Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:31

Dava AXCP davasıdır…


Əli Kərimli
Əli Kərimli

-

Ötən həftə Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyasının Qurultay sənədlərini geri qaytardı. Bununla da nazirlik AXCP uğrunda növbəti mübarizəyə start verdi.

Ədliyyə Nazirliyi bildirdi ki, AXCP adından onlara başqa siyasi qüvvənin də Qurultay sənədləri gəlib. Bu mübahisə də yalnız məhkəmə yolu ilə çözülə bilər. İndi qarşıya belə bir sual çıxır: Mövcud AXCP tanınacaq, yoxsa bu partiyanın sədr müavini postundan uzaqlaşandan sonra eyni adda yeni bir təşkilat yaradan Razi Nurullayev və onun tərəfdarlarımı?

«HÖKUMƏTƏ SATILDIQLARINA GÖRƏ…»

Ədliyyə Nazirliyinin imtina cavabını alan AXCP-nın sədri Əli Kərimli qarşı tərəfi kəskin ittiham edib:

«Hökumətə satıldıqlarına görə qovulan 5-6 nəfərin və onların ətrafına pul ilə topladıqları adamların müraciətini bəhanə edərək AXCP-nin son qurultayının nəticələrini qeydə almaq istəmirlər. Ədliyyə Nazirliyi təqdim etdiyimiz Qurultay sənədlərini geri qaytarıb. Bəhanə ediblər ki, Razi Nurullayev də Ədliyyə Nazirliyinə AXCP «Etimad qurultayı» adı ilə sənəd təqdim edib. Ədliyyə Nazirliyi də «eyni hüquqi şəxsin rəhbər orqanlarının formalaşdırılması barədə bir-birinə zidd olan müraciətlərin daxil olduğunu nəzərə alaraq» təqdim etdiyimiz sənədləri geri qaytarıb. Təklif edib ki, «mübahisəli məsələ»ni həll etmək üçün məhkəməyə müraciət edək».

Əli Kərimlinin fikrincə, Ədliyyə Nazirliyinin bu qərarının heç bir hüquqi əsası yoxdur:

«Hökumətin Razi Nurullayevdən partiyamıza qarşı istifadə edəcəyini əvvəlcədən bilirdik. Amma biz çox tədbirli davrandıq, cəbhəçilər yüksək yetkinlik nümayiş etdirdilər. Çox böyük pullar xərclənsə də, partiyada hər hansı parçalanma yarada bilmədilər».

Razi Nurullayev
Razi Nurullayev

Əli Kərimli onu da deyib ki, Azərbaycanda məsələ hüquqi şəkildə çözülməsə, Avropa Məhkəməsinə müraciət edəcəklər.

«ƏSL AXCP-Nİ BİZ TƏMSİL EDİRİK»

Razi Nurullayev də münasibət açıqlayıb. O, qeyd edib ki, Əli Kərimlinin Qurultay sənədləri haqlı olaraq geri qaytarılıb:

«Biz bu çəkişməni udmaq niyyətimizi öncə də demişdik. Haqlı olduğumuzu bilirdik. Ətraflı açıqlamamız olacaq. Əsl AXCP-ni biz təmsil edirik».
Razi Nurullayev hələ Əli Kərimlinin müavini vəzifəsindən uzaqlaşdırıldıqdan sonra sərt açıqlamalar vermişdi. O, Əli Kərimlini partiya daxilində avtoritarlıq yaratmaqda, demokratiyanı boğmaqda ittiham edirdi.

Daha sonra isə Razi Nurullayev Əli Kərimlidən narazı bir qrup şəxsin iştirakı ilə AXCP yaratdığını elan edib.

«HƏR KƏS GERÇƏK AXCP-NİN ÜNVANINI YAXŞI BİLİR»

Baş verənləri Azadlıq Radiosuna dəyərləndirən siyasi şərhçi Azər Rəşidoğlu isə deyir ki, iqtidar siyasi rəqibi olan Əli Kərimlini sıradan çııxartmaqda israrlıdır:

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

«Bu gün məsələ açıq qalır. Nə Razi Nurullayevin yaratdığı qrupu, nə də Əli Kərimlinin sədr olduğu partiya AXCP kimi tanınmır. Görünür, hakimiyyət yerli və xarici rəyi gözləyir. Əslində, baş verənlər hüquqa hörmətsizlikdir. Hər kəs gerçək AXCP-nin ünvanını yaxşı bilir. Əgər qanuna hörmətsizlik baş verərsə və AXCP Əli Kərimlidən alınarsa, yenə də Razi Nurullayevin rəhbərlik etdiyi qrup bu ada iddia edə bilməyəcək. Qısa zamanda dağılacaq. Hakimiyyətin məqsədi Razi Nurullayevin qrupunu AXCP kimi tanımaq deyil, Əli Kərimlinin sədri olduğu təşkilatı sıradan çıxartmaqdır. Buna verilən yerli və xarici reaksiyalar isə iqtidarı qane etməyə bilər. Odur ki, hakimiyyət soyuqqanlı qərarlara üstünlük versə, onun üçün daha məqbul olardı…».

Bu, AXCP ətrafında baş verən birinci qalmaqal deyil. Hələ mərhum AXCP sədri Əbülfəz Elçibəyin son günlərində bu partiyada böyük qarşıdurma yaşanmışdı. Onda AXCP-dən ayrılan bir qrup insan Klassik Xalq Cəbhəsi Partiyası adlı yeni bir siyasi qurum yaratmaqla qarşıdurmaya hüquqi baxımdan son vermişdi. Sonradan partiya sədri Əli Kərimlinin müavini Qüdrət Həsənquliyev də ayrılaraq Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adlı yeni bir siyasi təşkilatın əsasını qoymuşdu.

Bu dəfə isə söhbət birbaşa AXCP adı uğrunda mübarizədən gedir.

Hələ bu qarşıdurma yenicə başlayarkən keçmiş deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəyli yazırdı:

«Heç bir ştapm, möhür, kreslo, vəzifə dəyərsiz insanı dəyərə mindirə bilməz! Mən Əli Kərimlinin yerinə olsam, o ştampı da, möhürü də təntənəli şəkildə bağışlayardım Razi Nurullayevə. AXCP-nin ştampı da, möhürü də Əli Kərimlidir. Bacarırsınızsa, onu alın!».

XS
SM
MD
LG