Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 16:24

Azərbaycan: nəfəslik açıldı?


Arif Yunus
Arif Yunus

-

«Azərbaycanda hüquq müdafiəçisi Arif Yunusun ev dustaqlığına buraxılması bu ölkədə insan haqlarından xoş bir xəbər verdi. Əlbəttə, bu xəbərin sevincini azaldan odur ki, Arif heç əvvəldən həbsə atılmamalıydı, 15 aydan artıq bir müddəti Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında keçirməməliydi. Həyat yoldaşı, ölkənin tanınmış insan haqları müdafiəçilərindən olan Leyla Yunus da həmçinin. İkisi də ciddi, xroniki xəstəliklərdən əziyyət çəkir, onlara təcili tibbi yardım lazımdır».

Bunu «Human Rights Watch» hüquq-müdafiə təşkilatının Avropa və Orta Asiya bölməsinin təbliğat direktoru Veronika Szente Goldston yazır.

«Gəlin, hələlik, Leyla və Azərbaycanda qanunsuz həbsə atılmış digərləri buraxılanadək şənlik etməyək. Onlar İntiqam Əliyev, Rəsul Cəfərov, Xədicə İsmayılova, İlqar Məmmədov, Anar Məmmədli, Tofiq Yaqublu, Rauf Mirqədirovdur, – siyahı uzandıqca uzanır. Hamısına qarşı ittihamlar ləğv edilməli, fəaliyyətlərini maneəsiz davam etdirməyə imkan verilməlidir».

«Nə qədər natamam və qeyri-qənaətbəxş olsa da, Arifin həbsxanadan ev dustaqlığına buraxılması Azərbaycanın beynəlxalq tərəfdaşları üçün vacib fürsətdir. Bu nəfəsliyi göydə qapmaq, diplomatik vasitələrdən yararlanaraq bütün işlər həll olunanadək Bakıya təzyiqi saxlamaq lazımdır».

İraqda ABŞ hərbçiləri.
İraqda ABŞ hərbçiləri.

ABŞ-DA 53% SURİYAYA QURU QÜVVƏLƏRİ GÖNDƏRİLMƏSİNƏ QARŞIDIR

Amerikalılar İraq və Suriyaya yaraqlılarla döyüşməyə quru qoşunlarının göndərilməsinə getdikcə daha çox qarşı çıxırlar. 53% buna qarşıdır, 43% isə quru qüvvələrinin göndərilməsini dəstəkləyir. «Gallup» mərkəzinin noyabrın 4-8-də keçirdiyi sorğunun nəticələrinə əsasən belə demək olar.

Bu rəqəmlər ötən ilin sentyabrından bəri dəyişməyib. ABŞ prezidenti Barack Obama o zaman «İslam Dövləti» və digər silahlı qruplara qarşı hava kampaniyasına başlayıb.

Obama administrasiyası oktyabrda elan edib ki, Suriyaya 50 xüsusi təyinatlı hərbçi göndəriləcək. Ötən il «Gallup» üzə çıxarmışdı ki, amerikalılar İraq və Suriyada hərbi əməliyyatları dəstəkləyir. 60% dəstəyini bildirmişdi. Ancaq konkret quru qoşunlarının göndərilməsi barədə soruşanda, cəmi 40% bu addıma tərəfdar olduğunu söyləmişdi.

Düzdür, bu məsələdə siyasi partiya və ideologiya baxımından yanaşmalar fərqlidir. Məsələn, respublikaçılar dəstəkləyirlər, hətta prezidentin son qərarını gecikmiş addım sayırlar. Respublikaçıların 56, mühafizəkarların 54%-i «İslam Dövləti» yaraqlılarına qarşı quru qoşunlarının göndərilməsinə tərəfdardır.

Mötədillərin (41%) və siyasi müstəqillərin (39%) yarıdan azı quru qüvvələrinin göndərilməsinə «hə» deyir.

«Gallup» yazır ki, amerikalıların dəstəyinin azalması onların İraqdan başqa bir məkanda hərbi əməliyyatlara qatılmaq istəməməsi ilə bağlıdır. Belə ki, amerikanların çoxu İraq müharibəsini bir səhv adlandırır.

Əfqanıstanda kütləvi toy.
Əfqanıstanda kütləvi toy.

AZYAŞLI GƏLİNLƏR DAHA ÇOX HARADADIR?

«Qvatemala minimum nikah yaşını qaldırıb. Dünyada isə hər dörd qızdan biri 18 yaşından tez ərə verilir». Bunu «Reuters» agentliyinin müxbiri Anastasiua Moloney yazır.

Yazıda bildirilir ki, erkən nikaha son qoymağı hədəfləyən qlobal səylər nəticəsində son 30 ildə uşaqların erkən ailə qurması azalıb. Məsələn, bu il Malavi minimum nikah yaşını 18-ə qaldırıb.

2030-cu ilədək erkən nikaha son qoyulması BMT üzvlərinin bu yaxınlarda qəbul etdiyi Davamlı İnkişaf Məqsədlərindən biridir.

Hər il 15 milyon qız 18 yaşı tamam olmamış ərə verilir. Günə 41 min nəfər düşür.

İnkişaf etməkdə olan ölkələrdə hər 9 qızdan biri 15 yaşından tez ailə qurur.

«Reuters» yazır ki, erkən nikahların ən yüksək səviyyəsi Saharaaltı Afrikadadır. Ancaq əhali sayına görə, 15 yaşınadək ailə quranlar daha çox Cənubi Asiyada yaşayır.

Hindistan öndə gedən ölkədir. Nigerdə isə qızların 75 faizi 18 yaşdan tez ərə gedir. Nigerdə 15 yaşdan tez ailə quranlar da yüksək həddədir.

Qızlar erkən nikaha daha çox məruz qalsalar da, xeyli sayda oğlan da tez ailə qurur. Hazırda 156 milyon kişi 18 yaşdan tez ailə qurub. 33 milyon isə 15 yaşa çatmamış nikaha girib.

XS
SM
MD
LG