Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:59

Seçki bitdi, söz-söhbəti kəsilmədi...


1 noyabr seçkiləri
1 noyabr seçkiləri

-

Son parlament seçkiləri özündən əvvəlkilərdən səssizliyi ilə yadda qaldı. Ekspertlərin fikrincə,ölkədə azadlıqların ciddi şəkildə məhdudlaşdırılması, vətəndaş cəmiyyəti institutlarına, müstəqil mediaya və ictimai fəallara olan basqılar bu seçkiləri bir xeyli maraqsız etdi. Aparıcı müxalifət partiyalarının əvvəldən və ya səsvermə günü ərəfəsində boykot yolu seçməyi, təşviqat üçün namizədlərə pulsuz efir vaxtı vəəhalinin gur toplandığı ictimai meydanların ayrılmamağı bu sarıdan ciddi səbəblər sayılır. Lakinbəzi dairələrdə qismən yarış əhval-ruhiyyəsi hiss olunub.

SEÇKİLƏRİN NƏTİCƏLƏRİ RƏQƏMLƏRDƏ

Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsində yerləşdirilmiş məlumata görə, səsvermədə seçicilərin 55.7%-i iştirak edib. Naxçıvan Muxtar Respublikasında yerləşən 7 seçki dairəsi üzrə bu göstərici 75%-dən yüksəkdir.

MSK-NINZİDDİYYƏTLİ RƏQƏMLƏRİ...

30 saylı Suraxanı Birinci Seçki Dairəsində seçici fəallığı çox aşağı səviyyədə olub- 36.1%. Maraqlıdır ki, MSK «Seçici fəallığı» bölümündə bu dairənin 21 saylı məntəqəsi üzrə səsvermə başa çatanadək 416 nəfərin iştirak etdiyini göstərsə də, «Protokollar» bölümündə namizədlər arasında 418 səs bölüşdürülüb.

MEHRİBAN ƏLİYEVA 2 SAATA QALİB OLUB

Namizədlər arasında ən çox səsi 14 saylı Xəzər Seçki Dairəsindən hazırkı deputat Mehriban Əliyeva qazanıb. Rəsmi məlumata görə, həmin dairə üzrə seçicilərin 39309 nəfəri səsverməyə qatılıb və onların 38029 -u (96.7%-i) ölkə başçısının xanımına səs verib. Bu dairə üzrə 40 saylı məntəqədə artıq saat 10-dək xanım Əliyevanın qalib olmağı təmin edilib. Belə ki, 2 saat ərzində səsvermədə rekord sayda- 645 seçici iştirakından danışılır. Protokol məlumatına görə, məntəqə üzrə digər namizədlərin ümumilikdə 38 səs toplamağını nəzərə alsaq, deməli, saat 10-dək qutuya atılan 645 bülletenin ən azı 607-si onun lehinə işarələnib. Bu da mümkün səslərin (1200-ün) yarıdan çoxu deməkdir.

Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov 1 saylı Şərur-Sədərək Seçki Dairəsi üzrə 89.4%-lik göstərici ilə bu siyahıda ikincidir. Ümumiyyətlə, Naxçıvandakı 7 dairənin hamısında qaliblər 79%-dən çox səs toplayıblar ki, bu da muxtar respublikada seçkinin rəqabətsiz mühitdə keçməyinin göstəricisi hesab oluna bilər.

123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə etibarlı səslərin 85.1%-i Cavid Qurbanovun adına yazılıb.

BƏZİ DAİRƏLƏRƏ KƏNARDAN «SEÇİCİ» GƏTİRİLİB?

Əvvəlki seçkilərdə «karusel» əməliyyatı daha çox paytaxtdakı seçki məntəqələrində həyata keçirilirdisə, bunun əyalətlərdə də tətbiqinə dair iddialar var. Siyahıda olmadıqlarından bu şəxslərin adları «əlavə seçici siyahısı»na daxil edilir. Seçki məsələləri üzrə ixtisaslaşmış ekspertlər bildirir ki, «karusel»çilərin izi çox zaman itirilir. Bülletenlərin adları siyahıda olan, lakin səsvermədə iştirak etməmiş şəxslər tərəfindən alınmağı rəsmləşdirilir. Bununla belə, bəzi məntəqə komissiyaları «əlavə siyahı»nı olduğu kimi DSK-lara təhvil verir.

125 seçki dairəsinin 34-ündə (o cümlədən Naxçıvandakı 7 dairənin hamısında) adlarını əlavə seçici siyahısına daxil edən olmayıb. Daha 44 dairədə belə siyahıya düşənlərin sayı 100 nəfərdən azdır.

34 saylı Xətai İkinci Seçki Dairəsinin 20 saylı məntəqəsində 581 səsdən 187-si məhz əlavə seçici siyahısı hesabına toplanılıb. 94 saylı Bərdə Kənd Seçki Dairəsinin 29 saylı məntəqəsində ortaya siyahıdankənar 116 nəfər seçici çıxıb.

79 saylı İmişli Seçki Dairəsi üzrə əlavə seçici siyahısına 1163 nəfər (!!!) daxil edilib. Onlardan 832 nəfəri İmişli şəhərindəki seçki məntəqələrində səs verib. 1299 seçicisi olan 5 saylı seçki məntəqəsində toplanılmış 366 səsin 105-i əlavə siyahı hesabına yığılıb. Bu dairədən qeydə alınmış namizəd İltizam Əkbərli bildirir ki, onun müşahidəçiləri yerli adamlar tərəfindən tanınmayan, əsasən qadınlardan təşkil olunmuş qrupları əksər məntəqələrdə görüblər. Bəzi hallarda bu şübhəli seçicilər məntəqəyə buraxılmayıb.

Kənar yerdən «seçici» gətirilməsi iddiasını 54 saylı Şabran-Siyəzən Seçki Dairəsi üzrə qeydə alınmış namizəd Elza Qasımova (Seyidcahan) da səsləndirib.

85 saylı Şamaxı Seçki Dairəsindən qeydə alınmış namizəd Şəhriyar Qəhrəman nəinki digər yerlərdən seçici gətirilməyini, eləcə də yuxarı sinif şagirdlərinin kütləvi şəkildə səsverməyə cəlb olunmağını iddia edib.

MƏNTƏQƏ BİR YERDƏ, SƏSVERMƏ BAŞQA YERDƏ

Ümumilikdə, 21 seçki dairəsinin məntəqələrində «daşınar qutu»dan istifadə edilməyib.

Amma 92 saylı Zərdab-Ucar Seçki Dairəsinin bütün məntəqələri üzrə evdə səsvermə həyata keçirilib və bu yolla 1239 (təkcə 4 saylı məntəqə üzrə 94) səs yığılıb. 60 saylı Salyan-Neftçala Seçki Dairəsində kiçik qutular 1137 səs gətirib.

71 saylı Masallı Kənd Seçki Dairəsi üzrə 919, 50 saylı Abşeron-Qobustan Seçki Dairəsi üzrə 889, 97 saylı Goranboy-Ağdam-Tərtər Seçki Dairəsi üzrə 885 səs seçki məntəqələrindən kənarda toplanılıb.

107 saylı Qazax Seçki Dairəsinin 37 saylı məntəqəsi üzrə 1168 səsdən 300-ü, 38 saylıda isə 1000 səsdən 600-ü səsvermə otağından kənarda alınıb.

SEÇKİDƏ 100 FAİZ İŞTİRAK...

83 saylı Ağcabədi-Füzuli Seçki Dairəsinin 44 saylı məntəqəsi üzrə 1440 bülletenin hamısı məntəqədən kənarda işarələnib və seçicilərin seçkidə 100%-li iştirakı rəsmiləşdirilib.

Mərkəzi Seçki Komissiyası isə hələ ki, gələn şikayətləri dəyərləndirir. Bu qurumdan bildirilir ki, seçkinin nəticələrinə ciddi təsir edə bilən saxtakarlıqlar baş verməyib. Nəticələrin ləğv edildiyiayrı-ayrı dairələrə aid 10-a yaxın məntəqə var ki, bunların göstəricisi hər hansı dairədə ümumi vəziyyətə təsir etməyib.

XS
SM
MD
LG