Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:10

«Qandallar» adlı kəndin problemləri


Azərbaycan kəndi, intensiv yağışlardan sonra (arxiv fotosu)
Azərbaycan kəndi, intensiv yağışlardan sonra (arxiv fotosu)

Bu il mayın 25-də yağan dolu bu kəndlərdə təsərrüfata ciddi ziyan vurub. Kartof, qarğıdalı, tərəvəz əkinləri buz qırıqlarının altında qalaraq yararsız hala düşüb. Meyvə ağaclarına da ziyan dəyib. Təxminən 200-ə yaxın evin dam örtüyü sıradan çıxıb.

«Kənddən rayon mərkəzinə 2 saata gedib çatırıq. Xəstə yolda keçinir. Yollar çala-çuxurludur deyə, maşın şütüyə bilmir».

Tovuzun Qandallar kəndinin sakinləri kənddəki sosial durumdan gileylidir. Deyirlər, kənd yolunun taleyi illərdir ki, müsbət həllini tapmır. Yazmadıqları ünvan, döymədikləri qapı qalmayıb. Kənd sakini İzzət Babayev danışır:

«Bircə dəfə bu yolu getmək bəs edər ki, bizim hansı əziyyətlər çəkdiyimizi biləsiz. Hər tərəf iri gölməçə və çala-çuxurla doludur. Hələ hava yağışlı olanda vəziyyət daha biabırçı olur. Bu yolu çox çətinliklə gedib-gəlirik. Daha doğrusu, yağış yağanda ətrafdan təcrid oluruq».

BU KƏNDDƏ HAMI HƏYATDAN KÜSÜB

74 yaşlı Gəray Süleymanov deyir, bərbad yol, kənddə təbii qazın olmaması, odun materialının baha qiymətə almaları bu kəndin sakinlərini az qala həyatdan küsdürüb:

«Yağış yağan kimi buralar gölməçəyə dönür, yağış suları səbəbindən xəstəni rayon mərkəzinə aparıb gətirə bilmirik. Şikayətimiz də bundandır. Bu yol sovet dönəmindən qalma yoldu, görəsən o vaxtdan bu yana yollara ayrılan pullar kimlərin cibinə gedib ki, biz hələ də «yol» deyib ağlayırıq...»

Sakinlərin deməsinə görə, yağışlı havada palçıq dizdən də yuxarı olur deyə, heç uzunboğaz çəkmə də dada çatmır. Səyyad Məmmədov:

«Bizə söz veriblər, amma sözə əməl edən olmayıb. Artıq dərəcədə sizdən xahiş edirik, bizə də kömək etsinlər».

DOLU, ARXASIYCA DA GƏLƏN SEL…

Bu il mayın 25-də kəndə yağan dolu kəndlilərin dərdini birə beş artırıb. Dolunun zərər vurduğu sahələr, əsasən də evlərin damları hələ də yararsız vəziyyətdə qalıb. Kartofçuluqla məşğul olan Nizami Quliyev deyir, dolunun ona vurduğu zərəri hələ də hiss etməkdədir:

«Yarım saata yağan dolu kəndə böyük zərər vurdu. Evlərin damlarını deşdi, pəncərələrini qırdı… dalıyca da güclü sel gəldi, evlər su ilə doldu. Biz əsasən kartofçuluqla məşğul oluruq. Hektarlarla kartof sahələri yararsız vəziyyətə düşdü, məhsul zay oldu. Ancaq kəndlilərə dəyən zərər ödənilmədi». Bir sözlə, bu kəndə baxan yoxdur».

Bu il mayın 25-də yağan dolu bu kəndlərdə təsərrüfata ciddi ziyan vurub. Kartof, qarğıdalı, tərəvəz əkinləri buz qırıqlarının altında qalaraq yararsız hala düşüb. Meyvə ağaclarına da ziyan dəyib. Təxminən 200-ə yaxın evin dam örtüyü sıradan çıxıb. Güclü küləklə müşahidə olunan doludan sonra yağış yağıb. Nəticədə Qandallar kəndinin ərazisindən axan çayın üzərindəki kiçik körpü uçub, evləri su basıb.

Bir sözlə, yoldur, odundur, qazdır, məktəbdir – bunların hamısı kənd camaatı üçün problemdir.

Tovuzun icra hakimiyyətindən bildiriblər ki, Qandallar dağ kəndidir. Qurum imkanları daxilində vaxtaşırı kəndin yollarına qum-çınqıl tökür. Doludan zərərçəkmişlərə gəlincə, qurumdan bu təbii fəlakətin vurduğu zərərin imkan daxilində qarşısının alındığını bildiriblər.

XS
SM
MD
LG