Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:12

«Bizə dedilər ki, saxlamışıq, ara sakitləşəndən sonra...»


Elşən Böyükvənd
Elşən Böyükvənd

-

Noyabrın 9-da İranın Muğan bölgəsində etiraz aksiyası keçirməyə hazırlaşan bir neçə milli fəal saxlanıb. Azərbaycanlı yazar Elşən Böyükvənd onlardan biridir. Ailə üzvləri saxlananların indi harada olmasından tam məlumatsızdır. Tutulanların sayı 20-yə yaxın olsa da, yalnız bəzilərinin - Nadir Əzizi (şair), Vəhid Nəriman, Atabek Sepehri, Əli Əhmədi, Arman Musəvi, Ramin Əzizpur və Şəhram Ruhun adları bilinir. Yazıları həm də AzadlıqRadiosunda işıq üzü görən 25 yaşlı Elşən Böyükvəndin qardaşı Fərzad Böyükvənd bu radioya müsahibəsində fəalların necə və nəyə görə saxlandıqlarına aydınlıq gətirib:

- Muğan şəhərində dostlar, yoldaşlar saat 16:00-da sakit və sülh yolu ilə etiraz aksiyası keçirmək istəyiblər. Elşən, Nadir Əzizi və bir neçə başqası aksiyanın sonunda oxumağa qətnamə hazırlayaraq, bir neçə min nəfərə imzaladıblar. Daha sonra Muğanın Azad Universiteti qarşısında yığılıblar ki, konstitusiyanın onlara verdiyi haqdan yararlanıb, azad və sülh şəraitində etiraz etsinlər. İstər XV əsr olsun, istər XXI, - bizdə qanunlar formal xarakter daşıyır. Onları aksiyadan öncə saxlayıblar və indi məlum deyil haradadırlar. Deyirlər ki, Meşginşəhr zindanındadırlar, amma anam, atam araşdırsalar da, saxlananların orda olduğuna dair bir fakt tapmayıblar. Üstəlik, həmin zindanda bizim tanıdığımız çox adam, çox dost məhbuslar var ki, onlar zəng edib xəbər verərdilər, çünki onların ailələri ilə telefon əlaqəsi var. Muğandan tutulanların sayı 20-yə yaxındır, biz yalnız tanıdıqlarımızın, bildiklərimizin adlarını yaya bilmişik. Bizə deyiblər ki, uşağınızın əmniyyəti (təhlükəsizliyi – red.) üçün onu saxlamışıq, ara sakitləşəndən sonra buraxacağıq.

- Nəyə etiraz etməyə hazırlaşırdılar? Onlar da İranın dövlət telekanalında türklərin təhqir edilməsinə etirazlarını bildirəcəkdilər?

- Bəli, İran televiziyasının 2-ci kanalında noyabrın 6-da yayımlanmış komediya janrlı uşaq verilişində türklər təhqir edilib. İranda geniş auditoriyası olan bu komediyada göstərilir ki, ata və oğul türkdürlər və oğul oteldə tualet fırçası ilə diş fırçasını səhv salaraq, dişlərini tualet fırçasıyla təmizləyir və buna görə də ağzından pis qoxu gəlir. Ata ilə oğulun dialoqu türk dilində verilir. Yəni göstərilir ki, bütün türklər o qədər axmaqdırlar ki, diş fırçasını tualet fırçasından seçə bilmirlər. Filmin davamı da elə qurulub və elə göstərmək istəyirlər ki, siz heç vaxt İran hakimiyyətinin təsirindən çıxa bilməzsiz, çünki öz dərrakəniz yoxdur. Bu, təkcə türklərə yox, İranda yaşayan bütün millətlərə qarşı çox ağır təhqirdir. Amma təəssüf ki, bu cür hallara birgə etiraz edəcək bir geniştərkibli partiya yoxdur. Hərə ayrı-ayrı qrup şəklində etiraz edir. Bir mütəşəkkil partiya yaransa və birlikdə etirazlarını bildirsələr, bu cür nəticələr də olmazdı. Mən onlara əvvəlcədən xəbərdar etmişdim ki, Azad Universitetinin qarşısı polislə dolu olacaq. Demişdim ki, siz Təbrizə, Tehrana baxmayın, orada vəziyyət Muğandan az da olsa fərqlidir, amma burda sizi heç aksiyaya başlamazdan öncə tutacaqlar. Elə mən deyən kimi də oldu. Onları universitetin qarşısından tutub aparıblar Parsabad Muğan polis idarəsinə, sonra da, elə gecəykən, oradan da məhkəməyə yollayıblar. İmkan verməyiblər ki, səhər açılsın, ailələrinə xəbər versinlər. Gecəykən də məhkəmə keçiriblər. Daha sonra hara yolladıqları, onlara işgəncə verilib-verilmədiyi bəlli deyil. Düşünürük ki, Meşginşəhr zindanında olsaydılar, mütləq ailə üzvlərinə zəng edərdilər, çünki həmin zindandan telefon əlaqəsi saxlamaq mümkündür.

- Qardaşınız Elşən Böyükvənd İranda daha çox hansı fəaliyyəti ilə tanınıb?

- Elşən Cənubi Azərbaycandan olan yazıçı və şair kimi tanınıb.

- Ən çox hansı mövzuya toxunurdu?

- Elşənin yazılarında nə çox nasionalizm, pantürkizm olub, nə də radikallıq. O, yazılarında tarixi və siyasi həqiqətləri qabardıb. Özünün türk, azərbaycanlı olduğunu önə çəkib. Həmişə Azərbaycan dilində, Azərbaycan əlifbası ilə yazır. Bu da onu göstərir ki, bu insan türk, azərbaycanlı olmağı ilə fəxr edir.

- Elşən Böyükvənd daha öncələr də təzyiqlərə məruz qalıb və ya həbs olunub?

- Təzyiqlər olub, amma bu şəkildə yox. Əmniyyət qüvvələri hər zaman təzyiq göstəriblər, saxlandığı hallar da olub. Amma bu cür həbs edib, naməlum yerdə saxlanması halı olmayıb.

- İndi Elşən Böyükvəndlə bağlı nə addım atmağı düşünürsünüz?

- Burada bekar oturmamışıq. Lazımi orqanlara öz etirazımı bildirmişik, yerini öyrənməyə çalışırıq. Necə ola bilər, desinlər ki, «saxlamışıq, ara sakitləşəndən sonra buraxacağıq»? Tələbimiz odur ki, bir bizə göstərsinlər, barmaqlıq arxasından da olsa, görək, dürümü necədir. Təkcə Elşəndən də söhbət getmir, tələbimiz saxlanan 20-yə yaxın gəncin hər biri barəsindədir. Başqa şəhərlərdəki etirazçılar arasında da tutulanlar çoxdur. Hətta deyilənə görə, etirazçılardan iki nəfərinin başı yarılıb. Çalışırıq ki, hər bir vətənsevər azərbaycanlı bunu dünya səviyyəsində xəbərləyib yaysın ki, təzyiqlər də azalsın. Belə xəbərlər geniş yayılanda rəsmi qurumlar da geri çəkilirlər.

XS
SM
MD
LG