Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 08:34

Yumurta yenə “ceyranın beli”ndə...


İllüstrasiya
İllüstrasiya

►Amma istehsalçılar "dəsmal çıxarır"

Yeni devalvasiya havası əsməmiş, dükan-bazarda bir çox ərzaq məhsullarının qiyməti yenidən qalxıb.

Alıcılar narazılıq edir, hökumətdən, heç olmasa, 10 ədədi 1,50 manata satılan fabrik yumurtasının qiymətini cilovlamağı xahiş edirlər.

İstehsalçılar isə özlərində günah görmür, pərakəndə ticarət obyeklərini möhtəkirlikdə ittiham edirlər.

Azərbaycanın əsas quşçuluq və broyler təsərrüfatlarını birləşdirən Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev AzadlıqRadiosuna deyib ki, son bir ayda quşçuluq müəssisələrində yumurta istehsalı 20-25 faiz artıb:

“İstehsal ən yüksək həddinə çatıb. Tələbat da artıb. Burada mövsüm amili də az rol oynamır. Başqa bir tərəfdən müşahidə olunan odur ki, insanlar qırmızı ətdən yumurtaya üz tutublar. Yumurtaya olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Belə bir şəraitdə kimlərinsə qıtlıq haqqında danışması yersizdir”.

Onun sözlərinə görə, son zamanlar bir çox istehsal müəssisələri yumurtanı topdansatış bazalarına vermir, öz nəqliyyat vasitələrilə dükanlara paylayırlar.

“İstehsalçılar hamıya qaimə təqdim edirlər. Bu gün yumurtanın 10 ədədi marketlərə 1,10 manata verilir. Dükan isə öz növbəsində 20 qəpik qazana bilər. Daha yüksək qiymətə yumurta satanlara görə, istehsalçı cavabdeh deyil” - deyən A. Vəliyev xatırladıb ki, haqsız rəqabətə və qiymətlərin süni artımına nəzarət edən dövlət qurumu var və o, qanuni yollarla satıcıları intizama dəvət etməlidir.

Buna da bax: Beynəlxalq Bank böyük zərərdə

Rəsmi statistikaya görə, noyabr ayında yumurtanın 10 ədədinin ölkə üzrə orta qiyməti 1,38 manat olub. Bu, yanvar ayı (0,94 manat) ilə müqayisədə 46,8 faiz çoxdur. Qiymətin kəskin artımına baxmayaraq, istehsalçıların hüquqlarını təmsil edən RQC rəhbəri deyir ki, mövcud fabrik qiymətləri onların ziyanınadır.

Oxşar situasiya quş əti bazarında da müşahidə olunur. A. Vəliyev deyir ki, bu ilin 9 ayında ölkədə quş əti istehsalı 106 min ton olub. Hətta istehsal o həddə çatıb ki, broyler təsərrüfatları hazır məhsulun bir hissəsini anbarlara vurmalı olurlar.

Yerli müəssisələr gündəlik olaraq 1 milyon quş ətini ixrac etmək iqtidarındadır. Amma istehsal bir qədər baha başa gəldiyindən bu, əlverişli deyil. Digər tərəfdən, qonşu bazarlardakı aşağı qiymətlər də buna imkan vermir.

Buna da bax: İlham Əliyev yumurtanın qiyməti haqda (2013)

XS
SM
MD
LG