Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 15:04

Barrel 40-a endi, əsl böhran indi başlayır...


Neft
Neft

-

virtualaz.org saytı yazır ki, dünya birjalarında neftin qiymətinin 40 dollara düşməsi o deməkdir ki, əsl böhran bundan sonra başlayacaq:

«Neftin qiyməti Azərbaycanın 2016-cı il üçün dövlət büdcəsində göstərilmiş proqnoz qiymətindən - 50 dollardan hazırda, az qala, 10 dollar aşağıdır. Bu isə Azərbaycan da daxil olmaqla ixracının əsas hissəsini neft təşkil edən ölkələr uşun əsl böhranın hələ indi başladığı deməkdir. 40 dollar həm də o deməkdir ki, Azərbaycan, prezident İlham Əliyevin bildirdiyi kimi, nefti doğrudan da unutmalıdır».

«GÜNƏŞLİ» FACİƏSİNİN QARANLIQLARI

«Bizin Yol» qəzeti yazır ki, rəsmilər tərəfindən verilən açıqlamalarda faciənin qəza nəticəsində baş verməsi bildirilsə də, təxribat ehtimalı da istisna edilmir:

«Hadisə onu diqtə edir ki, «Şahdəniz» də daxil olmaqla bütün neft yataqlarında təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Çünki məhz «Şahdəniz» qaz yatağından çıxarılacaq qaz TANAP üzərindən Türkiyəyə və Avropaya çatdırılmalıdır. Ruslar da bunda maraqlı deyil. Çünki Türkiyə Rusiyadan az qaz almağa başlasa, «Qazprom» yeni bazarlar axtarmaq məcburiyyətindədir ki, bu da asan məsələ deyil. Ona görə də Azərbaycan qaz bazarında tədricən Rusiyanın ciddi rəqibinə çevrilir. Bu hadisə hətta diversiya deyilsə belə, «Şahdəniz» və digər yataqların təhlükəsizlik tədbirləri artırılmalıdır. Çünki bölgədə yaranan mənfi durumun Azərbaycana da pis təsirləri ola bilər».

Bina
Bina

HÖKUMƏT ƏMLAK BAZARINDA SÜNİ AJİOTAJ YARATMAĞA ÇALIŞIR

«Azadlıq» qəzeti yazır ki, daşınmaz əmlakın alqı-satqısı barədə hökumətin məlumatları ilə real vəziyyət üst-üstə düşmür:

«Daşınmaz əmlak bazarında son bir ildə qiymətlərin 30 faizdən çox ucuzlaşdığı bildirilir. Amma rəsmi məlumatlara görə, ölkədə mənzil və fərdi evlərin alınmasına yatırılan vəsaitlər kəskin şəkildə artıb. Azərbaycanda ipoteka krediti də daxil olmaqla, daşınmaz əmlakın tikintisinə və alınmasına təkcə bu ilin oktyabr ayında 117.2 milyon manat kredit verilib. Sonuncu dəfə daşınmaz əmlakın kreditləşməsində belə kəskin artım bu ilin fevral ayında –devalvasiyadan sonra qeydə alınıb. Həmin ay dollarla verilmiş kreditlərin hesabına daşınmaz əmlakın kreditləşməsi 64.1 milyon manat təşkil etmişdi. Sonrakı aylarda isə bu sahəyə verilmiş kreditlər 30 milyon manatı keçməyib, hətta bəzi aylarda azalma müşahidə edilib. İndi isə birdən-birə, sentyabr ayındakı 2.4 milyon manatlıq azalmadan sonra daşınmaz əmlak kreditlərində bu qədər artım, istər-istəməz, müəyyən suallar yaradır».

DÖVLƏT ÖZ VƏTƏNDAŞININ YANINDADIR

«Azərbaycan» qəzeti yazır ki, ölkədə hakimiyyətinin xalqa sıx bağlı olduğunu göstərən cəhətlərdən biri fövqəladə halların, ekstremal şəraitin yarandığı zaman vətəndaşların yanında olmasıdır:

«Ayrı-ayrı qəzalar və təbii fəlakətlər zamanı… prezident İlham Əliyevin həssas diqqətcilliyi, hadisə yerlərinə baş çəkməsi bütün ölkə vətəndaşları tərəfindən təqdir olunur. Ən əsası mənəvi yardımdır. Azərbaycan rəhbərliyi bu hadisəyə operativ və çevik reaksiya verməklə zərərçəkənlərin taleyinə biganə qalmadığını nümayiş etdirdi. Cənab prezidentin sərəncamı ilə Dövlət Komissiyasının yaradılması, məsul şəxslərin birbaşa hadisə yerində olmaları bir daha göstərdi ki, Azərbaycan hakimiyyəti çətin vəziyyətlərdə öz vətəndaşını tək qoymur, maddi və mənəvi dəstəyini əsirgəmir».

XS
SM
MD
LG