

Belə bir sual ortaya çıxır. Bəs əgər bu alimlərin elmi araşdırmaları bir işə yaramırsa, hökümət niyə akademiyanı bağlamır? Niyə bu qoca alimlərə havayı yerə maaş verir?

Bu movzuda muxalifyönlu “Yeni Abadlıq” qəzetində “Hökümət Elmlər Akademiyasını niyə bağlamır” adlı yekə bir yazı dərc olunmuşdu. Məqaləde yazılmışdı ki, akademiyanı bağlamaq hökümətə sərf etmir. Qoca alimlər işsiz qala bilməyib bir-bir öləcəklər.

Müxalifət qəzetləri də alimlərin ölməyindən partapart məqalələr yazacaqlar. Filan alim işsiz qalıb qüssədən öldü, filan alim acından öldü, hökümət elmə pul xərcləmir… Bundansa bir az xərc çəkib alimləri saxlamaq hökümətə daha sərfəlidi. Bununla həm də hökümət elmə qayğı göstərdiyini nümayiş etdirir.

Alimlərsə əvəzində bütünlüklə hər sahədə hökümətin siyasətini dəstəkləyirlər. Lazım olanda yığışıb ölkənin inkişafını istəməyən qüvvələrə lənətlər oxuyurlar, gəncləri ağıllı olmağa, hisslərə qapılmamağa, xarici qüvvələrin təsiri altına düşməməyə, ümumiyyətlə xalqı birləşməyə, həmrəyliyə səsləyirlər.

“Yeni Abadlıq” qəzetində dərc olunmuş məqalə alimləri bərk qəzəbləndirmişdi. Qəzəblənmiş alimlər qəzeti məhkəməyə vermişdilər. Alimlər üzdə nə qədər də müstəqil dövletimizi sevdiklərini göstərsələr də ürəklərində, gizlinde sovet zamanının xiffətini çəkirlər. Bir vaxtlar haqqlarında yazılmış məqalələri qəzetlərdən kəsib müqəddəs bir şey kimi qoruyurlar.

Məqalələri çərçivələrə salıb divarlardan asmışdılar. Onlar elə hey sovet zamanını xatırlayıb uzun uzadı xatirələr danışırlar. O zamanlar iclaslarda mütləq dövlət və partiya nümayəndəsi iştirak edirdi. İclaslar daha ciddi, sərt keçirilirdi.

Başqa sovet respublikalarının akademiyalarından da elm adamları qonaq gəlirdi. Kimisə sürgünə göndərirdilər. Kimisə həbs edirdilər. Elmi rütbəsini, mənzilini əlindən alırdılar. Belə-belə hadisələrdən danışırdılar, danışırdılar lap axırda da deyirdilər:

- O vaxtkı iclasların yerini heç nə verə bilməz.

Akademik Vüqar Şəmsizadə nitqinə davam edirdi:
-
- … Əlbəttə elmi-texniki tərəqqi özlüyündə yaxşı şeydi. Ancaq bilmək lazımdır ki, tərəqqinin müsbət cəhətləri ilə bərabər, ətraf mühit üçün zərərləri də az deyil. Zavodların düzgün yerlərdə tikilməməsi , şəhərlərdə sənaye müəssisələrinin həddindən artıq cəmləşdirilməsi əhali üçün ciddi təhlükədir.

Atmosferə buraxılan hədsiz-hesabsız kimyəvi maddələr insanların səhhətinə zərbə vurur, insanların həyat ve fəaliyyətlərini olduqca pisləşdirir. Nəinki insanların, hətta faydalı həşəratların, quşların da məhvinə səbəb olur. Son illərdə şəhərimizdə quşların sayı xeyli azalmışdır.

Vəziyyət o həddə çatıb ki, biz artıq quş gördükdə təəccüblənirik. Çaylara, göllərə, gözəl-gözəl dənizlərə dəyən zərərlərdən ayrıca danışmaq lazımdı. Onların neftlə, üzvi xlor birləşmələri, radioaktiv və digər maddələrlə çirklənməsi üzündən mavi yaşıl yosunlar inkişafdan qalmışdır. Suda oksigen azalmışdır. Bioloji rejim pozulmuşdur. Bunun da ucbatından dadlı, qiymətli balıqlar yoxa çıxmışdır.

Bir sözlə, təbiətin mühafizəsi əsrimizin ən vacib məsələsidir! Vətənimizin misilsiz təbii sərvətindən , onun nemətlərindən nəinki övladlarımız, nəvə-nəticələrimiz, hətta onlardan çox-çox sonra gələn nəsillər də xeyir görməlidirlər.

Heyif ki, bunu çoxumuz lazımınca dərk etmirik. Təbiətə qarşı vəhşi münasibət bəsləyirik. Daha fikirləşmirik ki, təbii xammal ehtiyatlarımız nə qədər çox olsa da, günlərin bir günü qurtara bilər. Hər şeyə qənaət və qayğı lazımdı. Əsl insan, əsl partiya, əsl vətəndaş qayğısı. Əgər biz bu borcu, vəzifəni unutmasaq, xırda, çirkin hisslərə yol verməsək, onda gör biz nə qədər ucalarıq, onda gör biz nə qədər inkişaf edərik, kamilləşərik.

Bəli, insan əxlaqının saflığı çox vacib məsələdi. Təəssüf ki, biz bu ciddi məsələ ilə lazımınca məşğul olmuruq. Çürük mənəviyyatlı, çürük əqidəli adamlar aramızda hələ çoxdur. Onlara qarşı mübarizə zəifdir. Zəif yox, çox yarıtmazdır.

İnsan adını ləkələyən o iyrənclərin bəd əməllərinə biz göz yumuruq, laqeyd yanaşırıq. Əqidəmizə, vicdanımıza xəyanət edib vaxtında onları müttəhim kürsüsündə oturtmuruq. Bəzən ifrat humanistlik göstəririk.

Onlar da bundan sui-istifadə edərək boğazımızdan tutub qanımızı sovurmağa çalışırlar. Müxtəlif xarici qüvvələrin təsiri altına düşərək vətənimizə, xalqımıza, partiyamıza zərər vurmağa cəhdlər edirlər.

Ağlını, istedadını, hətta vicdanını imperialist qüvvələrə satanlara başqalarının ruhi əzablarını, mənəvi sarsıntılarını duymaq çətindi. İnsana hörmət, kəndli və fəhlə sinfinə qayğı göstərmək kimi ali hisslər onlara yabancıdı. Kapitalist mədəniyyətinin aşıladığı zərərli təsirlər gənclərimizi yoldan çıxarır.

Biz cavan olanda qızla bir kəlmə kəsincə bir köynək tər tökürdük. Həyəcandan dilimiz söz tutmurdu. Boğazımız tez-tez quruyurdu. Ürəyimiz elə şiddətlə döyünürdü ki, səsini ətrafdakı adamların hamısı eşidirdi. İndiki oğlanların əksəriyyəti qızla tanışlığın elə ilk dəqiqələrindən bir qram da həyəcanlanmadan rahat danışırlar.

Oğlan ki, sevdiyi qızı uzaqdan görəndə canından elektrik cərəyanı keçmədisə , boğazı qurumadısa deməli onun məhəbbəti saxtadı. Bu ürək alverçilərinin qurduğu ailələrdə doğulan, böyüyən uşaqlardan vətən, xalq, partiya üçün nümunəvi insanların yetişəcəyini gözləmək sadəlövhlükdü. Həyatla, həqiqətlə səsləşməyən saxta ixtiralar, saxta sevgilər, saxta ideyalar biz alimlər tərəfindən mütamadi olaraq ifşa edilməlidir.

Sialkovskilərin, Eynşteynlərin və bir çox başqa müdrik adamların qanadları üzərində kosmik fəzanı fəth edən, uzaq planetləri bizə yaxınlaşdıran elm mübahisəsiz, ixtilafsız inkişaf eləyə bilməz, irəli getməz.

Elə bizim özümüzün də həyatımız mübahisəsiz, mübarizəsiz, yeknəsəq və darıxdırıcı olardı, yeniləşməzdik. İnək bataqlıqda batıb qalan kimi biz də batıb qalardıq.

AMEA
AMEA

Elmin bataqlığı da adi bataqlıqdan daha dərin və daha dəhşətlidi

(bu zaman akademikin köməkçisi sakit, amma hər kəsin elə natiqin özünün də eşidə biləcəyi səriştəli bir səslə dedi: "Dahiyanə nitqdir".

İki kəlmədən ibarət bu tərif çox alçaq səslə deyilsə də zalda hamı bu tərifi eşitdi).

Elmin bataqlığına yuvarlanan heç nə ilə xilas ola bilmir. Əqidəli alimlər bunu başa düşdüklərindən öz fəaliyyətlərini ömürlərinin sonlarına qədər davam etdirirlər. Heç nə, heç bir quruluş, heç bir təbii fəlakət əsl alimi saxlaya bilməz.

Biz inkişafımız xatirinə mübahisə və münaqişələrdən çəkinmirik. Amma bir şərtlə. Burda incə bir məqam var. O şərtlə ki, elmi mübahisələrimizin şəxsi münasibətlərimizə mənfi təsiri olmasın.

Çıxışımın əvvəlində qeyd etdiyim kimi, hər şeyin fövqündə dayanaq. Ziyalıya, elm adamına yaraşmayan hərəkətlərə yol verməyək. Xeyirxahlığın, alicənablığın insan mənəviyyatı üçün necə böyük bir qüvvə, tükənməz həyat mənbəyi olduğunu heç vaxt yaddan çıxarmamalıyıq. Atalarımızın gözəl bir sözü var- İti öldürənə basdırtdırarlar.

Çıxışın bu yerində akademik Vüqar Şəmsizadənin əbədi və əzəli düşməni professor Ziya Ləliyev ayağa qalxmadan, əlini qaldırıb söz istəmədən oturduğu yerdən replika atdı:

- İti öldürənə basdıtdırarlar sözü kökündən yalnış yanaşmadı. İti öldürtdürənə sürütdürərlər olmalıdı.

Akademik professorun bu atmacasından bərk duruxdu. Nitqinin ən təsirli yerində deyilmiş bu atmaca onu bərk qəzəbləndirdi. Səsi titrədi. Akademik qəzəbini boğmaq, özünü ələ almaq naminə qrafindən stakana su süzüb içdi.

Bircə replika bir həftədən artıq hazırlaşdığı çıxışı zay elədi. Hamının gözü qarşısında professorun dediyi replikaya mütləq cavab verməliydi. Akademik hirsini boğa-boğa titrəyən barmaqları ilə qalstukunu boşaldıb köynəyinin bir düyməsini açdı, burnunun ucuna sürüşmüş çeşməyini baş barmağı ilə geriyə basdı, professora üzünü tutub son dərəcə süni nəvazişlə dedi:

- Hörmətli professor, mən Azərbaycan dilini çox gözəl bilirəm. Bunu ən ali rəhbər işçilər dəfələrlə təsdiqləyiblər. Hələ Moskvada oxuyarkən mən bir çoxlarından fərqli olaraq heç vaxt doğma dilimizə yuxarıdan aşağı baxmamışam.

O zamanlar bir çoxları öz evində də rus dilində danışırdılar. Hətta onlar öz itlərilə də rus dilində danışmağa üstünlük verirdilər. Mən isə daima dilimizin inkişaf etməsinin tərəfdarı olmuşam.

Bu gün də dilimizin qorunmasına bacardığım qədər öz töhfəmi verməyə çalışıram. Televiziya aparıcıları dilimizin qolunu-qabırğasını sındıranda qəzəbimdən özümə yer tapmaqda çətinlik çəkirəm. Neçə dəfə kanal rəhbərlərinə redaktorlara məktub yazıb dilimizin qayda-qanunlarına riayət etməyən aparıcıların televiziyadan uzaqlaşdırılmasını xahiş etmişəm.

Danışığımda, söhbətlərimdə daima atalar sözlərindən istifadə etməyə çalışıram. Biz dədə-babalarımızdan qalma bu mirası qorumalıyıq. Sizin iradınız yerində deyil. Mən atalar sözünü düzgün ifadə etmişəm. İti öldürənə basdırtdırarlar...

Professor Ziya Ləliyev akademikin əsəbləşdiyini hiss edərək öz zərbəsindən məmnun qaldı. O, uzun illərdən bəri ilk dəfə idi ki, akademikin əsəblərini yerindən oynatmağa, təmkinini sarsıtmağa müvəffəq olmuşdu. Bu, qələbə idi. Professorun böyük qələbəsi idi. Professor akademiki daha da əsəbləşdirmək, onu özündən çıxarmaq, hamının qarşısında biabır etmək qərarına gəldi.

Zaldakılar isə dava düşəcəyini hiss edərək dirçəldilər. Çoxdandır ki, iclaslarda yüksək ranqlı elm adamlarının arasında qanlı dava baş vermirdi. Onlar bərk daxırdılar. Aspirantların arasında gedən davadan isə o qədər də həzz almırdılar.

Ona görə heç kim bu söz güləşdirməsinə mane olmadı. Əksinə, yerdən yavaş səslə atmacalar ataraq akademiki və professoru açıq davaya girməyə təhrik etdilər:

- Hörmətli akademik, sizin dilimizə bu dərəcədə həssaslıqla yanaşmağınız məni çox sevindirir. Hər bir gənc elm adamı sizdən nümunə götürə bilər. Lakin biz hər şeydən əvvəl azərbaycanlıyıq. Dilinizi qorumaq hər birimizin mənəvi borcudu.

Onu da qeyd etməliyəm ki, bu gün akademik adıyla fəxr edənlərin bir çoxları o vaxt Moskvada oxuyarkən elmlə məşğul olmayıblar. Dövlətin və xalqın göstərdiyi qayğıdan sui-istifadə edərək restoranlar gəziblər. Əyyaşlıqla məşğul olublar. İndi də durub bizə mənəviyyatdan, əxlaqdan dərs deyirlər.

Mən Azərbaycan folklorunu gözəl bilirəm. Bizim xalq heç vaxt it basdırmayıb. Buna onların vaxtı olmayıb. İtin cəsədini sürütləyib yaşayış məntəqəsindən, auldan, kənddən, obadan kənara atıblar. Cəsəd də orda çürüyüb torpağa qarışıb. Ona görə də iti öldürənə basdırtdırarlar sözü kökündən səhvdir.

Akademik belə açıq hücumdan daha da qəzəbləndi. Elə qəzəbləndi ki, qulaqları gömgöy göyərdi. Bir-iki kəlməylə professora öldürücü zərbə vurmaq qərarına gəldi. Zalda əyləşən elm adamları yaranan münaqişəyə sevinib daha da dirçəldilər.

- Yoldaş professor, siz zəhmət çəkib açıq danışın. İradlarınızı açıq bildirin. Konkret ad çəkin. Mən heç vaxt Moskvada əyyaşlıqla məşğul olmamışam. Dövlətin və xaqlın etimadını qiymətləndirərək elmlə məşğul olmuşam. Başqaları qızlarla gəzəndə mən oxumuşam. Araşdırmalar aparmışam. Ta bir çoxları kimi konyakdan, kürüdən Moskvaya daşıyıb rus, yəhudi alimlərinə rüşvətlə elmi işlər yazdırıb öz adıma çıxmamışam.

Bir də ki… Sizə kiminlə danışdığınızı xatırlatmaq istəyirəm. Mən akademik Vüqar Şəmsizadəyəm. Hələ bu vaxta kimi heç kim mənim səhvimi tuta bilməyib. Yaxşı oğlan imkan verməz başqası onun səhvini tutsun. Yaxşı oğlan səhv buraxmır. Mən hər bir sözümə otveçatam. Bu öz yerində.

Mən kimə istəsəm hər mənada cavab verə bilərəm. Bura iclas zalıdı. Əgər istəsəniz iclasdan sora başqa yerdə, lap elə akademiyanın binasının dalında söhbəti çürüdə bilərik. Sizə xəbərdarlıq edirəm, danışdığınız sözlərin məsulliyətini dərk etsəniz yaxşı olar. Əks halda, mən sizi başqa cür başa salmağa məcbur olacam.

Siz yaxşı bilirsiz mənim oğlum harda işləyir. Mən heç, o, bu söhbətdən xəbər tutsa sizin üçün yaxşı olmayacaq. O, heç vaxt imkan verməz ki, hər yoldan ötən onun atasına söz atıb camaatın gözü qarşısında pərt eləməyə çalışsın.

Mən mat qalmışam, belə çürük əqidə, belə çürük şüur sizdə hardandır? Axı siz alimsiniz. Təmiz əxlaq, biz ziyalılar üçün mühüm kefiyyətdir. Harda olduğunuzu yadınızdan çıxarmayın.

- Yoldaş akademik, ağzınızın danışığına fikir verin. Mən bilirəm sizin oğlunuz harda işləyir, amma siz də mənim kürəkənimin kim olduğunu unutmayın. O da heç vaxt imkan verməz ki, hər yoldan ötən plagiat qaynatasını biabır etsin.

Bir də ki, əqidədən danışmağa sizin mənəvi haqqınız yoxdur. Nədən danışırsınız danışın heç olmasa əqidədən danışmayın.

Siz 1990-cı ilin yanvar ayında millətçilərin təsiri altına düşərək kütlənin simpatiyasını qazanmaq üçün partiya biletinizi atdınız. Partiya biletinizdən imtina etdiniz. İki gün keçməmiş Kommunist qəzetində yekə bir məqalə yazaraq partiyadan üzr istədiniz, hissə qapıldığınızı, millətçi siyasətçilərin sizə aldadıb yoldan çıxardığınızı elan etdiniz və partiya biletindən imtina etməyinizi həyatınızın ən böyük səhvi adlandırdınız. Bu səhvin bağışlanması üçün yalvardınız, göz yaşı tökdünüz…

Sizin qəhrəmanlığınızın ömrü cəmisi iki gün çəkdi. Biz bütün bunları yaddan çıxarmamışıq. Bütün bu hadisələr yaxın keçmişimizdə baş verib. Mən sizin yazdığınız məqaləni hələ də saxlamışam. Əgər istəsəniz məqalənin üzün çıxarıb, çoxaldıb alim yoldaşlarımıza paylaya bilərəm.

- Professor olsanız da fantaziyanız kasıbdır. Yalanı da istedadla uydurmaq lazımdır. Yalanı elə bacarıqla uydurmaq lazımdır ki, hamı bu yalanlara inanmağa məcbur olsun.

Mən həmişə namusla, vicdanla çalışmışam. Sovet hökümətinə, sosialimz quruluşuna öz sədaqətimi dönə-dönə sübut etmişəm. Mənim xidmətlərim çox olub.

Bir alim kimi, bir vətəndaş kimi ölkəmin, xalqımın, vətənimin, dövlətimin, partiyamın şərəfini öz şəxsi mənafeyimdən həmişə uca tutmuşam. … Kimdir əqidəsiz? Kimdir plagiat? Sizdən soruşuram kimdi plagiat? Mənəm plagiat? Mənə plagiat deyənin var-yoxudu plagiat, nəslidi plagiat.

- Duz buyurursunuz. Mən yalan uydurmağı bacarmıram. Ona görə də sizə çılpaq həqiqəti deyirəm. Guya biz bilmirik siz akademik adını necə almısınız?

Sizinlə eyni dövrdə oxuyanlar çox şeylər danışıblar. Biz hər şeydən xəbərdarıq. Gedin o nağılları başqa yerdə danışın. Biz sizin bioqrafiyanızın gizli səhifələrini çoxdan əzbərləmişik. Bəli, siz plagiatsiniz.

Akademik və professor bura yazılması mümkün olmayan söyüşlər söyə-söyə bir-birlərinə yaxınlaşdılar. Ətrafdakılar onları sakitliyə riayət etməyə dəvət etsələr də davanın bu dərəcəyə gəlib çatmasına sevinirdilər.

Ona görə də bu iki elm adamını aralaşdırmağa xüsusi bir səy göstərmirdilər. Tam tərsinə burdakı təcrübəli dava qızışdıranlar hər iki tərəfi geri çəkilməməyə, qorxmamağa səsləyir, daha ağır söyüşlər söyməyə təhrik edirdilər.

Akademik və professor üz-üzə dayandı. Hər birinin saçları ağarmışdı.

- Kimə plagiat deyirsiniz?
- Sizə. Siz dunyanin en böyük plagiatisiniz…

Akademik bu kəskin atmacalardan bezikdi. Professorun yaxasından yapışıb sifətinə güclü bir kəllə ilişdirdi. Bu qəfil zərbə professoru çaşdırdı.

Ən pisi də o oldu ki, professorun eynəyi sifətindən sürüşüb döşəməyə düşdü. Eynəyin ardınca isə yerə qan damcıları düşməyə başladı. Yaşlı bir insanın burnundan qan axması çox kədərli bir mənzərə idi.

Zalın yuxarı hissəsində də dava gedirdi. Orda da professorun və akademikin köməkçiləri dalaşırdılar. Lakin zaldakılar o davaya o qədər də çox maraq göstərmirdilər. Əsas maraq professorun və akademikin davasına yönəlmişdi.

Akadamek vurduğu kəllə zərbəsindən ilhamlanaraq professora daha bir zərbə vurmaq və illərlə davam edən davada qəti qələbə qazanmaq, zalı qalib kimi tərk etmək istəyirdi.

Akademik professorun kəmərindən yapışıb onu göyə qaldırıb yerə çırpmaq istədi. Lakin bu fəndi işlətməyə onun gücü çatmadı. Yaranan fürsətdən istifadə edən professor üzünün qanını sildi. Pencəyinin döş cibindən elektrik çayniki çıxarıb şiddətlə akademikin başına çırpdı…

XS
SM
MD
LG